Ermənistanda hökumət binası önündə etiraz aksiyası keçirilir - VİDEO

Ermənistanda hökumət binası önündə etiraz aksiyası keçirilir - VİDEO
  06 Sentyabr 2018    Oxunub:1989
Hazırda Ermənistan nazirlər kabinetinin növbəti iclasa toplaşması fürsətindən istifadə edən sakinlər hökumət binasının önündə etiraz aksiyası keçirirlər.
AzVision.azerməni KİV-nə istinadən xəbər verir ki, aksiya iştirakçıları aylardır əhali arasında ciddi müzakirələrə və narazılığa səbəb olan Amulsar dağ-mədəninin istismarına qarşı çıxırlar. Onlar baş nazir Nikol Paşinyanın hökumətindən problemin həli üçün konkret tədbirlər görülməsini və Ermənistanın iqtisadi siyasətinə yenidən baxılmasını tələb edirlər.



Qeyd edək ki, Ermənistandakı ekoloji təşkilatlar xəbərdarlıq edib ki, Amulsar dağ mədəninin istismarı ciddi və qarşısıalınmaz ekoloji fəsadlara gətirib çıxara bilər. Bu səbəbdən də Cermuk şəhəri və ona yaxın kəndlərin sakinləri artıq 2 aydan çoxdur ki, aksiya keçirərək şəhərdən 13 kilmetr aralıda yerləşən Amulsar dağ-mədəninə gedən bütün yolları bağlayıblar və onun fəaliyyətinin dayandırılmasını və tələb edirlər. Etirazçılar bəyan edirlər ki, “məxməri inqilab”da Paşinyanla “çiyin-çiyinə savaşıblar” və indi də Paşinyan onların problemini həll etməlidir.

Etirazçıların fikrincə bu, təkcə iqtisadi yox, həm də etimad məsələsidir. Mitinqçilər hesab edir ki, əgər Paşinyan Amulsar dağ-mədənini bağlamasa və məsələ ilə bağlı təcili tədbirlər görməsə, aprel inqilabının ideallarını zədələmiş, onu vəzifəyə gətirən əhalinin isə etimadını birdəfəlik itirmiş olacaq.

Bitməyən etirazlara çözüm tapmaq üçün daha əvvəl baş nazir Nikol Paşinyan “Lidian Ermənistan” şirkətinin nümayəndələri və mədənin istismarının dayandırılmasını tələb edən etirazçılarla görüşüb. Lakin etirazçıların şikayətindən bezən Paşinyan bəhanə gətirərək görüşü tərk edib. Həmin vaxtdan etibarən məsələnin həlli ilə bağlı heç bir addım atılmayıb.

Leyla Elbrusqızı
AzVision.az


Teqlər: Ermənistan   Aksiya  





Xəbər lenti