Avtobus və taksidə siqaret çəkənlər cərimələnəcək - Qanun qəbul edildi

Avtobus və taksidə siqaret çəkənlər cərimələnəcək - Qanun qəbul edildi
  01 Oktyabr 2018    Oxunub:3888
Azərbaycanda yetkinlik yaşına çatmayanlara tütün məmulatlarından istifadəyə təklif və ya tələb etməklə onların tütündən istifadə prosesinə cəlb edənlər cərimənələcək.
AzVision.az xəbər verir ki, Milli Məclisin bu gün keçirilən plenar iclasında İnzibati Xətalar Məcəlləsində dəyişiklik layihəsi müzakirəyə çıxarılıb.

Məcəllənin 212-ci (Tütün məmulatının istehlakına dair məhdudiyyətlərə riayət edilməməsi) maddəsinə 3-cü bənd əlavə edilir.

Yeni əlavəyə əsasən, yetkinlik yaşına çatmayanlara tütün məmulatı almaqla, verməklə, tütün məmulatlarından istifadəyə təklif və ya tələb etməklə onların tütündən istifadə prosesinə cəlb edilməsinə görə 100 manat məbləğində cərimə ediləcək.

Eyni zamanda Məcəllənin 212-ci (Tütün məmulatının istehlakına dair məhdudiyyətlərə riayət edilməməsi) maddəsinə 5-ci bənd əlavə edilir. Yeni bəndə əsasən, "Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında" qanunla qadağan edilən yerlərdə (tütün çəkmək üçün təşkil edilmiş xüsusi yer istisna olmaqla) tütün çəkilməsinə şərait yaradılmasına, yaxud tütün çəkilməsinin təklif edilməsinə görə vəzifəli şəxslər 500 manat, hüquqi şəxslər 1200 manat məbləğində cərimə ediləcək.

Tütün məmulatları tullantılarının ətraf mühitə atılmasına görə 50 manat məbləğində cərimə nəzərdə tutulur.

Bundan başqa Məcəllənin 322-ci (Avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşınması qaydalarının pozulması) maddəsinin 0.4-cü bəndinə əsasən, müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə hərəkət edən avtobusda siqaret çəkilməsinə 40 manatdan 50 manatadək məbləğdə cərimə edilir.

Bu cərimə sərnişin daşımaları üzrə ümumi istifadədə olan avtomobil nəqliyyatı vasitəsində və taksi minikv avtomobilində tütün çəkənlərə də tətbiq olunacaq. Layihə səsverməyə çıxarılaraq qəbul olunub.

Anar Kəlbiyev
AzVision.az


Teqlər: Tütün   Cərimə  





Xəbər lenti