Siyavuş Novruzov “Qarabağ mitinqi”ni tənqid etdi: “Bu nə düşüncədir?”
AzVision.az xəbər verir ki, bunu Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, hakim Yeni Azərbaycan Partiyası (YAP) İcra katibinin müavini Siyavuş Novruzov parlamentin bu gün keçirilən iclasında deyib.
Millət vəkili qeyd edib ki, Azərbaycan xalqının verdiyi səlahiyyətə uyğun olaraq bu proseslər davam etdirilir: “Burada hansı təzyiqdən söhbət gedə bilər, Qarabağ Azərbaycanındır. Azərbaycan həm danışıqlarda, həm də ordunun gücləndirilməsində və digər məsələlərdə buna hazırlığını sübut edib. Bu il keçirilən iki parad bunun bariz nümunəsidir. Ən müasir silahların nümayiş etdirilməsi bilavasitə mesajdır ki, məsələ sülh yolu ilə həll edilməyəcəksə, digər yollarla da bunu həll etməyə hazırıq”.
S.Novruzov əlavə edib ki, Avropada oturub çağırış edənlərə Azərbaycanda dəstək verilməsi düzgün deyil: “Birinci Qarabağ müharibəsində hər bir azərbaycanlı necə döyüşüb, mübarizə aparıbsa, bundan sonra da belə olacaq. Burada “mənim və sənin” məsələsi ola bilməz. Aksiyaya qoşulmayanları qınağa məruz qoymaq nəyə xidmət edir? Dağlıq Qarabağ münaqişəsi hər hansı futbol meydaçasında həll ediləcək məsələ deyil”.
Anar Kəlbiyev
AzVision.az
Teqlər: Milli-Məclis Siyavuş-Novruzov Qarabağ Mitinq