Sarkisyan aktiv siyasi fəaliyyətə başlayır - "Qisas planı"

Sarkisyan aktiv siyasi fəaliyyətə başlayır - "Qisas planı"
  27 Sentyabr 2018    Oxunub:4534
Yay aylarındakı durğunluğa son qoyaraq Ermənistanın müxalif Respublikaçılar partiyası uzun fasilədən sonra yenidən partiyanın icra orqanının fəaliyyətini bərpa etmək qərarına gəlib.
AzVision.az Ermənistanın nüfuzlu “Joxovurd” qəzetinə istinadən xəbər verir ki, Respublikaçıların sədri, Ermənistanın istefaya məcbur edilən sabiq prezidenti Serj Sarkisyan yenidən partiyanın iclaslarına başçılıq etməklə “silahdaşlarını” bir araya toplamaq və aktiv fəaliyyətə keçmək qərarı verib.

“Bu gün uzun fasilədən sonra Respublikaçılar partiyası icra orqanının payız sessiyasındakı ilk iclası keçiriləcək. Etibarlı mənbələrimiz bildirir ki, iclasa partiyanın rəhbəri Serj Sarkisyan sədrlik edəcək. Respublikaçılar partiyasının təşkilati işlər üzrə komissiyasının sədri Ruben Tatevosyan bizə məlumat verib ki, bundan sonra partiyanın iclasları hər həftə keçirilməklə müntəzəm xarakter daşıyacaq. Lakin iclasın gündəliyi əvvəlcədən bilinmir və yalnız toplantı zamanı məlum olacaq ki, Sarkisyan partiya üzvlərini nə məqsədlə bir araya gətirir”, – deyə “Joxovurd” yazıb.

Qeyd olunub ki, istefa verdikdən sonra "siyasi qəribliyə" çəkilən Sarkisyanın məhz payızda aktivləşmək qərarı onun baş nazir Nikol Paşinyana qarşı ciddi mübarizəyə hazırlaşdığından xəbər verir. Çünki Sarkisyan kimi "avtoritet" öz ambisiyalarından əl çəkərək bu cür asanlıqla məğlub edilməsilə barışacaq şəxs deyil. Bu mənada, kifayət qədər əlaqələrə və təcrübəyə malik keçmiş prezidentin yeni hökumətə qarşı "qisas planı"nı işə salacağı istisna edilmir. Elə Sarkisyanın Paşinyanın payızda istefa verərək növbədənkənar parlament seçkilərini gələn ilin yazına yox, bu ilin sonuna salacağilə bağlı yayılan məlumatlardan sonra aktivləşməsi də bununla izah edilir.

Erməni KİV-ri yazır ki, parlamentin Paşinyanın nəzarətinə keçməsinin qarşısını almaq üçün Sarkisyan qarşıdakı iclaslarda Respublikaçılar partiyasına ciddi təlimat verərək silahdaşlarına hökumətlə mübarizənin yeni metodlarını təqdim edəcək.

Leyla Elbrusqızı
AzVision.az


Teqlər: Ermənistan   Respublikçılar  





Xəbər lenti