Fuad Ələsgərov: `İslahatlar xalqın dəstəyini qazanıb`

Fuad Ələsgərov: `İslahatlar xalqın dəstəyini qazanıb`
  22 Oktyabr 2013    Oxunub:1169
Azərbaycan Respublikasının nümayəndə heyəti Krans Montana Forumunun oktyabrın 16-19-da Belçikanın Brüssel şəhərində keçirilmiş Transmilli Cinayətkarlıq üzrə Beynəlxalq Sammitinin 15-ci illik sessiyasında iştirak edib.

Tədbirdə yeni terror təhdidləri və onların beynəlxalq biznesə, o cümlədən neft və qaz sənayesinə təsiri, milli infrastrukturun mühafizəsi, korrupsiyaya qarşı mübarizə, kibercinayətkarlığa qarşı mübarizə, milli və beynəlxalq təhlükəsizliyin təmin edilməsi və bu çərçivədə digər aktual məsələlər müzakirə olunub.

Tədbirin açılışında çıxış edən Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov Azərbaycan Respublikası Prezidentinin rəhbərliyi ilə həyata keçirilən hüquqi islahatlar və əldə edilmiş nailiyyətlər, habelə ölkəmizin beynəlxalq terrorçuluğa qarşı mübarizəyə verdiyi töhfə barədə məlumat verib.

O, həmçinin dövlət orqanlarının fəaliyyətində şəffaflığın artırılması, xüsusi olaraq dövlət xidmətlərinin müasir informasiya texnologiyalarından istifadə etməklə, rahat göstərilməsi üzrə tədbirləri qeyd etmiş, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən yaradılmış Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və onun “ASAN-Xidmət” Mərkəzlərinin uğurlu təcrübəsini vurğulayıb.

Fuad Ələsgərov Azərbaycan Respublikası Prezidentinin həyata keçirdiyi iqtisadi və sosial islahatların nəticəsində dünya iqtisadi böhranının ən kəskin dövründə belə Azərbaycanda sabitlik və inkişafı təmin edilib və bu tədbirlər ölkəmizi böhrandan sonrakı dövrdə daha da gücləndirib. İslahatlar xalqın böyük dəstəyini qazanıb. Həmin dəstəyin ən bariz nümunəsi islahatların aparıcı qüvvəsi olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin seçkilərdə təkrar qazandığı möhtəşəm qələbədir.

Sammitin tematik sessiyalarında milli təhlükəsizlik nazirinin müavini Əli Şəfiyev, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov və Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin rəisi Kamran Əliyev məruzə ediblər.

Azərbaycan Respublikası milli təhlükəsizlik nazirinin müavini Əli Şəfiyev çıxışında Ermənistanın Azərbaycana qarşı təcavüzünün və bunun nəticəsində ölkəmizin Dağlıq Qarabağ və 7 ətraf rayonunun işğal edilməsinin, Cənubi Qafqaz regionunda və ona qonşu olan regionlarda digər separatçı rejim və qüvvələrin, terrorçu təşkilatların fəaliyyət göstərməsinin, müxtəlif terrorçu qrupların strateji infrastruktur obyektlərinə müdaxilə cəhdlərinin Azərbaycanın həyata keçirdiyi nəhəng beynəlxalq enerji layihələri üçün əsas təhdidlər olmasını, onların milli və regional təhlükəsizlik mühitinə mənfi təsir göstərdiyinin qeyd edib. O, belə təhdidlərin aradan qaldırılması və terrorçuluqla mübarizənin gücləndirilməsi üçün beynəlxalq səylərin birləşdirilməsinin vacibliyini vurğulayıb.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov “ASAN-Xidmət” mərkəzlərinin fəaliyyəti barədə ətraflı təqdimatla çıxış edib və bu təcrübənin digər ölkələr üçün də dövlət xidmətlərinin göstərilməsində faydalı nümunə ola biləcəyini deyib. O, “ASAN-Xidmət” modelinin korrupsiyaya qarşı mübarizədə sistemli islahat və dövlət xidmətlərinin keyfiyyətinin və səmərəliliyinin artırılmasında əhəmiyyətli vasitə olmasını qeyd edib. “ASAN Xidmət” barədə təqdimat tədbir iştirakçıları tərəfindən böyük maraqla qarşılanaraq müzakirələrə yol açıb.

Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin rəisi Kamran Əliyev Azərbaycan Respublikası Prezidentinin korrupsiyaya qarşı mübarizəni prioritet sahə müəyyən etməsini bildirib və bununla əlaqədar həyata keçirilən silsilə tədbirlər barədə məlumat verib. O, Korrupsiyaya qarşı Mübarizə İdarəsinin fəaliyyətinin genişlənməsi, xüsusilə ona əməliyyat axtarış fəaliyyətini həyata keçirmək səlahiyyətinin verilməsi üzrə görülən işləri tədbir iştirakçılarının diqqətinə çatdırıb.

Tədbirdə həmçinin Azərbaycan Respublikasının Belçika Krallığındakı səfiri və Avropa İttifaqı yanında Daimi Nümayəndəliyinin başçısı Fuad İsgəndərov iştirak ediblər.

Sammit çərçivəsində bir sıra ikitərəfli görüşlər baş tutub. Belə ki, nümayəndə heyəti tərəfindən Krans Montana Forumunun təsisçisi və icraçı direktoru, İSESCO təşkilatının baş direktoru, ATƏT- in Bakı Ofisinin rəhbəri, Rumıniyanın Xarici İşlər Nazirliyinin dövlət katibi, Avropa Parlamentinin Bolqarıstandan olan deputatı və digər rəsmi şəxslərlə görüşlər keçirilib.


Teqlər:





Xəbər lenti