Paşinyan utanmadan... - Məmmədyarovun BMT-dəki Qarabağ çıxışı

Paşinyan utanmadan... - Məmmədyarovun BMT-dəki Qarabağ çıxışı
  29 Sentyabr 2018    Oxunub:3409
“Həll olunmamış silahlı münaqişələr, mövcud və ortaya çıxan təhlükəsizlik çağırışları və onlarla bağlı olan humanitar böhran inkişaf tərəqqəsinin əksəriyyətinin geriləməsi təhdidini ortaya çıxarır. Ermənistan və Azərbaycan arasında davam edən silahlı münaqişə beynəlxalq və regional sülh və təhlükəsizlik üçün hələ də əsas təhdid olaraq qalmaqdadır. Münaqişə Azərbaycan ərazisinin beşdə birinin işğalı ilə nəticələnmiş və Azərbaycanda təqribən hər doqquz adamdan birini məcburi köçkün və ya qaçqın etmişdir”.
AzVision.az xəbər verir ki, bunu Azərbaycan Respublikasının Xarici işlər naziri Elmar Məmmədyarov Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının 73-cü sessiyasının ümumi müzakirəsində çıxışı zamanı deyib. Nazir bildirib ki, münaqişə ilk günündən bəri mülki insanlara və infrastruktura təsir etməklə ancaq Azərbaycan ərazisində, demək olar ki ölkənin ortasında aparılıb: “BMT Təhlükəsizlik Şurası 822 (1993), 853 (1993), 874 (1993) və 884 (1993) saylı qətnamələrində Azərbaycana qarşı hərbi gücdən istifadə olunması; belə fəaliyyətlərin qeyri-qanuni və BMT Xartiyasının məqsəd və prinsipləri ilə ziddiyyətli olduğu; bunun Azərbaycanın suverenliyi və ərazi bütövlüyünün aydın pozulmasını təşkil etməsi faktını müəyyən etdi. Digər səlahiyyətli beynəlxalq təşkilatlar tərəfindən qəbul edilmiş çoxsaylı qərarlar və sənədlər eyni xətti təşkil edir. Lakin ilk növbədə Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan torpaqlarında çıxarılması da daxil olmaqla Təhlükəsizlik Şurasının əsas tələbləri hələ də yerinə yetirilməmişdir. Əksinə, Ermənistanın siyasəti və təcrübəsi onun hərbi güc vasitəsilə zəbt etdiyi və geniş miqyasda etnik təmizləmə həyata keçirdiyi Azərbaycan torpaqlarının anneksiyasını təmin etmək niyyətini aydın şəkildə təsdiqləyir.

Ermənistan rəhbərliyində dəyişikliklərdən sonra bəyan edildiyi kimi beynəlxalq hüququn norma və prinsiplərinə, eləcə də beynəlxalq təşkilatların, xüsusilə də BMT Təhlüəsizlik Şurasının qətnamə və qərarlarına hörməti aydın şəkildə özündə ehtiva edən demokratik dəyərlərə tam hörmət siyasətinin işlənib hazırlanması ilə bağlı əvvəlcə bəzi gözləntilər var idi. Təəssüf ki, indiyədək bu istiqamətdə heç bir irəliləyiş müşahidə olunmayıb. Əvvəlki bəyanatlarına zidd olaraq, Ermənistan baş naziri indi də Azərbaycanın Dağlıq Qarabağ bölgəsini utanmadan Ermənistanın tərkib hissəsi kimi nəzərdən keçirməyə çalışır. Bu ilhaqçı iddia nəinki beynəlxalq hüququn norma və prinsiplərinə və BMT Təhlükəsizlik Şurasının qətnamələrinə hörmətsizlikdir, o həm də ATƏT-in Minsk Qrupu və onun həmsədrlərinin vasitəçiliyi ilə aparılan sülh prosesini təhlükə altına alır. Beləliklə, Ermənistan ən yüksək siyasi səviyyədə əsl niyyətinin danışıqlar vasitəsilə münaqişənin həlli deyil, Azərbaycan ərazilərinin qanunsuz işğalının davam etdirilməsi olduğunu nümayiş etdirir”.

