Məmurluqdan deputatlığa - ARAŞDIRMA

Məmurluqdan deputatlığa - ARAŞDIRMA
  25 Oktyabr 2013    Oxunub:1550
Yolu məmurluqdan Milli Məclisə düşən deputatlar
Milli Məclisdə təmsil olunan deputatlardan əksəriyyətinin keçdiyi həyat yolu mətbuata sirr olsa da bir çoxları zəngin keçmişi, kariyerası ilə seçilir.

Onlardan bir neçəsi indi deputat mandatı daşısa da vaxtilə ölkənin ən yüksək postlarında söz sahibi olublar.

AzVision.az yolu məmurluqdan Milli Məclisə düşən deputatlarla bağlı araşdırma aparıb.

Ədalət Partiyasının sədri, millət vəkili İlyas İsmayılov indiyədək bir çox rəhbər vəzifələrdə çalışıb.

Deputat 1966-cı ildən 1970-ci ilədək Azərbaycan Elmlər Akademiyasının fəlsəfə və Hüquq İnstitutunun kiçik və baş elmi əməkdaşı işləyib, sonra 2 il Pespublika Prokurorunun köməkçisi olub.

O, 1978-ci ildən 1985-ci ilədək Respublika Prokurorunun müavini, həmin vaxtdan 1990-cı ilin sentyabrına kimi Azərbaycan Respublikası Prokuroru olub. 1990-cı ilin sentyabrından 1992-ci ilin yanvarınadək SSRİ Prokurorluğunda şöbə rəisi vəzifəsində çalışıb.

İlyas İsmayılvov 1992-1994-cü illərdə isə Azərbaycan Respublikası ədliyyə naziri olub.

Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri, deputat Sabir Rüstəmxanlı vaxtilə Qaçqınlarla iş komissiyasının sədri, 1991-1995-ci illərdə Mətbuat və İnformasiya naziri vəzifəsini icra edib.

Milli Məclis üzvü Vahid Əhmədov 1992-ci ildə Baş nazirin müavini təyin edilib. 1992-ci ildə həmin vəzifədən azad edilərək, Baş nazirinin birinci müavini təyin edilib. 1993-cü ildə isə tutduğu postdan kənarlaşdırılıb.

Paytaxtın Nərimanov rayonundan seçilən deputat Adil Əliyev 1992-1993-cü illərdə Azərbaycan Respublikasının Hərbi Dəniz Qüvvələrində zabit, 1994-2000-cü illərdə Daxili İşlər orqanlarında müxtəlif vəzifələrdə, Bakı şəhəri Səbail rayon 39-cu polis bölməsində rəis müavini, Nəqliyyatda Baş Polis İdarəsinin Bərə keçid bölməsinin rəisi, Binəqədi rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə bölməsinin rəisi, Yasamal rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsinin rəisi, 2003-2005-ci illərdə isə Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin 16-cı bölməsinin rəisi olub. Hal-hazırda Milli Məclisin üzvüdür.

Deputat Ülvi Quliyev Dövlət Gömrük Komitəsinin şöbə rəisi, “Gömrükçü” İdman Sağlamlıq Mərkəzi baş direktorunun müavini olub.

Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə vaxtilə yüksək vəzifə tutan deputatlardandır. O, 1992-ci ilin iyun-dekabr ayları nevraloji psixogen və psixosomatik xəstəliklər Mərkəzinin direktoru, 1993-cü ilin dekabr-aprel aylarında Prezident Aparatının analitik-informasiya şöbəsinin rəhbəri, 1993-cü ilin aprel-iyul aylarında Prezident Aparatının xarici əlaqələr şöbəsinin rəhbəri və Ermənistanla hərbi münaqişənin həllinə dair danışıqlarda prezidentin xüsusi nümayəndəsi, 1994-cü ilin yanvarından isə 2005-ci ilin aprelinədək Azərbaycan Xalq Cəbhəsi Partiyası sədrinin xarici məsələlər üzrə müavini, 1994-cü ilin fevralından 1998-ci ilədək Demokratiyanın İnkişafı Fondunun təsisçilərindən biri və vitse-prezidenti olub.

