"Siyasi məhbus" alverçilərinə Vəkillər Kollegiyasından ağır zərbə

"Siyasi məhbus" alverçilərinə Vəkillər Kollegiyasından ağır zərbə
  08 Sentyabr 2018    Oxunub:4470
Bir neçə gün öncə “Vahid Siyasi Məhbus Siyahısı üzrə İşçi Qrup” yeni “siyasi məhbus” siyahısı hazırlayıb və ora 128 nəfərin adını daxil edib. Halbuki ki, adları daxil edilən şəxslərin hər biri konkret cinayət əməlinə görə həbs olunublar. Digər bir maraqlı məqam isə “siyahı”ya mötəbərlik xarakteri vermək istəyənlərin Vəkillər Kolegiyasının üzvləri Əsabəli Mustafayev və Fariz Namazlını işçi qrupun üzvləri kimi təqdim etməsidir. Görünür, hazırladıqları "siyahı"nın qəbul olunmayacağını əvvəlcədən bildiklərindən belə bir yola gediblər.
Vəkillər Kollegiyası hesabat müəlliflərinə qəti etiraz etməklə bu cür qanunsuz və saxta üsullara son qoymağa çağırıb: “Bu günlərdə bir sıra KİV-də və sosial şəbəkələrdə “Vahid siyasi məhbus siyahısı hazırlanıb” başlıqlı hesabat-yazı işıq üzü görüb. Yazıda deyilir ki, guya “Azərbaycanda vəkillərə qarşı repressiv siyasət aparılır, siyasi məhbuslara hüquqi yardım etmək üçün bir neçə vəkil qalıb, regionlarda müdafiə mexanizmlərinin olmaması ucbatından müdafiə təmin edilmir”.

Eyni zamanda, adı çəkilən hesabatı və siyahını hazırlayan Vahid Siyasi Məhbus Siyahısı üzrə İşçi Qrup üzvlərinin arasında Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının üzvləri Əsabəli Mustafayev və Fariz Namazlının adları qeyd olunub. Bu yazı ilə bağlı Vəkillər Kollegiyası bildirir ki, həmin hesabatla Kollegiyanın “repressiv fəaliyyət”i barədə böhtan xarakterli məlumat verilməklə ictimaiyyətdə elə təsəvvür formalaşdırılmağa çalışılır ki, sanki vəkillər Əsabəli Mustafayev və Fariz Namazlı öz təmsil olunduqları qurumu fəaliyyətinə görə tənqid edirlər”.

Azərbaycan Respublikasının Vəkillər Kollegiyası hesabatı böhtan kimi qiymətləndirib: “Vəkillər Fariz Namazlı və Əsabəli Mustafayev Vəkillər Kollegiyasının Rəyasət Heyətinə yazılı müraciət edərək, qeyd olunan İşçi Qrupun üzvü və hesabatın həmmüəllifləri olmadıqlarını, habelə hesabatda onların imzalarının olmadığını bildiriblər. Hətta müraciət edərək adlarının da bu barədə məlumatlardan çıxarıldığını deyiblər. Vəkillər Kollegiyası təəssüf hissi ilə bildirir ki, hesabatın müəllifləri Vəkillər Kollegiyasının üzvlərinin adlarını İşçi Qrupun üzvləri sırasına daxil etməklə hesabata mötəbərlik xarakteri verməyə cəhd etmiş və Kollegiyanın üzvlərinin adından spekulyativ məqsədlə istifadə etməklə ictimaiyyəti və beynəlxalq təşkilatları çaşdırmağa çalışmışlar. Vəkillər Kollegiyası adı çəkilən hesabat müəlliflərinə qəti etiraz etməklə bu cür qanunsuz və saxta üsullara son qoymağa çağırır”.



Azərbaycan Respublikasının Vəkillər Kollegiyası bəyan edib ki, Kollegiya bundan sonra da ölkə vətəndaşlarının yüksək keyfiyyətli hüquqi yardım almaq hüququnun həyata keçirilməsini və insan hüquq və azadlıqlarının etibarlı müdafiəsi üzrə fəaliyyətini ən yüksək peşəkar standartlara cavab verməklə davam etdirəcək.

Kollegiyanın məlum bəyanatından sonra “siyahı”nı hazırlayanlar, xüsusən Xədicə İsmayıl təşvişə düşüblər. Kollegiya üzvlərinin adını “siyahı”nı hazırlayanlar arasında göstərməklə çirkin niyətlərinə nail ola bilmədiklərindən, ən yaxşı bacardıqları yolu – yalanı və böhtanı seçiblər. Bununla da özlərini təmizə çıxarmağa, həm də “siyahı”ya görə xaricdən alacaqları külli miqdarda vəsaiti təmin etməyə çalşıblar.

