Endryu Branson apellyasiya şikayəti verib

Endryu Branson apellyasiya şikayəti verib
  03 Oktyabr 2018    Oxunub:2761
Türkiyədə həbsdə saxlanılan amerikalı keşik Endryu Branson sərbəst buraxılması üçün Türkiyənin Konstitusiya Məhkəməsinə apellyasiya şikayəti verib.
AzVision.az xəbər verir ki, bu barədə Bransonun vəkili İsmayıl Haylavurt bildirib.

“Ev həbsinin aradan qaldırılmasilə yanaşı, səyahət sərbəstliyi məsələsinə baxmamasına rəğmən, xaricə çıxışla bağlı qadağanın da götürülməsi üçün Konstitusiya Məhkəməsinə şikayət edəcəyik. Şikayətimizlə bağlı 12 oktyabrdan əvvəl qərar çıxarılacağını gözləmirəm” – Bransonun vəkili deyib.

Xatırladaq ki, bundan əvvəl İzmir şəhər Ağır Cinayətlər Məhkəməsi amerikalı keşiş Endryu Bransonun ev həbsindən azad olunmasilə bağlı tələbi iki dəfə rədd edib.

Qeyd edək ki, amerikalı keşiş Endryu Branson hazırda Türkiyədə ev dustağıdır. O, Türkiyədə terroru dəstəkləməkdə, həmçinin FETÖ və PKK terror təşkilatları ilə əməkdaşlıqda ittiham olunur. Cinayəti məhkəmə tərəfindən təsdiqlənsə, onu 35 il azadlıqdan məhrumetmə cəzası gözləyir. Vaşinqton onun azadlığa buraxılmasını tələb etsə də, Ankara keşişin həbsinin qanuni olduğu və kifayət qədər dəlillərə əsaslandığını bildirir. Lakin avqustun 1-də ABŞ Maliyyə Nazirliyi Türkiyənin ədliyyə naziri Əbdülhəmid Gül və daxili işlər naziri Süleyman Soylunu insan hüquqlarını kobud şəkildə pozmaqda günahlandıraraq onlara qarşı sanksiya tətbiq edilməsinə dair qərar qəbul edib. Vaşinqtonun bu addımı ikitərəfli münasibətlərdə gərginliyi daha da artırıb.

Avqustun 10-da isə ABŞ prezidenti Donald Tramp Türkiyədən idxal olunan polad və alüminiuma ikiqat ticarət tarifinin tətbiqi barədə qərar verib. Türkiyədən alınan alüminiuma 20%, polada isə 50% gömrük rüsümu tətbiq olunur. Trampın bu qərarı ilə türk lirəsi dollar qarşısında rekord tarixi enişini yaşayıb. Ümumilikdə, bu il ərzində lirə dollara nisbətdə 40 faiz ucuzlaşıb.

Leyla Elbrusqızı
AzVision.az


Teqlər: Türkiyə   ABŞ  





Xəbər lenti