Avropa Məhkəməsi Ermənistan əleyhinə qərar çıxardı

Avropa Məhkəməsi Ermənistan əleyhinə qərar çıxardı
  20 Sentyabr 2018    Oxunub:3274
Bu gün Avropa İnsan Haqları Məhkəməsi (AİHM) 2008-ci ilin 1 mart hadisələri ilə əlaqədar “Muşeqa Sqatelyan Ermənistana qarşı” işi üzrə qərar çıxarıb.
AzVision.az erməni KİV-lərinə istinadən xəbər verir ki, AİHM Ermənistandakı mart qırğını zamanı zərərçəkmiş Muşeqa Sqatelyanın şikayətini təmin edib və ona qarşı Ermənistanın güc strukturları tərəfindən qəddar münasibət göstərildiyini, effektiv istintaq aparılmadığını və Sqatelyanın həbsinin qanunsuz olduğunu təsdiqləyib.

Avropa Məhkəməsinin çıxardığı qərarla təqsirləndirilən tərəf kimi Ermənistan hakimiyyəti 3 ay ərzində ittihamçı tərəfə - Ermənistan vətəndaşı Muşeqa Sqatelyana vurduğu maddi ziyanın kompensasiya edilməsi üçün 15 min 600 avro məbləğində təzminat, məhkəmə xərcləri üçün isə 5 min avro pul ödəməlidir.

Qeyd edək ki, Muşeqa Sqatelyan 2008-ci ilin fevralındakı seçkilərdən sonra Serj Sarkisyanın prezident seçilməsinə qarşı keçirilən 1 mart kütləvi etirazlarında iştirak etdiyinə görə həbs olunub. Həmin etirazları dağıtmaq üçün Ermənistanın güc strukturları odlu silahdan atəş açaraq 10 nəfər dinc nümayişçini öldürüblər. Sqatelyanın Ermənistan dövlətinə qarşı AİHM-nə şikayəti ona qarşı məhkəmə prosesinin qeyri-şəffaf aparılması və qanunsuz həbsi, o cümlədən, Ermənistan polisinin zorakılığı ilə bağlıdır.

Leyla Elbrusqızı
AzVision.az


Teqlər: Ermənistan   AvropaMəhkəməsi  





Xəbər lenti