Saakaşvilini kim əvəz edəcək? - Azərbaycanlı deputatlar

Saakaşvilini kim əvəz edəcək? - Azərbaycanlı deputatlar
  23 Oktyabr 2013    Oxunub:1164
`Bidzina İvanişvili Gürcüstan azərbaycanlılarına pislikdən başqa heç nə etmədi`.
Oktybarın 27-də Gürcüstanda prezident seçkiləridir. Prezidenliyə namizədlərin sayı çox olsa da, yalnız iki namizədə maraq çoxdur. Onlardan biri Vahid milli hərəkat partiyasının namizədi David Bakradze, digəri isə “Gürcü arzusu” partiyasının namizədi Georgi Marqvelaşvilidir.

Bəs bu seçkilərdə Gürcüstan azərbaycanlıları kimi dəstəkləyir? Bunu öyrənmək üçün AzVision.az Gürcüstan parlamentində təmsil olunan azərbaycanlı deputatlarla əlaqə saxlayıb.

“Gürcü arzusu” partiyasının üzvi, deputat Əli Məmmədovun sözlərinə görə, Gürcüstanda yaşayan azərbaycanlıların demək olar ki, 90 %-ı Georgi Marqvelaşvilinin prezident olmağını istəyir. O bildirib ki, artıq insanlar Saakaşvili və onun partiyasından narazıdırlar və bunda görə də onun yenidən seçilməsini istəmirlər: “Bir il ərzində yeni hakimiyyət xalq üçün çox iş gördü. Pulsuz məktəblər açıldı, pensiyalar qaldırıldı”.

Ə.Məmmədov bildirib ki, əvvəllər Gürcüstanda yaşayan azsaylı xalqlarda qorxu hissi var idi, seçkilərə qorxu ilə gedirdilər: “İndi isə azaddır və onlar azad öz namizədlərinə səs verə bilirlər. Bu isə yeni hakimiyyətin gördüyü işlərin nəticəsidir”-deyə, hakim partiyadan olan deputat əlavə edib.

Gürcüstan Vahid Milli Hərakatı partiyasının deputatı Azər Süleymanovun sözlərinə görə, azərbaycanlıların iqtidarı və ya müxallifəti dəstəkləməsi barədə konkret nəsə demək düzgün deyil:

“Bütün azərbaycanlılar hər bir partiyada təmsil olunur. Gürcüstan demokratik bir dövlətdir. Hər bir insanın hüququdur ki, istədiyi namizədə səs versin. Bizim apardığımız sorğular onu göstərir ki, əsasən də Marnneuli rayonunu misal göstərə bilərəm ki, Vahid Milli Hərəkat partiyasının namizədinə səs verəcəklər. Rayonun 60%-i onun namizədliyini dəstəkləyir. “Gürcü arzusu partiyası” isə Gürcüstanlılara və eləcə də Gürcüstanda yaşayan azərbaycanlılara bir il ərzində pislikdən başqa heç nə etməyiblər. Bir ilə görə heç bir iş də görmədilər. “Gürcü arzusu” deyilən bir partiya yalnız gürcülərin arzusu kimi qaldı”.

“Gürcü arzusu” partiyasının seçkilərdə şansını dəyərləndirən A. Süleymanov bildirib ki, böyük bir ehtimalla prezident seçkilərində ikinci tur gözlənilir: “Gürcüstan qanunvericiliyinə görə, ikinci tura yalnız birinci və ikinci yeri qazananlar iştirak edə bilər. Prezidentliyə namizədlərdən biri əgər öz namizədliyindən imtina etsə, o zaman avtomatik olaraq bir namizəd qalır. O da dövlətin prezidenti ola bilər. Əgər “Gürcü arzusu” iştirak etməsə, mənə elə gəlir ki, Gürcüstanın prezidenti David Bakradze olacaq”.

Azər Süleymanov onu da əlavə edib ki, həm Vahid Milli Hərəkat partiyası həm də Mixail Saakaşvili Azərbaycan dövlətinin ən yaxın dostudur: “Bildiyiniz kimi, baş nazir Bidzina İvanişvili açıqlamalarında qeyd edir ki, ermənilər mənim ən yaxın dostumdur, heç kim bundan incimisən. Azərbaycanın kompakt yaşayan regionunda bir il ərzində heç bir iş görülmədi. Azərbaycanla bağlı olan layihələrin hamısı dayandırıldı. O deyə bilməz ki, bir il ərzində azərbaycanlılarla bağlı hansısa bir iş görüldü. Tam tərsinə oldu. Azərbaycana qarşı böyük təzyiqlər oldu. Bakı-Tbilisi-Qars dəmiryolu xəttinə, SOCAR-ın özünə və eləcə də digər bütün Azərbaycanla bağlı layihələrə əngəllər yaradıldı, ortadan yeni maneələr çıxartdılar. Mən ümid edirəm ki, Gürcüstanda yaşayan azərbaycanlılar seçkilərdə düzgün seçim edəcəklər”-deyə, A.Süleymanov əlavə edib.

Sevinc İltifatqızı



Teqlər:  





Xəbər lenti