"İki aya vəziyyəti nəzarətə alacağıq" - Ərdoğandan ABŞ-a mesaj

"İki aya vəziyyəti nəzarətə alacağıq" - Ərdoğandan ABŞ-a mesaj
  30 Avqust 2018    Oxunub:2339
“Türkiyə böyük təhlükələri sovuşdurdu, iki aya qalmaz vəziyyəti nəzarət altına alacağıq”

AzVision.az xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ölkəsindəki iqtisadi duruma münasibət bildirərkən deyib.
Məzənnədəki dalğalanmaların qarşısını almaq üçün bir sıra tədbirlərin görülüdüyünü vurğulayan Ərdoğan, proses zamanı Türkiyəyə dəstək göstərən başda Almaniya olmaqla, Avropa İttifaqına təşəkkür edib.

“Bu müddət ərzində böyük təhlükələri sovuşdurduq. Bir sıra qərarlar qəbul etdik, görüşlər keçirdik. İki aya qalmaz vəziyyəti nəzarət altına alacağıq. Bu prosesdə başda Almaniya olmaqla, Avropa İttifaqı ölkələrinin dəstəyi çox önəmli idi. Angela Merkel mənə birbaşa zəng edərək, açıq dəstək verdi. Dedi ki, istəyirsinizsə, nazirimi göndərim. Onların bu mövqeyi çox önəmli idi. Bununla da Türkiyədə baş verəcək problemlərin, bütün Avropaya təsir etməsinin qarşısı alındı”, - deyə Ərdoğan ABŞ-a mesaj ünvanlayıb.

Türkiyə prezidenti qeyd edib ki, iqtisadi çətinlikləri aradan qaldırmaq üçün Qətər və Küveytlə təmasda olublar: “Bu ölkələrdən iqtisadi dəstək əldə etdik. Ancaq onlara da dolayısı ilə müəyyən təzyiqlər göstərilib”.

Ərdoğan Rusiya prezidenti Vladimir Putinin verdiyi siyasi dəstəyin, İran rəhbərliyinin mövqeyinin çox dəyərli olduğunu vurğulayıb.

Kənan Məmmədov
AzVision.az


Teqlər: Ərdoğan   Türkiyə  





Xəbər lenti