Milli Məclisdə almaniyalı deputatlarla görüş keçirilib

Milli Məclisdə almaniyalı deputatlarla görüş keçirilib
  25 Avqust 2018    Oxunub:1943
Avqustun 25-də Milli Məclisin Almaniya ilə parlamentlərarası əməkdaşlıq üzrə işçi qrupu üzvlərinin Almaniya Bundestaqının deputatlarından ibarət nümayəndə heyəti ilə görüşü oldu.
Milli Məclisdən AzVision.az-a verilən məlumata görə, Milli Məclisin deputatı Xanlar Fətiyev qonaqları salamlayaraq bildirdi ki, ölkələrimiz arasında münasibətlərin inkişaf etdirilməsində qarşılıqlı səfərlər mühüm rol oynayır. O, Almaniya ilə siyasi, iqtisadi, humanitar sahələrdə əməkdaşlığın yüksələn xətlə inkişaf etdiyini söylədi.

Görüşdə çıxış edən deputat Asim Mollazadə qeyd edib ki, cari ildə almanların Azərbaycana gəlişinin 200 illiyi qeyd olunur. İllər öncə ölkəmizə köçmüş almanlar burada qardaşlıq, əmin-amanlıq şəraitində yaşayırlar. Millət vəkili Dağlıq Qarabağ münaqişəsi barədə söhbət açaraq söylədi ki, torpaqlarımızın 20 faizi Ermənistan tərəfindən işğal olunub. Bu gün Gürcüstan, Moldova, Ukrayna eyni problemlə üzləşib. Bu, bizim müstəqillik mübarizəmizdir. Azərbaycan demokratiya yolunu seçib, insan azadlıqlarının qorunması bizim üçün çox vacib amildir.

Almaniya Bundestaqının Xristian Demokratlar İttifaqı fraksiyasının sədr müavini Johann Vadephul səmimi görüşə görə təşəkkürünü ifadə etdi. Diqqətə çatdırıldı ki, nümayəndə heyətinin tərkibində Bundestaqın bütün fraksiyalarının üzvləri təmsil olunublar. Qonaq bildirdi ki, ölkələrimiz beynəlxalq müstəvidə, bir çox mötəbər təşkilatlarda, o cümlədən Avropa Şurasında əməkdaşlıq edirlər. O, qeyd etdi ki, iki ölkə arasında iqtisadi əlaqələr yüksələn xətlə inkişaf edir. Azərbaycan Cənubi Qafqazda Almaniyanın vacib ticarət tərəfdaşıdır. Johann Vadephul vurğuladı ki, Azərbaycan iqtisadiyyatı dinamik inkişaf edir, xüsusilə enerji sahəsində böyük nailiyyətlər əldə olunub. Bu, Almaniya şirkətləri üçün geniş imkanlar yaradır.

Almaniya Bundestaqının üzvü bildirdi ki, Dağlıq Qarabağ münaqişəsinin həlli önəmli məsələdir. Bizim mövqeyimiz ondan ibarətdir ki, problem beynəlxalq hüquq normaları çərçivəsində həll olunmalıdır. Almaniya münaqişənin aradan qaldırılması istiqamətində səy göstərməyə hazırdır.
Söhbət zamanı parlamentlər arasında, o cümlədən dostluq qrupları səviyyəsində əlaqələrin inkişafı, ölkələrimizin ikitərəfli və beynəlxalq təşkilatlar çərçivəsində səmərəli əməkdaşlığının genişləndirilməsi barədə fikir mübadiləsi aparıldı.

Görüşdə Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov, millət vəkilləri Sevin Fətəliyeva, Malik Həsənov, Almaniya Bundestaqının Xarici əlaqələr komitəsinin üzvləri Barbara Hendriks, Armin-Paulus Hampel, Azad Demokrat Partiyası fraksiyasının sədr müavini Frank Sitta, Şərqi Avropaya doğru xarici siyasət üzrə fraksiyanın sədri Manuel Sarrazin, İnkişaf siyasəti üzrə fraksiyanın sədri Helin Sommer və digər rəsmi şəxslər iştirak edirdilər.

AzVision.az


Teqlər: Milli-Məclis   Almaniya   Deputat  





Xəbər lenti