Filippin prezidenti Çini müharibə ilə hədələdi

  24 Avqust 2018    Oxunub : 2283
Filippin prezidenti Çini müharibə ilə hədələdi
Çinin Cənubi Çin dənizində neft axtarışına çıxması silahlı müharibəyə səbəb olacaq.
AzVision.az xəbər verir ki, Filippin prezidenti Rodriqo Duterte bu barədə Pekinə xəbərdarlıq edib.

Pekinin Cənubi Çin dənizində yerləşən adalarda bəzi şübhəli fəaliyyətlərlə məşğul olduğunu və neft axtarışına çıxdığını deyən Duterte regiondakı gəmilərin hərəkətlərini peyk vasitəsilə izləyəcəklərini bəyan edib.

Filippin prezidenti vurğulayıb ki, Çin mübahisəli adalardakı təbii resurslara sahiblənməyə cəhd etdiyi müddətcə problemlər yaranacaq və Pekinin bu davranışları silahlı müharibəyə yol açacaq.

Qeyd edək ki, Çin 1947-ci ildə yayımladığı xəritə ilə Cənubi Çin dənizi bölgəsinin 80 faizi üzərində leqitim hüquqa malik olduğunu iddia edib. Dənizdə yaratdığı süni adalarda hərbi bazalar qurmaqla Pekin mübahisəli ərazilərdə mövqeyini gücləndirməyə çalışır. Hazırda Cənubi Çin dənizi regionunda Çin və Filippinlə yanaşı, Vyetnam, Bruney, Kamboca, Tailand, Sinqapur və Malayziyanın ərazi iddiaları var. Region ölkələrindən başqa, ABŞ da Çinin bu bölgədə möhkəmlənməsinə qarşı çıxır. Hazırda Cənubi Çin dənizi regionu bir neçə ölkənin cəlb olunduğu dünyanın ən təhlükəli potensial münaqişə zonalarından sayılır.



Cənubi Çin dənizini bu qədər önəmli edən isə onun zəngin sərvətləri və strateji əhəmiyyətidir. Bu dəniz vasitəsilə dünya su daşımalarının 1/3-i həyata keçirilir və hər il burada 3 trilyon dollarlıq ticarət mübadiləsi aparılır. Zəngin dəniz flora və faunası ilə cənub-şərqi Asiyadakı milyonlarla insanın qida təhlükəsizliyini təmin edir. Cənubi Çin dənizinin dibində iri həcmdə neft və qaz ehtiyatlarının olması barədə iddialar isə buranın əhəmiyyətini və onun uğrunda mübarizəni daha da artırıb.

Leyla Elbrusqızı
AzVision.az

Teqlər: Filippin   Çin