Merkel Bakıya niyə gəlmişdi? - Politoloq şərh edir

Merkel Bakıya niyə gəlmişdi? - Politoloq şərh edir
  27 Avqust 2018    Oxunub:4106
Almaniya kansleri Angela Merkel Cənubi Qafqaz turnesi çərçivəsində avqustun 25-də Azərbaycanda səfərdə olub. Nüfuzlu xanım siyasətçinin bölgəyə səfəri nəinki Azərbaycanda, beynəlxalq müstəvidə bir çox maraqlı suallar doğurur.
Almaniya kanslerinin Azərbaycana səfərini AzVision.az-a şərh edən politoloq Sahil İskəndərov hesab edir ki, məsələyə ilk növbədə Avropa İttifaqının yeni qonşuluq siyasəti kontekstində baxmaq lazımdır. Onun sözlərinə görə, Avropa İttifaqının əvvəlki komissiyası zamanında Brüsselin tutduğu mövqe o qədər də ürəkaçan deyildi:

“Bu baxımdan Avropa İttifaqının təşəbbüsü ilə ortaya atılan Şərq Tərəfdaşlığı Proqramı layihəsi özünü bir növ doğrultmadı. Son məqamda ABŞ-Avropa İttifaqı, ümumən Almaniya arasında münasibətlərin gərginləşməsi fonunda düşünürəm ki, Merkel post-Sovet məkanında ölkəsinin nüfuzunu yenidən canlandırmağa çalışır. Bu kontekstdə Putin-Merkel görüşü də bir sıra məqamlara aydınlıq gətirir. Hesab edirəm ki, əsas məqsəd Cənubi Qafqazda Almaniyanın nüfuzunu artırmağa yönəlib”.



S.İskəndərov qeyd edib ki, Almaniya kanslerinin Azərbaycana səfəri tarixi əhəmiyyət daşıyır:

“Kansler Angela Merkel özü Azərbaycana ilk dəfə səfər etdiyini vurğuladı. Bu baxımdan uzun illərdir kansler olan Merkelin Azərbaycana səfərini tarixi adlandırmaq olar. Almaniya sərmayəsi dünyada çox fəaldır. Ona görə düşünürəm ki, regionun lideri olan Azərbaycanla bu müstəvidə rəsmi Berlinin əməkdaşlığa can atması təbii haldır. Azərbaycan-Almaniya münasibətlərinin dərinləşdirilməsində bu səfər əhəmiyyətli faktor kimi rol oynaya bilər. Digər bir faktor isə energetika sahəsidir. Almaniya Avropa İttifaqının lokomotivi kimi Cənub Qaz Dəhlizinin reallaşmasında maraqlıdır. Azərbayacan prezidenti İlham Əliyev də bu məsələ ilə bağlı vurğuladı ki, buna Qərbin özünün marağı olmalıdır. Bu baxımdan hesab edirəm ki, Angela Merkelin Azərbaycana səfəri kəşfiyyat xarakteri daşıyırdı. Amma, ölkə başçısının da qeyd etdiyi kimi fəallıq Avropadan edilməlidir. Sərmayə onlar tərəfindən qoyulmalıdır. Düşünürəm ki, məsələ texniki həllini taparsa, Almaniyanın özü Trans-Xəzər layihəsinin maliyyələşməsində yaxından iştirak etməyə və orada paya sahib olmağa çalışar. Bu layihələrin reallaşması, nəinki Azərbaycan-Almaniya, habelə Azərbaycan-Avropa İttifaqı münasibətlərinin yeni keyfiyyət müstəvisinə qalxmasında bu səfərin böyük əhəmiyyəti olacaq”.



Politoloq bildirib ki, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Almaniya kanslerinin mövqeyi gələcəkdə böyük əhəmiyyət daşıya bilər: “Brüsselin bəyanatı var ki, Cənubi Qafqazdakı münaqişələr ikitərəfli və çoxtərəfli əməkdaşlığın inkişaf etdirilməsinə əngəl yaradır. Angela Merkelin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı fikirlərinin isə gələcəkdə böyük rolu və əhəmiyyəti ola bilər. Almaniya ATƏT-in Minsk qrupunun üzvüdür. Angela Merkel İrəvanda və Bakıda bəyan etdi ki, Almaniya münaqişənin həll olunması üçün çox maraqlıdır. Amma bu təkcə Almaniyanın iradəsindən asılı deyil. Çünki həmsədr dövlətlərin də bunda marağı olmalıdır. Zaman-zaman Almaniya belə bəyanatlar verir. Bu, bir daha göstərir ki, Almaniya həm münaqişələrin həlli, həm də regionda nüfuzunun artmasında maraqlıdır. Ona görə Almaniya Avropa İttifaqının aparıcı iqtisadi dövləti və NATO-nun önəmli üzvü kimi münaqişənin həllinə öz töhfəsini bilər”.



S.İskəndərov vurğulayıb ki, belə səfərlərin intensivliyi sonda keyfiyyət dəyişikliyinə səbəb ola bilər: “Qeyd olunan məsələlərdən irəli gələrək söyləyə bilərəm ki, Angela Merkelin Azərbaycan səfəri vacib idi. Azərbaycan-Almaniya biznes müstəvisində əməkdaşlığının, alman kapitalının ölkəmizə yatırılmasının həcminin böyüməsi çox böyük əhəmiyyətə malik idi”.

Elvin Abdulqədirov
AzVision.az


Teqlər: Merkel   Almaniya   Politoloq  





Xəbər lenti