Prezident Yaponiyanın XİN rəhbərini qəbul edib - Yenilənib
Ölkələrimiz arasında ikitərəfli münasibətlərin çox uğurla inkişaf etdiyini deyən dövlətimizin başçısı bu əlaqələrin siyasi, iqtisadi və digər sahələri əhatə etdiyini vurğuladı. Prezident İlham Əliyev qeyd etdi ki, əməkdaşlığımızın gündəliyi çox genişdir və Yaponiyanın xeyli sayda şirkəti Azərbaycanda kontraktor, investor qismində uğurlu fəaliyyət göstərir. Eyni zamanda, dövlətimizin başçısı iki ölkənin biznes dairələri arasında əməkdaşlığın daha da genişləndirilməsi yollarının müəyyən edilməsinin önəmini də vurğuladı. Ölkəmizin turizm imkanlarına toxunan Prezident İlham Əliyev Azərbaycana gələn turistlərin sayının ildən-ilə artdığını qeyd etdi və respublikamızda turizm infrastrukturunun ən yüksək səviyyədə olduğunu dedi. Dövlətimizin başçısı Yaponiyanın xarici işlər naziri Taro Kononun səfərinin ikitərəfli münasibətlərimizin inkişafına öz töhfəsini verəcəyinə əminliyini ifadə etdi.
Söhbət zamanı kadr hazırlığı məsələlərində təcrübə mübadiləsinin önəmi vurğulandı, iqtisadi sahədə əməkdaşlığımızın genişləndirilməsində investisiyaların təşviqinin və qorunmasının əhəmiyyətindən danışıldı, ölkələrimiz arasında iqtisadi əlaqələrin müxtəlif istiqamətlərdə, o cümlədən kənd təsərrüfatı, turizm və digər sahələrdə genişləndirilməsinin böyük potensiala malik olduğu qeyd edildi.
AzVision.az
Teqlər: İlham-Əliyev Yaponiya XİN