PJB Əflatun Amaşovun təklifini dəstəklədi

PJB Əflatun Amaşovun təklifini dəstəklədi
  03 Oktyabr 2018    Oxunub:1944
Bu gün Milli Məclisin İnsan hüquqları komitəsinin iclasında deputat, Mətbuat Şurasının sədri Əflatun Amaşov deyib ki, Milli Məclisdə baş verənlər ölkə ictimaiyyətinə olduğu kimi təqdim edilmir.
“Parlamentdə istənilən deputat istədiyi problemi qaldıra bilir və hamı da bunu dinləyir, rəhbərlik də etiraz etmir. İstər sosial şəbəkələrdə, istərsə də ayrı-ayrı müəlliflərin yazılarında Milli Məclislə bağlı dolğun məlumatlar Azərbaycan cəmiyyətinə çatmır. Azərbaycan mediasının Milli Məclislə əlaqələri daha da möhkəmləndirməli və parlamentin nəyə qadir olduğu Azərbaycan cəmiyyətinə çatdırmalıdır”-deyə, Ə.Amaşov bildirib.

AzVision.az xəbər verir ki, Parlament Jurnalistləri Birliyinin (PJB) sədri Elşad Eyvazlı Əflatun Amaşovun təklifini yüksək qiymətləndirib:

“Parlament Jurnalistləri Birliyi 15 ilə yaxındır ki, fəaliyyət göstərir və Milli Məclisin işinin cəmiyyətə düzgün çatdırılması istiqamətində xeyli işlər görür. Artıq PJB bir institut kimi formalaşıb və qəbul olunub. Hesab edirəm ki, PJB-nin elə üzvləri var ki, qanunvericiliyi Milli Məclisin bəzi deputatlarından yaxşı bilir. Əflatun Amaşov bunu bizə dəstək üçün deyib. Biz də bu dəstəyə görə ona dərin minnətdarlığımızı bildiririk”.

E.Eyvazlı bildirib ki, sosial şəbəkələrdə və ayrı-ayrı müəlliflərin parlamentlə bağlı yazdığı yazılar PJB demək deyil:

“Bizim əsas məqsədimiz Milli Məclisin fəaliyyətini cəmiyyətə çatdırmaqdır. Hesab edirəm ki, ortaya bununla bağlı kifayət qədər iş qoyulub. Hətta bəzən PJB üzvləri cəmiyyətdə sorğu keçirir və ictimai rəyi, təklifləri Milli Məclisin deputatlarına çatdırır. Hər halda biz Əflatun Amaşova dərin minnətdarlığımızı bildiririk. Mətbuat Şurasının sədri PJB ilə Milli Məclisin daha sıx əməkdaşlığı üçün bundan sonra da lazım olan dəstəyi bizə verəcək. Sadəcə olaraq bu, o anlama gəlməsin ki, PJB ilə Milli Məclisin sıx əməkdaşlığı yoxdur. Biz istənilən media orqanının nümayəndəsinin sualına parlamentdən cavab ala bilirik. Buna görə də Milli Məclisin rəhbərliyinə və deputatlar da minnətdarlığımızı bildiririk”.

AzVision.az


Teqlər: Parlament   Jurnalist  





Xəbər lenti