İrandan Trampa məsləhət: Bu işlərdən əl çək!

İrandan Trampa məsləhət: Bu işlərdən əl çək!
  26 Sentyabr 2018    Oxunub:2794
"Əgər ABŞ prezidenti Donald Tramp dünya bazarında neftin qiymətinin artmasını dayandırmaq istəyirsə, onda Yaxın Şərqin işlərinə müdaxilədən imtina etməlidir"
AzVision.az xəbər verir ki, bu fikirləri İranın neft naziri Bijan Zanqane səsləndirib.

“Əgər Tramp istəyirsə ki, neftin qiyməti artmağa davam etməsin və dünya neft bazarındakı balans pozulsun, onda Yaxın Şərqin işlərinə yersiz müdaxilə edərək gərginlik yaratmaqdan əl çəkməli və İran neftinin ixracı və hasilatına əngəl törətməməlidir”, – deyə Zanqane vurğulayıb.

Xatırladaq ki, 20 sentyabrda Tramp özünün "Tvitter" səhifəsində “OPEK monopoliyası dərhal neft qiymətlərini aşağı salmalıdır” yazmışdı. Lakin həftənin ilk günü OPEK+ (OPEK və qeyri-OPEK ölkələri) formatında energetika nazirlərinin monitorinq komitəsinin Əlcəzairdə keçirilən görüşündə OPEK-in lideri olan Səudiyyə Ərəbistanı və təşkilatdan kənarda dünyanın ən böyük neft istehsalçısı olan Rusiya yaxın zamanlarda xam neft hasilatlarını artırmaqdan imtina barədə qərar qəbul ediblər. Bununla da, Trampın neft qiymətlərini azaltmaq üçün tədbir görmək haqda çağırışlarına rədd cavabı veriblər. Nəticədə ABŞ prezidenti ötən gün BMT Baş Assambleyasındakı çıxışında yenidən OPEK-i dünya neft bazarında qiymətləri “süni” şəkildə şişirtməkdə ittiham edib.

Nüfuzlu enerji şirkətlərinin proqnozuna görə, ABŞ-ın İrana qarşı tətbiq edəcəyi enerji sanksiyaları noyabrda qüvvəyə mindikdən sonra, demək olar ki, gündəlik 2 milyon barrel xam neft dünya bazarından çıxarılacaq. Bu da nəticədə ilin sonu, yaxud 2019-cu ilin əvvəlindən başlayaraq neft qiymətlərinin 100 dollara çatmasına səbəb olacaq.

Leyla Elbrusqızı
AzVision.az


Teqlər: İran   Neft   ABŞ   YaxınŞərq  





Xəbər lenti