Avropanın jandarmı olmaq istəmirik – Mərakeş

Avropanın jandarmı olmaq istəmirik – Mərakeş
  07 Sentyabr 2018    Oxunub:2852
Mərakeş hakimiyyəti Avropadan xaric edilərək geri göndərilən miqrantları qəbul etmək üçün ölkə ərazisində sığınacaq mərkəzləri açmaqdan imtina edib. Çünki rəsmi Rabat Mərakeş ərazisinin Avropaya qanunsuz miqrant daşınmasında istifadə olunmasını istəmir.
AzVision.az xəbər verir ki, bu barədə Mərakeşin informasiya naziri Mustafa əl-Həlfi bəyan edib. Bildirib ki, Mərakeş Krallığı diplomatik nümayəndələrlə görüşlər keçirərək Avropanın miqrant probleminin həlli məsələsindəki mövqeyini və rəsmi Rabatın qanunsuz miqrasiya ilə mübarizə strategiyasını avropalı və afrikalı tərəfdaşları ilə növbəti dəfə aydınlaşdırıb.

“Birincisi, mövqeyimiz ondan ibarətdir ki, Mərakeş hökuməti ölkə ərazisində miqrantların sığınacaq mərkəzlərinin yaradılmasına qəti şəkildə etiraz edir. İkincisi və əvvəlkindən heç də az önəm kəsb etməyən mövqeyimiz odur ki, miqrasiya məsələsində Mərakeş Avropa üçün jandarm olmaq istəmir.” – deyə, Mustafa əl-Həlfi qəti şəkildə vurğulayıb.

Nazir onu da əlavə edib ki, qanunsuz miqrasiya ilə mübarizədə Mərakeşin səylərinin dəstəklənməsi üçün rəsmi Rabat Avropa İttifaqını texniki və maliyyə dəstəyi göstərməyə çağırır.

Qeyd edək ki, Avropa qitəsindən yalnız dar Cəbəllütariq boğazı ilə ayrılan Mərakeş artıq neçə ildir ki, Şimali Afrikadan Avropa İttifaqı ölkələrinə keçmək istəyən qanunsuz miqrantlar üçün tranzit ölkə rolunu oynayır.

Leyla Elbrusqızı
AzVision.az


Teqlər: Mərakeş   Avropa  





Xəbər lenti