Azərbaycanda “Dünyanın ən böyük dərsi”
Dərslərin ölkəmizin məktəblərində keçirilməsi məqsədilə sözügedən materiallar IDEA və UNICEF tərəfindən Azərbaycan dilində hazırlanmış və dərc edilib. Təhsil Nazirliyinin Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunun iştirakı ilə sentyabrın 24-dən başlayaraq bir həftə ərzində Bakı və Xaçmazın 20 orta məktəbinin müəllimləri üçün "Dünyanın ən böyük dərsi"nin tədrisi üzrə təlimlər təşkil ediləcək. Daha sonra təlim keçmiş müəllimlər tərəfindən sözügedən dərsin öz şagirdlərinə keçirilməsi nəzərdə tutulur. Sonda layihədə iştirak etmiş məktəblər “World’s Largest Lesson” internet səhifəsində yerləşən dünya xəritəsində işarələnir. Təşəbbüs Təhsil Nazirliyi, UNICEF və IDEA-nın yüksək səviyyəli nümayəndələrinin iştirakı ilə keçiriləcək yekun mərasimlə başa çatacaq.
2015-ci ildən başlanmış "Dünyanın ən böyük dərsi" təşəbbüsü üzrə indiyə kimi 130-dan çox ölkədən olan milyonlarla uşaq və gənclər Dayanıqlı İnkişaf Məqsədləri, o cümlədən qarşıya qoyulmuş ekoloji, sosial və iqtisadi çağırış və hədəflər haqqında məlumatlandırılıb, bu məqsədlərə nail olunmasında necə iştirak edə bildiyini öyrəniblər.
"Dünyanın ən böyük dərsi" layihəsi ilə bağlı ətraflı məlumat IDEA İctimai Birliyi (012 497 63 16) və ya UNICEF-in Azərbaycan Nümayəndəliyindən (412 492 3013) əldə edilə bilər.
AzVision.az
Teqlər: İDEA