Tehran nüvə sazişinə görə ciddi narahatdır

Tehran nüvə sazişinə görə ciddi narahatdır
  17 Sentyabr 2018    Oxunub:2975
İranla iri güclər arasında bağlanan nüvə sazişini ABŞ-ın birtərəfli qaydada tərk etməsi Yaxın Şərqdəki sülh və təhlükəsizliyə ciddi şəkildə təsir etməyə məhkumdur.
AzVision.az xəbər verir ki, bunu İranın Atom Enerjisi Təşkilatının sədri Əli Əkbər Salehi Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (MAQATE) konfransında çıxışı zamanı deyib. Onun sözlərinə görə, Vaşinqtonun tərk etdiyi nüvə sazişinin aqibəti tam bəlli olmadığından regiondakı təhlükəsizliyə potensial təhdiddir.

“Beynəlxalq birlik tərəfindən demək olar ki, yekdilliklə xəyanətkar addım kimi qiymətləndirilən bu davranış regional və beynəlxalq sülh və təhlükəsizlik üçün çox qorxunc nəticələrə səbəb olmağa məhkumdur. ABŞ-ın sazişdən çıxmasına beynəlxalq birliyin etirazı təkcə Amerikanın birtərəfliliyinə qarşı dərin hiddəti deyil, həm də getdikcə yayılan xaos və mövcud terror təhlükəsi ilə birlikdə bizim regionda olduqca çətin vəziyyətlə bağlı narahatlığı əks etdirir”, – deyə Salehi bəyan edib.

Xatırladaq ki, mayın 8-də ABŞ prezidenti Donald Tramp Amerikanın birtərəfli qaydada Hərtərəfli müştərək fəaliyyət planından çıxdığını bəyan edib. 7 avqustdan etibarən Vaşinqton İranın nüvə proqramı ilə əlaqadar əvvəlki sanksiyalarını bərpa edib. Sanksiyalar İranın avtomobil sektoruna, həmçinin, qızıl və digər metalların satışı sahəsinə tətbiq edilməyə başlayıb. Bununla əlaqədar olaraq, İranın alüminium, polad, qrafit, kömür, həmçinin sənaye müəssisləri üçün kompüter proqramlarının ticarəti dayandırılıb. Sanksiyaların ikinci mərhələsi isə 4 noyabrda qüvvəyə minəcək. Onlar İranın enerji və bank sektorunu əhatə edəcək.

Leyla Elbrusqızı
AzVision.az



Teqlər: İran   ABŞ  





Xəbər lenti