Britaniyada məktəb direktorları kütləvi etiraza qalxdı

  28 Sentyabr 2018    Oxunub : 3702
Britaniyada məktəb direktorları kütləvi etiraza qalxdı
Böyük Britaniyada orta məktəb direktorlarının kütləvi etiraz aksiyası keçirilir.
AzVision.az “BBC”yə istinadən xəbər verir ki, Londonun Parlament meydanına toplaşaraq oradan da Britaniya baş nazirinin iqamətgahına doğru etiraz yürüşü keçirən direktorlar şikayətləri, tələb və təliflərinin yazıldığı məktubu təqdim ediblər. Londondakı aksiyaya ölkənin digər– Liverpul, Blekpul, Sauthempton, Brayton və digər iri şəhərlərindəki məktəblərin direktorları da dəstək göstərərək etiraz yürüşü keçiriblər.

Direktorların başlıca şikayəti Britaniya hökumətinin məktəblərə kifayət qədər maliyyə dəstəyi ayırmamasilə bağlıdır. Etirazçılar Britaniyanın Maliyyə Tədqiqatları İnstitutunun statistikasına istinad edərək, 2010-cu ildən etibarən hökumətin hər şagird başına düşən maliyyə dəstəyinin 8% azaldığını diqqətə çatdırıblar.

Aksiya iştirakçıları həmçinin, iş şəraitinin qənaətbəxş olmaması, siniflərdə şagird sayının hədsiz çoxluğu, fənn seçiminin azlığı, mütəmadi kadr ixtisarları, xüsusi qayğıya ehtiyacı olanlara az dəstək göstərilməsi və məktəblərdə mənəvi-dini qayğı xidmətinin olmamasından şikayət edirlər.

Direktorların etirazını Britaniyadakı iri həmkarlar ittifaqları – “Məktəb Direktorlarının Milli Assosiasiyası” və “Məktəb və Kollec Liderlərinin Assosiasiyası” da dəstəkləyiblər.

Britaniyanın Təhsil Nazirliyi isə direktorların şikayət və iradlarının əsassız olduğunu deyərək, 2020-ci ilədək büdcədən ayrılacaq 43,5 milyard funt-sterlinq pulla məktəblərin maliyyələşməsinin rekord həddə çatacağını və dünyada təhsilə xərclənən dövlət vəsaiti üzrə Böyük Britaniyanın 3-cü yerdə olduğunu əks-arqument gətirib.

Leyla Elbrusqızı
AzVision.az

Teqlər: Britaniya   London