Poroşenkoya qarşı etiraz aksiyası keçirildi

Poroşenkoya qarşı etiraz aksiyası keçirildi
  20 Sentyabr 2018    Oxunub:2905
Ukraynanın paytaxtı Kiyevdə millətçilər Ali Rada (parlament) və prezident Pyotr Poroşenko administrasiyasının binası önünə yığışaraq etiraz aksiyası keçiriblər.
AzVision.az xarici mediaya istinadən xəbər verir ki, bu gün səhər saatlarından Ali Rada önündə toplaşan ultra-sağçı “Milli korpus” partiyasının üzvləri Ukraynanın şərqində Donbass münaqişə zonasındakı hərbi əməliyyatlarda könüllü iştirak edən əcnəbilər üçün Ukrayna vətəndaşlığının verilməsi prosesinin sadələşdirilməsini tələb ediblər.

Əraziyə gələn çoxsaylı təhlükəsizlik qüvvələri etirazçıların parlamentin binasına daxil olmasının qarşını almağa çalışarkən fişəng və butulkalardan istifadə etməklə müqavimət göstərməyə cəhd edən nümayişçilərlə qarşıdurmada olub və bir neçə polis əməkdaşı xəsarət alıb. Etirazçılardan isə xəsarət alan olmayıb.

Daha sonra Konstitusiya meydanından Bankov küçəsinə yürüş edən etirazçılar prezident Pyotr Poroşenko administrasiyasının binası qarşısında “Könüllülərə pasport!” şüarı altında aksiyanı davam etdiriblər. Ukraynanın güc strukturları etirazçıların administrasiya binasına yaxınlaşmasına mane olmaq məqsədilə polis kordonu formalaşdırıblar. Nümayişçilərin tələblərini dinləyib qeydə almaq üçün Poroşenkonun nümayəndəsi onlarla görüşə çıxsa da, etirazçılar şəxsən Poroşenkonun özü ilə görüşüb danışmaq istədiklərini, əks təqdirdə ərazini tərk etməyəcəklərini bəyan ediblər. Hətta onlardan bəziləri özlərini administrasiya binasının hasarlarına qandallayıblar.

Etirazçılar polislə toqquşmaq niyyətlərinin olmadığını və dinc aksiya keçirdiklərini deyiblər. Mümkün qarşıdurmanın qarşını almaq məqsədilə polis əməkdaşları və Milli Qvardiyanın hərbçiləri prezident administrasiyasının ətrafında güclü nəzarət-mühafizə rejiminə keçib.

Leyla Elbrusqızı
AzVision.az


Teqlər: Ukrayna   Kiyev   Donbass  





Xəbər lenti