İdlibdə radikal müxalifət silahı yerə qoydu

İdlibdə radikal müxalifət silahı yerə qoydu
  08 Oktyabr 2018    Oxunub:2973
Türkiyə və Rusiya arasındakı Soçi anlaşmasına uyğun olaraq İdlib bölgəsi daxilində təhlükəsizlik zonasının yaradılması üçün suriyalı radikal müxalifətin tərksilah edilməsi prosesi yekunlaşmaq üzrədir.
AzVision.az xəbər verir ki, bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Qeyd olunur ki, İdlibdə silahlı müxalifətlə Bəşər Əsəd qoşunlarının təmas xətti boyunca ağır silahların və hərbi texnikanın geri çəkilməsi prosesi sürətlənib və artıq bu günün sonunda tərksilah proseduru başa çatacaq. Azad Suriya Ordusu ilə yanaşı, Dəməşqə qarşı çıxan digər silahlı qruplaşmalar cəbhə xətti boyunca yaradılacaq təhlükəsizlik zonasından topları, Qrad raketləri və orta mənzilli digər raketlərin böyük bir hissəsini artıq çıxarıblar.

Həmçinin, Soçi razılaşmasına müvafiq olaraq, tərksilah olunan həmin ərazilərdə patrul aparılmasını təmin etmək üçün Türkiyə Silahlı Qüvvələri müxtəlif növ silah və zirehli texnika cəlb edib.

Qeyd edək ki, 17 sentyabrda Ərdoğanla Putin arasındakı Soçi sazişinə əsasən oktyabrın 15-dən etibarən Suriyanın İdlib bölgəsində silahlı müxalifətlə Bəşər Əsəd qoşunlarının təmas xətti boyunca 15-20 kilometr enliyində təhlükəsizlik zonası yaradılacaq. Bunun üçünsə, oktyabrın 10-dək terrorçular, silahlı müxalifət və hökumət qüvvələri, həmçinin, onlara məxsus ağır hərbi texnika və silahlar həmin zonadan çıxarılmalıdır. İdlibdə yaradılacaq təhlükəsizlik zonasına Türkiyə və Rusiya Silahlı Qüvvələri birgə nəzarət edəcəklər.

Leyla Elbrusqızı
AzVision.az


Teqlər: Türkiyə   Suriya   Rusiya   İdlib  





Xəbər lenti