XİN rəhbəri qeyd edib ki, Ermənistanda, kənardan bu ölkədə nələrin baş verdiyi anlaşılmayan, ardıcıl qeyri-sabit daxili siyasi inkişaflar olduğundan istisna edə bilmərik və etməyəcəyik ki, Ermənistan baş nazirinin son bəyanatları və fəaliyyətləri yerdə vəziyyətin daha da gərginləşməsi və təmas xəttində və Ermənistan və Azərbaycan arasında sərhəddə hərbi düşmənçilik təxribatların törədilməsi məqsədini güdür: “Ancaq bir şey aydındır ki, bu mənfi senarinin bütün nəticələri tamamilə Ermənistan Respublikasının üzərinə düşəcəkdir. Biz beynəlxalq ictimaiyyəti Ermənistana beynəlxalq hüquqa uyğun olaraq fəaliyyət göstərmək və Ermənistan-Azərbaycan münaqişəsinin həllinə dair qəbul edilmiş BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrini icra etmək ilə bağlı güclü ismarış göndərməyə çağırırıq.

Ermənistan davamlı olaraq münaqişənin həlli prosesinə maneə törədib və bununla yanaşı yerindəcə vəziyyəti gərginləşdirmək üçün müntəzəm olaraq müxtəlif təxribatlara əl atmaqla və yüz minlərlə azərbaycanlı məcburi köçkünün doğma yurd-yuvalarına qayıtmağının qarşısını alaraq və qəsb edilmiş torpaqlarda demoqrafiq, mədəni və fiziki xarakteri dəyişərək işğalı möhkəmləndirməyə çalışmaqla nəticəyə əsaslanan danışıqlara başlamaqdan imtina edirlər. 1949-cu il Cenevrə Konvensiyalarını kobudcasına pozmaqla, Ermənistan Azərbaycanın işğal edilmiş ərazilərində, xüsusilə Suriyadan olan ermənilərin qanunsuz məskunlaşdırılması siyasətini davam etdirir.

Ermənistanın yeni rəhbərliyi anlamalıdır ki, onların Ermənistanın iqtisadi baxımdan inkişaf etmiş və firavan dövlət etməklə bağlı erməni xalqına vədi sülh, mehriban qonşuluq münasibərlərinin qurulması və qonşuların suverenliyinə və ərazi bütövlüyünə hörmət etmədən mümkün deyildir. Nə qədər tez Ermənistan ərazi iddialarını bir kənara qoyacaq və Azərbaycanın ərazilərindən qoşunlarını geri çəkəcək, bir o qədər də tez regionumuzda sülh bərqərar ola biləcəkdir və Ermənistanın inkişaf perspektivləri açılacaqdır.

Onlar indi də demokratiya və Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin ermənilərindən çox danışırlar. O zaman qəddarcasına etnik təmizləməyə məruz qalan və öz doğma yerlərini, evlərini və mülklərini tərk etməyə məcbur qalan Dağlıq Qarabağın Azərbaycanlı əhalisi və ətraf yeddi rayonun Azərbaycanlıları necə olmalıdır? Əgər Ermənistanın yeni rəhbərliyi özünü demokratiya adlandırırsa, o zaman onlar qanunun aliliyi və demokratik dəyərlərə uyğun hərəkət etməli, Təhlükəsizlik Şurasının və digər beynəlxalq təşkilatların müvafiq qətnamələrində tələb olunduğu kimi didərgin düşmüş insanların öz doğma evlərinə geri qayıtmasına imkan verməli və silahlı qüvvələrini Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarmalıdır.

Azərbaycan səmimi qəlbdən inanır ki, sülh, sabitlik və qarşılıqlı faydalı regional əməkdaşlığın alternativi yoxdur və münaqişənin ən qısa vaxtda siyasi həllində və onun nəticələrinin aradan qaldırılmasında ən maraqlı tərəfdir. Eyni zamanda, Azərbaycan Respublikasının Konstitusiyasını pozan və beynəlxalq hüquqa uyğun olmayan münaqişənin həllinə nail olmaq mümkün deyildir. Münaqişənin həlli yalnız beynəlxalq səviyyədə tanınmış sərhədlər çərçivəsində Azərbaycanın suverenliyi və ərazi bütövlüyü əsasında mümkündür”.

AzVision.az


Teqlər: XİN   Qarabağ   BMT  





Xəbər lenti