Milli Məclisin komitə sədri Ziyad Səmədzadə 1976-1978-ci illərdə Azərbaycan SSR Dövlət Plan Komitəsi Elmi-Tədqiqat İqtisadiyyat İnstitutu direktorunun birinci müavini, 1983-1993-cü illərdə Azərbaycan KP Mərkəzi Komitəsi iqtisadiyyat şöbəsinin müdiri, Azərbaycan Respublikası Ali Sovet sədrinin birinci müavini, Baş nazirin birinci müavini, Dövlət Plan-İqtisad Komitəsinin sədri işləyib.

Prezidentliyə keçmiş namizəd Qüdrət Həsənquliyev Bakı şəhər Nəsimi rayon prokurorluğunda müstəntiq, Azərbaycan Respublikası Dövlət Katibinin köməkçisi, Mərkəzi Seçki Komissiyasının katibi vəzifələrində çalışıb.

Əliağa Hüseynov 1998-2010-cu illərdə Azərbaycan Respublikasının Hərbi Komissarı, 11 noyabr 2009-cu ildən 2011-ci ilin fevral ayına kimi Salyan rayon icra hakimiyyəti başçısı vəzifəsini tutub.

Fəzail Ağamalı 1992-ci ildə Azərbaycan Respublikası sosial təminat nazirinin müavini, 1993–1994-cü illərdə əmək və əhalinin sosial müdafiəsi nazirinin birinci müavini və naziri əvəzi olub.

Arif Rəhimzadə 1987-1989-cu illərdə Quba Rayon Partiya Komitəsinin birinci katibi, 1989-cu ildən Azərbaycan KP MK-nın şöbə müdiri, 1991-ci ildən Azərbaycan Respublikası Ali Sovetinin komissiya sədri, 1993-1994-cü illərdə Azərbaycan Respublikasının Dövlət Müşaviri vəzifələrində çalışıb.

Deputat Xanhüseyn Kazımlı 1994-cü ildən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Baş Qiymətlər İdarəsinin rəisi, 1998-1999-cu illərdə Azərbaycan Respublikası Milli Məclisi Aparatının İqtisadi qanunvericilik şöbəsinin müdiri olub.

Milli Məclisin Sosial Siyasət Komitəsinin sədri Hadi Rəcəbli 1980-ci ildə Lənkəran Şəhər İcraiyyə Komitəsinin sədri olub. 1981-ci ildən Azərbaycan KP MK-nın inspektoru, 1983-cü ildən Şəki Şəhər Partiya Komitəsinin birinci katibi, 1989-1995-ci illərdə Azərbaycan Respublikasının Nazirlər Kabinetində referent, aparıcı mütəxəssis, bölmə müdiri, şöbə müdirinin müavini, şöbə müdiri vəzifələrində çalışıb.

Əli Məsimli də deputatlığa kimi müxtəlif vəzifələrdə çalışıb. O, 1991-ci ildən Azərbaycan Respublikası Prezidenti Aparatının İqtisadiyyatın idarə edilməsinin təşkili şöbəsinin bölmə müdiri, Sosial-iqtisadi inkişaf şöbəsinin baş məsləhətçisi, 1992-ci ildən Azərbaycan Respublikası Xarici İnvestisiyalar Komitəsinin sədri, Azərbaycan Respublikası Baş nazirinin birinci müavini, Dövlət İqtisadiyyat və Planlaşdırma Komitəsinin sədri, Baş nazir əvəzi, iqtisadiyyat naziri vəzifələrində çalışıb.

Nazim Fərəcov 1995-1996-cı illərdə Sumqayıt şəhər Ticarət İdarəsində baş direktor müavini, 1996-1998-ci illərdə Sumqayıt İctimai İaşə Trestinin direktoru vəzifəsində işləyib. O, 1998-2000 illərdə Sumqayıt Dövlət Əmlak Komitəsi Sumqayıt Bölgə Özəlləşdirmə idarəsində rəis müavini işləyib, eyni zamanda Dövlət Əmlakının İdarəedilməsi üzrə Dövlət Komitəsinin İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə mərkəzində baş direktor əvəzi, Əmək və Əhalinin Sosial Müdafiə nazirliyi, Bakı şəhər Əhalinin Sosial Müdafiə idarəsində rəis və Dövlət Sosial Müdafiə Fondunun Sumqayıt şəhər şöbəsində müdiri olub.


Sevinc İltifatqızı


Teqlər:  





Xəbər lenti