Elə Xədicə İsmayılın Vəkillər Kollegiyasının hesabatına kəskin reaksiyası və inkarçı mövqe tutması da bu qəbildəndir. Onsuz ölkə daxilində bir hörmətləri qalmayan bu şəxslər, xaricdəki “nüfuz”larının da yerlə bir olacağını bildiklərindən, dərhal kollegiyanı yalan danışmaqda ittiham ediblər. X.İsmayılın bununla bağlı yazdığı statusa diqqət edək:

“Vəkilər Kollegiyası bəyanat yayıb, Vahid Siyasi Məhbus siyahısı üzrə İşçi Qrupu ittiham edib. Guya biz vəkillər Əsabali Mustafayev və Fariz Namazlinın qrupun üzvü olduğunu qeyd etmişik. Bu, ağ yalandır. İşçi Qrupun üzvləri bəllidir və onların arasında VK üzvü olan vəkil yoxdur. Vəkillər bizim araşdırdığımız işlərdə müdafiəçi qismində çıxış etdikləri üçün biz maraq konfliktini nəzərə alıb, onlara üzvlük üçün müraciət etməmişik. İşçi Qrup heç zaman bu vəkillərin qrup üzvü olduğunu deməyib. Vəkillər Kollegiyasının rəhbərliyi əksini iddia etməklə böhtan atır”.



Başlayaq lap əvvəldən. Məlum siyahını “İşçi qrup” özü yayıb. Yəni “siyahı”nı yayan media qrumlarına özləri göndəriblər. İndi isə deyirlər ki, media yalnışlığa yol verərək, adları çəkilən vəkilləri "İşçi qrup"un üzvü kimi təqdim ediblər. Gülüncdür. Hansısa media orqanı özbaşına bu hesabatı yaya bilməzdi ki, ora Vəkillər Kollegiyasının üzvlərinin adını qeyd etsin də. Digər bir məsələ: medianın burada marağı nədir ki, ora həmin vəkillərin adını qeyd etsin? Absurddur. Məsələyə bir də bu prizmadan baxaq. Adları çəkilən hər iki vəkil “İşçi qrup”da olmadıqlarını mediaya açıqlamlarında və kollegiyaya yazılı müraciətlərində qeyd ediblər.



Bu sualların bircə doğru cavabı var. Vəkillər Kollegiyasının bəyanatında da qeyd olunduğu kimi, “İşçi qrup” qəsdən və yaydıqları “siyahı”ya mötəbərlik donu geydirmək üçün bu yola əl atıblar. Bir sözlə yalan və böhtan atan Vəkillər Kollegiyası yox, Xədicə İsmayıl və başına yığdığı dəstədir.

Bu "siyahı"nın və "İşçi qrup"un ifşasında Vəkillər Kollegiyasının oynadığı rol təqdir olunmalıdır. “İşçi qrup” bundan əvvəlki “siyahı”ları yayarkən əksər hallarda Vəkillər Kollegiyası susqunluq nümayiş etdirirdi. Amma Kollegiyanın yeni rəhbərliyi daha prinsipial və işləkdir. Görünən budur ki, Xədicə İsmayıl və dəstəsi əvvəlki tək "işləyə" bilməyəcəklər.

Hazırlanan “siyasi məhbus” siyahısı və Vəkillər Kollegiyasına üzv vəkillərin adlarında sui-istifadə hallarının baş verməsinə münasibət bildirən “Konstitusiya” Araşdırmaları Fondunun prezidenti, Əfv Məsələləri Komissiyasının üzvü Əliməmməd Nuriyev AzVision.az-a açıqlamasında deyib ki, Vəkillər Kollegiyasının prinsipial mövqeyi bəzilərinin “bazarlarını” kasadlaşdıracaq: "Onlar artıq belə sui-istifadə hallarına yol verməkdən çəkinəcəklər. Əlbəttə bu şəxslər işlərində o qədər "peşəkarlaşıblar" ki, yalan danışmaq adətlərinə çevrilib. Vəkillər Kollegiyasının reaksiyası belə yalanların ifşa edilməsində və vəkillərin məsələlərə daha peşəkar, qanunvericilik çərçivəsində yanaşmasını daha da genişləndirir. Həmçinin bu addım Kollegiyanın vəkillərin arxasında durmasının göstəricilərindən biri kimi qiymətləndirilməlidir”.

