“ABŞ və İsrailə dağıdıcı zərbə vuracağıq” – İranlı general

“ABŞ və İsrailə dağıdıcı zərbə vuracağıq” – İranlı general
  24 Sentyabr 2018    Oxunub:3111
"Əhvaz şəhərində keçirilən hərbi parada edilən terror hücumuna görə ABŞ və İsrail Tehrandan gələcək dağıdıcı zərbəyə hazır olmalıdır"

AzVision.az xəbər verir ki, İranın İnqilab Keşikçiləri Korpusunun sədr müavini, briqada generalı Hüseyn Səlami bu gün paraddakı terakt qurbanlarının dəfn mərasimindən öncəki çıxışında bu cür xəbərdarlıq edib.
“Siz əvvəllər bizim qisasımızı görmüsünüz. Yenə də görəcəksiniz. Bizim cavabımız əzici və dağıdıcı olacaq. Siz etdiyiniz əmələ görə peşman olacaqsınız”, - deyə iranlı general bəyan edib.

İranın müdafiə naziri Əmir Hatəmi də terrorçuları və onların himayədarlarını İran xalqının qəzəbi və qisası ilə hədələyib. Hatəmi həmçinin, Əhvazdakı terroru ABŞ-ın İrana qarşı iqtisadi müharibəsinin davamı adlandırıb.

Qeyd edək ki, 22 sentyabrda Əhvaz şəhərində keçirilən hərbi parad zamanı terrorçuların mərasim iştirakçılarını atəşə tutması nəticəsində 12-si İnqilab Keşikçiləri Korpusunun hərbçisi olmaqla 28 nəfər həlak olub, 60 nəfər isə yaralanıb. Hücumun məsuliyyətini Səudiyyə Ərəbistanı ilə sıx əlaqələrə malik “Əl Əhvaziyə” terror təşkilatı üzərinə götürüb.

İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif terakta görə bütün məsuliyyəti terrorizmin regional sponsorları və ABŞ-ın üzərinə atıb.

Leyla Elbrusqızı
AzVision.az


Teqlər: İran   ABŞ   İsrail  





Xəbər lenti