BMT-dən kritik açıqlama – Bu, soyqırımdır!

BMT-dən kritik açıqlama – Bu, soyqırımdır!
  18 Sentyabr 2018    Oxunub:1973
Birləşmiş Millətlər Təşkilatı (BMT) Myanmadakı Rohinca müsəlmanlarının soyqırıma məruz qaldıqlarını bəyan edib.
AzVision.az “Washington Post”a istinadən xəbər verir ki, BMT İnsan Hüquqları Şurasının Rohinca müsəlmanlarının qırğını üzrə faktaraşdırıcı missiyası 432 səhifəlik yekun hesabatda Myanmanın Arakan (Rakxayn ) vilayətinin daimi sakinləri olan müsəlman azlıqlara qarşı Myanma ordusunun davranışını soyqırım kimi qiymətləndirib. Belə ki, Myanma ordusunun təcavüzkar hərəkətləri soyqırım aktını təsbit edən 5 maddədən 4-nə uyğun gəlib.

Hesabatda tələb olunur ki, Myanmanın bütün hərbi rəhbərliyi və ordu komandanlığı Rohinca müsəlmanlarına qarşı soyqırım, müharibə cinayətləri və insanlığa qarşı cinayətlərə görə mühakimə olunmalıdırlar. Həmçinin, BMT kimi bir qurumun indiyədək Arakanda baş verən insan dramı və soyqırıma səssiz qalması, Rohincalılara qarşı qırğının ən şiddətli vaxtında sadəcə baş verənlərdən “narahatlıq keçirdiyini” ifadə etməklə kifayətlənməsi ciddi şəkildə qınanıb.

BMT-nin Myanma üzrə faktaraşdırıcı missiyasının üzvləri bu hesabatı 18 aylıq gərgin və hərtərfəli iş, 850-dən çox detallı və dərin təhlilli müsahibələr nəticəsində tərtib edərək belə qənaətə gəliblər. Bununla da, Myanmanın müsəlman azlıqlara qarşı soyqırım həyata keçirdiyi öz təsdiqini tapıb.



Qeyd edək ki, əhalisinin əksəriyyəti buddistlərdən ibarət olan Myanmada hökumət ordusu 2017-ci ilin yayında müsəlman azlıqların yaşadığı Arakan (Rakxayn ) vilayətinə hücum edərək, Rohincalılara qarşı qırğınlar törətmiş, kəndləri yandırmışdı. Arakan Rohinca Qurtuluş Ordusu (Arsa) da öz növbəsində Myanmanın hökumət qüvvələrinə qarşı silahlı müqavimət göstərmişdi.

Arakandakı qırğınlar nəticəsində minlərlə Rohica müsəlmanı qətlə yetirilib, 700 mindən çoxu isə qonşu Banqladeşə qaçıb, yaxud sərhəd əraziyə sığınıblar. Myanma tərəfi bildirib ki, ordu Rohinca “terrorçularına" qarşı döyüşür və etnik təmizləmə aparmaları ilə bağlı iddialar yalandır.

BMT-nin daha əvvəlki hesabatlarına əsasən, Rohincalılar dünyada ən çox təqib olunan və şiddətə məruz qalan etnik azlıqdır. Myanma hökuməti onlara vətəndaşlıq verməkdən imtina edir, çünki Rohinca müsəlmanlarını Banqladeş və digər qonşu ölkələrdən gələn qeyri-leqal miqrantlarlar hesab edirlər. Bir çox ölkələrin mövqeyinə görə, Rohinca müsəlmanlarına qarşı baş verənlər soyqırımdır.



Leyla Elbrusqızı
AzVision.az


Teqlər: Myanma   Rohinca   BMT  





Xəbər lenti