Ermənistan polisi KİV-lərə basqın edib - Məmurların gizli danışığı

Ermənistan polisi KİV-lərə basqın edib - Məmurların gizli danışığı
  17 Sentyabr 2018    Oxunub:4041
Ermənistanın hüquq-mühafizə orqanları bu gün səhər saatlarından başlayaraq “Yerevan.Today” xəbər saytının ofisində və saytın baş redaktorunun evində axtarış əməliyyatları həyata keçirib.
AzVision.az xəbər verir ki, bu barədə saytın redaksiyası məlumat yayıb.

Qeyd olunub ki, axtarışların səbəbi Ermənistanın İstintaq Komitəsi Milli Təhlükəsizlik Xidmətinin rəhbəri Artur Vanetsyanla Xüsusi İstintaq Xidməti rəhbəri Sasun Xaçatryanın gizli səs yazısının yayılması ilə əlaqədardır.

Ermənistan təhlükəsizlik qüvvələri “Yerevan.Today”in həmin səs yazısını digər KİV-lərdən 2 gün öncə yayımladığını iddia edir. Lakin saytın rəhbərliyi bu ittihamın yalan olduğunu deyir və xəbərin başqa medialarla eyni zamanda yerləşdirildiyini bildirir.

Həmçinin vurğulanır ki, nüfuzlu “Qraparak” qəzeti də analoji vəziyyətlə üzləşib. Onlar isə gizli səs yazısını digər KİV-lərdən 5 gün əvvəl yayımlamaqda ittiham olunurlar.

Ermənistanın hüquq-mühafizə orqanları hesab edir ki, hamıdan əvvəl səs yazısını yayan “Yerevan.Today” və “Qraparak” məsələ ilə bağlı öncədən məlumatlı olub. Onların səsi məxfi şəkildə yazan şəxslə birbaşa əlaqəsinin olduğunu ehtimal edilir. Bu səbəbdən də media qurumlarına qarşı yoxlama aparılır.

Xatırladaq ki, məlum səs yazısında Vanetsyanla Xaçatryan ölkənin keçmiş prezidenti Robert Koçaryan və KTMT-nin fəaliyyətdə olan baş katibi Yuri Xaçaturov barəsində açılan cinayət işindən danışıblar. Telefon söhbətində Rusiyanın narazılığını nəzərə alaraq Xaçaturovun əvəzinə günahı sabiq müdafiə naziri Seyran Ohanyanın üzərinə atmağı planlaşdırıblar.

Gizli səs yazısının yayılması ilə əlaqədar Baş Prokurorluqda cinayət işi açılıb, Ermənistanın Xüsusi istintaq Komitəsi isə istintaq aparır.

Leyla Elbrusqızı
AzVision.az


Teqlər: Ermənistan   İstintaq  





Xəbər lenti