Aprel döyüşlərində yaralanan erməni əsgərlərdən imtina edilib

Aprel döyüşlərində yaralanan erməni əsgərlərdən imtina edilib
  21 Sentyabr 2018    Oxunub:5843
Aprel döyüşləri zamanı Azərbaycan Ordusunun keçirdiyi uğurlu hərbi əməliyyatlar zamanı Ermənistan silahlı qüvvələrinin ağır yaralanaraq ciddi zədələr alan əsgəri Ovannes Poqosyan artıq 4 aydır 1 nömrəli “Qeraçi” xəstəxana kompleksində yerləşən “Vətən müdafiəçilərinin reabilitasiya mərkəzi”ndə müalicə almağa buraxılmır.
AzVision.az xəbər verir ki, bu barədə Ovannesin anası Qayane Asatryan erməni mətbuatına açıqlama verib.

Onun sözlərinə görə, 2016-cı ilin aprelində başından və ayağından ağır güllə yarası alan oğlu dövlətin nəzarətindən kənar qalıb. Müdafiə Nazirliyi və digər icra orqanları isə onların müraciətinə cavab vermir.

“Mərkəzin dirtektoru Aykui Minasyan oğlumun müalicəyə götürülməməsini guya kifayət qədər yerlərinin olmadığı ilə əsaslandırır. Artıq 4 aydır gözləyirik ki, nə vaxt yer boşalacaq. Bu cür ağır yaraları olan oğlum üçün belə uzun müddət gözləmək yolverilməzdir. Çünki oğlumun əzələ sisteminin hərəkətliliyinə pis təsir edir. Onun sağ əli işləmir və sağ ayağını güclə tərpədir. Mənə dedilər ki, növbəyə yazılın və gözləyin, biz özümüz sizə zəng edəcəyik. Təsəvür edirsinizmi, "vətən" üçün öz sağlamlığını qurban verən insan xəstəxanaya düşə bilmir. Cəbhədə yaralanan və sonra müalicə ala bilməyən bu cür əsgərlərimiz çoxdur. Onlar hamısı, eləcə də mənim oğlum dövlətin nəzarətindən kənarda qalıblar”, – deyə Qayane Asatryan vurğulayıb.



Əsgər anası bildirib ki, məsələ ilə bağlı bu gün yenə Müdafiə Nazirliyinə məlumat verib və cavab gözləyir.

Qeyd edək ki, Ovannes Poqosyan bu gün Ermənistanın “Şücaətə görə” medalı ilə təltif edilib. Anası isə 23 yaşlı yaralı oğlunun quru medallara yox, dövlətin qayğısına ehtiyacı olduğunu bildirib. Hətta vurğulayıb ki, prezidentlə görüşdə üzləşdikləri problemlər barəsində şikayət etməmələri barədə onlara xəbərdarlıq edilib.



Erməni əsgərin özü isə jurnalistlərlə söhbətində aprel döyüşləri zamanı yaşadıqlarının bir daha təkrar olunmayacağına ümid etdiyini bildirib. Ovannesin sözlərinə görə, hərbi əməliyyatlar zamanı ermənilər arasında heç bir koordinasiya olmayıb və komandirlər əsgərləri ön cəbhəyə göndərərək onlardan qalxan kimi istifadə ediblər. Döyüşlərdə onların ixtiyarına verilən hərbi texnikalar isə əsasən köhnəlmiş və istifadəyə yararsız vəziyyətdə olublar. “Qorxunc xatirələrdir, heç yadıma salmaq belə istəmirəm. O zaman yeməyə də heç nə tapmırdıq. Çox dəhşətli günlər idi”, – deyə erməni əsgər bildirib.

Əsgər anasının şikayətini ictimailəşdirən erməni KİV-ləri yazır ki, Ermənistanda hakimiyyətin dəyişməsinə və yeni hökumətin əhaliyə vədlər verməsinə baxmayaraq, ordu rəhbərliyi döyüş və qeyri-döyüş şəraitində yaralanan və əlil olan hərbçilərə hələ də yardım etmir. Eyni zamanda, Ermənistanın Müdafiə Nazirliyi təhlükəli yerdə xidmət edən hərbçiləri xəstəlik tapan kimi təxris edir və onların müalicəsindən imtina edir.

Leyla Elbrusqızı
AzVision.az


Teqlər: Azərbaycan   Ordu   Ermənistan   Apreldöyüşləri  





Xəbər lenti