Duma Putinin qalmaqallı qanunla bağlı təklifini qəbul etdi

Duma Putinin qalmaqallı qanunla bağlı təklifini qəbul etdi
  26 Sentyabr 2018    Oxunub:2737
Rusiya Dövlət Duması əhalinin ciddi etirazına səbəb olan qalmaqallı pensiya islahatları barədə qanun layihəsinə dair prezident Vladimir Putinin təklif etdiyi dəyişikləri qəbul edib.
AzVision.az “İnterfax”a istinadən xəbər verir ki, bu gün keçirilən səsvermədə pensiya yaşının qaldırılması hesabına dövlət büdcəsinə qənaət edilməsini nəzərdə tutan qanun layihəsinə dəyişikliklərlə bağlı Putinin təklifi yekdilliklə qəbul olunub və Dövlət Dumasındakı 385 deputatın hər biri onun lehinə səs verib. Daha sonra keçirilən növbəti səsvermədə isə qanun layihəsi dəyişikliklərlə birlikdə ikinci oxunuşda qəbul olunub.

Bununla da, deputatlar qadınlar üçün pensiya yaşının 60, kişilər üçünsə 63 yaşa endirilməsi barədə prezidentin təklifi ilə razılaşıblar. Qanun layihəsinin əvvəlki mətnində isə Rusiya hökuməti qadınlar üçün pensiya yaşının 55-dən 63-ə, kişilər üçünsə 60-dan 65-ə qaldırılmasına qərar vermişdi. Qanun layihəsinin ilkin variantı 19 iyuldakı səsvermə zamanı Dövlət Duması tərəfindən ilk baxışdaca dəstəklənmişdi.

Qeyd edək ki, Rusiyaya qarşı sanksiyalar ölkəni iqtisadi çətinliklərlə üzləşdirdiyinə görə hökumət bir növ kəmər sıxma prosesinə keçid etmək istəyir. Lakin sosial müavinətlərə qənaət hesabına büdcənin doldurulması əhali arasında ciddi tənqidlə qarşılanıb. Sözügedən islahatlar illərdir hökumətin gündəliyində olsa da, indiyədək Putin bu məsələ ilə bağlı heç bir şərh vermək istəməyib.

Ekspertlərin fikrincə, demək olar ki, Putin hakimiyyəti hələ indiyədək bu qədər ciddi silkələnməyib. Sosioloji sorğuların nəticələri də məhz bu qanun layihəsinə görə son 4 ildə Putinin Rusiya vətəndaşları arasında reytinqinin aşağı düşdüyünü göstərib. Bu səbəbdən də, avqustun sonunda Putin pensiya islahatına dair qanun layihəsinin yumşaldılmasını təklif edib.

Leyla Elbrusqızı
AzVision.az


Teqlər: Rusiya   Dövlətduması  





Xəbər lenti