Nuriyev vurğulayıb ki, siyahı saxta və yalandır: “Siyasi məhbus mövzusu uzun illərdir Azərbaycanda spekulyasiya mənbəyinə çevrilib. Müstəqillik illərindən bu günə qədər bəzi işbazlar var ki, bu məsələdən məharətlə istifadə edirlər. “Siyasi məhbus” siyahıları hazırlamaqla həm özlərinə yeni maliyyə mənbələri, qrant bazarları əldə edirlər, həm də özlərini bir sıra beynəlxalq təşkilatlara tanıtmağa çalışırlar. Bunların yeganə məqsədi öz şəxsi maraqlarını təmin etməkdən ibarətdir. Eyni zamanda Azərbaycanda kənarda olan bəzi siyasi mərkəzlərin sifarişlərini yerinə yetirməkdir. Çünki belə siyahılarla Azərbaycan dövlətinin imicini maksimum zədələməyə çalışırlar”.



Hüquq müdafiəçisi qeyd edib ki, siyahılara adları salınanlar real cinayət törətmiş şəxslərdir: “Bununla bağlı məhkəmənin qərarları var. Azərbaycan qanunvericiliyi və qoşulduğu benəlxalq konvensiyalar bizə kifayət qədər imkan yaradır ki, insanlar qanunda nəzərdə tutulmuş vasitələrlə öz hüquqlarını müdafiə edə bilsinlər. Əgər doğrudan da onlar təqsirsizdirlərsə, həm daxili, həm də beynəlxalq müdafiə vasitələrindən istifadə edə bilərdilər. Bir çoxları bu imkandan istifadə edir. Amma belə “siyahı”ları hazırlayanlar “peşəkarlaşıblar”. Onlar “siyahı”ya daxil edilmiş şəxslərin ailələri, yaxınları ilə əlaqəyə girirlər və müxtəlif vasitələrlə siyahıların tərkibini daha da genişləndirirlər. Şübhəsiz bu “siyahı”ların ciddi əsasları yoxdur. Konkret şəxslər terrorda biləvasitə iştirak etdiyinə, vətənə, dövlətə xəyanətə, ölkənin siyasi quruluşunu dəyişməyə cəhdə görə məhkum olunublar. Bir çox hallarda ekstremistlər və fundamentalistlərin adlarını görürük. Ona görə, bir daha vurğulayıram ki, bu “siyahı”lar siyasi sifariş və maddi maraqların təmin olunması əsasında hazırlanıb”.

Ə.Nuriyev bildirib ki, Azərbaycan dövləti harada olmasından asılı olmayaraq, öz vətəndaşına diqqətlə yanaşır: “Sonuncu əfv sərəncamında 634-dən artıq şəxs cənab Prezident tərəfindən əfv olundu. O siyahıda bəzi “siyahı”larda adı olan və əfv üçün müraciət edən 12 şəxs də azadlığa çıxdı. Hazırda Azərbaycanda cəzanın humanistləşdirilməsi istiqamətində çox ciddi addımlar atılır. Cənab prezidentin 10 fevral 2017-ci il tarixli sərəncamı əsasında Azərbaycan Respublikasının Cinayət Məcəlləsində 300-dən artıq dəyişiklik baş verdi. Bu dəyişikliklər nəticəsində minlərlə şəxs azadlığa çıxdı və ya cəza müddəti dəyişdirildi. Cəzadan şərti olaraq vaxtından əvvəl azad olunma institutunun təkmilləşdirilməsi ilə bağlı Ədliyyə Nazirlii yanında qrup fəaliyyət göstərir. Həmin qrupun təqdimatları əsasında məhkəmələr işlərə baxıb. Son 4 ildə 7 mindən artıq şəxs cəzadan şərti olaraq vaxtından əvvəl azad olunub və ya cəzası yüngülləşdirilib. Bu proseslər geniş miqyasda gedir. Amma hər kəs bilməlidir ki, etdiyi cinayət əməlinə görə cəza labüddür. Daxili və xarici qüvvələrin məhkəmələrə təsir göstərməsi isə Azərbaycanda heç vaxt baş verməyib və verməyəcək. Ona görə də kimin necə “siyahı” tərtib etməsi yox, məsələyə ədalətli yanaşma əsasdır”.

Ümumiləşdirsək, bundan sonra Xədicə İsmayıl və onun kimilərinin yalanlarının ömrünün 40 gün də çəkməyəcəyini əminliklə söyləyə bilərik.

Elvin Abdulqədirov
AzVision.az



Teqlər: Vəkillər-Kollegiyası  





Xəbər lenti