Keçmiş döyüşçü medallarla təltif edilib - FOTOLAR

Keçmiş döyüşçü medallarla təltif edilib - FOTOLAR
  22 Sentyabr 2018    Oxunub:9420
Bu gün Azərbaycan Vətən Müharibəsi Veteranlar İctimai Birliyinin Sumqayıt şəhər təşkilatında keçmiş döyüşçü Rövşən Səyyar oğlu Məmmədovun təltif edilməsi ilə bağlı mərasim keçirilib.
AzVision.az xəbər verir ki, tədbiri giriş sözü ilə açan təşkilat sədri, birinci qrup müharibə əlili Temuraz Mansurov birlik barədə məlumat verib.

Qeyd edilib ki, Azərbaycan Vətən Müharibəsi Veteranlar İctimai Birliyi 26 avqust 1994-cı ildə Ulu Öndər Heydər Əliyevin sərəncamına əsasən yaradılıb. Təşkilatın sıralarında 70 min ehtiyatda olan döyüşçü var.

Təşkilatın başlıca fəaliyyəti müharibə veteranlarının, müharibə əlillərinin, şəhid ailələrinin hüquqlarının müdafiəsi, maddi və mənəvi yardımları ilə məşqul olmaq, veteranlara diqqət, qayğı göstərməkdir.



Vurğulanıb ki, ölkə rəhbərliyi tərəfindən veteranlara xüsusi diqqət göstərilir. Təqdimatlar əsasında rəyasət heyətinin qərarı ilə bir sıra veteranlar müxtəlif medallarla təltif olunublar. İstər döyüş meydanlarında fərqlənən, istərsə də ictimai fəaliyyəti ilə seçilən veteranlar daim diqqətdədir. Ümumilikdə Sumqayıt şəhərində 15 nəfər baş idarənin qərarı ilə medalla təltif olunub.



"Bu gün birliyimiz tərəfindən ehtiyatda olan döyüşçü Rövşən Səyyar oğlu Məmmədov həm Azərbaycan Vətən Müharibəsi Veteranlar birliyinin üzvlüyünə qəbul olunub, həm də Ordunun yaranmasının 100 illiyi ilə əlaqədər medal və "Müharibə veteranı" medalı ilə təltif edilib. Rövşən Səyyar oğlu Məmmədov 1991-ci ildən 2000-ci ilədək cəbhə bölgəsinin ən qaynar nöqtələrində xidmət edib və üzərinə düşən xidməti laiqincə yerinə yetirib".



Keçmiş döyüşçü Rövşən Məmmədov göstərilən diqqətə görə təşəkkür edərək, keçdiyi xidmət yolundan söz açıb.

"Döyüşlər başlayan ərəfədə Vladimirski vilayətində akademiyada oxuyurdum. Akademiyanı yarımçıq qoyub vətənə döndüm və orduda xidmətə başladım. Xüsusi təyinatlı hərbi hissədə xidmət edirdim. Xidmət etdiyim hərbi hissə bütün döyüş tapşırıqlarını layiqincə yerinə yetirirdi. Daha sonra Ümumilli Lider Heyder Əliyevin sərəncamına verilən hərbi hissədə xidmət etməyə başladım. Qarşımıza qoyulan bütün döyüş tapşırılarını yerinə yetirdik. Ən son xidmət etdiyim hərbi hissə isə Daşkəsən, Gədəbəy bölgəsində olub. 2000-ci ildə ehtiyata buraxılmışam. Ordudan ehtiyata buraxılsaq da, hər an Ali Baş Komandanın döyüş əmrini gözləyirik. Gənc hərbçilərlə çiyin-çiyinə dayanıb, işğal olunmuş torpaqlarımızı xilas etməyə hazırıq".



Bəxtiyar Məmmədov
AzVision.az


Teqlər: Veteran   Döyüçşü  





Xəbər lenti