Jurnalistlərin politoloq problemi: “Nə inanırıq, nə də etibar edirik” - SORĞU

Jurnalistlərin politoloq problemi: “Nə inanırıq, nə də etibar edirik” - SORĞU
  21 Oktyabr 2013    Oxunub:1114
El arasında maraqlı bir deyim var: hamı siyasətlə məşğul ola bilməz, amma danışa bilər.
Bu fikirlər daha çox siyasətçilərin işinə proqnoz verən politoloqların fonunda öz əksini tapır. Azərbaycan reallığında bəzən politoloqla siyasətçini aird etmək o qədər də asan olmur.

Jurnalistlər siyasət, ölkədə baş verən ictimai-siyasi proseslər, onların gələcək inkişafı barədə danışmağı adətən politoloqların öhdəsinə buraxır, onların proqnozlarını qələmə alaraq oxuculara çatdırırlar. Bəzən politoloqların şərhləri özünü doğruldur, bəzənsə hadisələr tam əksinə cərəyan edir.

Bəs, ölkəmizdə proseslərin uğurlu təhlilini aparıb, düzgün proqnozlar verən kifayət qədər politoloq varmı?

Ən əsası həmkarlarımız onların ümumi səviyyəsindən, təhlillərindən, şərhlərindən razıdılarmı?

Bu sualı bir neçə jurnalsitə ünvanlayıb kiçik sorğu apardıq. Həmkarlarımızın bəzisi politoloqlardan razı olsa da, bəzisi bu sahədə də peşəkarların az olduğunu dedi.

“Onlar hər şeydən danışır, amma heç nə deyə bilmirlər”

“Azadlıq” qəzetinin əməkdaşı Sevinc Vaqifqızı politoloqlarımızdan narazıdır. O politoloqlara inanmadığını deyib: “Azərbaycanda indiyə qədər heç bir politoloqun verdiyi proqnozlar düz çıxmayıb. Ona görə inanmıram”.

“Qafqazinfo.az” saytının siyasət yazarı Günel Türksoy isə qələmə aldığı mövzu ilə bağlı danışa biləcək politoloq tapmaqda çətinlik çəkdiyini bildirib:

“Azərbaycanda siyasi institutların formalaşmasına və yeni politoqların meydana çıxmasına çox ciddi ehtiyac var: Baxın, bizimlə qonşu olan ölkələrdə məsələn, Rusiya, Gürcüstan, hətta Ermənistanda da belə beyin mərkəzləri kifayət qədərdir. Onlara hətta mövcud hakimiyyətlərə təsir etmək gücündədir. Qərb ölkələri və Avropada olan beyin mərkəzlərinin fəaliyyəti onsuz da göz qabağındadır. Ölkəmizdə isə vəziyyət acınacaqlıdır. Mən hər hansı mövzu ilə bağlı danışa biləcək politoloq axtarmaqda çətinlik çəkirəm. Bizim üzdə olan bir-iki tanınmış politoloq var ki, onların da təhlilləri məni qane etmir”.

Jurnalist hesab edir ki, ölkədə hadisələrə məntiqli və daha geniş prizmadan baxa bilən yeni nəsil politoloqlar yetişməlidir: “Bizim üzdə olan politoqlarmız hər mövzuda danışanlardır. Amma verdikləri proqnozlar da nəticə etibarilə məntiqli və düzgün olmur. Ya hər hansı prosesə, və yaxud ölkəyə qarşı çox radikal mövqedədirlər, ya da tam əksinə. Deyə bilərəm ki, onlar hər şeydən danışır, amma heç nə deyə bilmirlər”.

“Hafta.az” saytının müxbiri Murad Əhməd azərbaycanlı politoloqlardan razıdır: “Tənqid edəsi bir faktım yoxdur. Politoloqlardan razıyam”.

“Lent.az” saytının əməkdaşı Anar Məcizadə isə bu fikirdədir ki, peşəkar politoloqların sayı azdır: “Ümumiyyətlə, indi ixtisasından asılı olmayaraq çoxları özünə politoloq deyir. Təəssüflər olsun ki, bəzi media nümayəndləri də həmin şəxsləri ictimiyyətə "tanınmış politoloq" kimi təqdim edirlər. Ancaq onların əksəriyyətinin fikirləri nə cəmiyyət üçün maraqlı olur, nə də həqiqətə uyğun olur. Verdikləri siyasi proqnozlar da özünü doğrutmur. Doğrudur, peşəkar politoqlarımız da var--onların sayı isə barmaqla sayılası qədərdir”.

Jurnalistlərdən politoloqlara məsləhət

“New Baku Post” qəzetinin siyasət yazarı Pərvanə Sabirqızı da düşünür ki, peşəkar politoloqlar azdır: “Əsl politoloq olmaq çətindir, illərin təcrübəsi və dünyada eləcə də ölkədə baş verən hadisələri yaxından izləyib təhlil etmək lazımdır. Azərbaycanda politoloqlar var, amma peşəkarlar kifayət qədər deyil. yenilərinə isə özlərini doğrultmaq üçün zamana ehtiyyac var”.

“Mediaforum.az” saytının əməkdaşı İmdad Əlizadə isə vurğulayır ki, ölkəmizdə soyuqqanlı nəticə çıxarmağı bacaran politoloqların sayı çox azdır: “Ümimiyyətlə Azərbaycanda savadlı, təcrübəli, dünyagörüşü geniş olan, ölkədə, dünyada gedən proseslərdən tam və hərtərəfli məlumatlı, proseslər arasında əlaqə qurmağı bacaran, soyuqqanlı nəticə çıxarmağı bacaran politoloqların sayı çox azdır. Ən əsası isə müstəqil politoloq tapmaq çətindir. Bu xüsusən də daxili siyasətə aid məsələlərin şərh olunmasında özünü göstərir. Bir neçə politoloq hər şeyin əla olduğunu, bir qrup isə bunun tam əksini söyləyir. Ona görə də bizdə ilk növbədə müstəqil politoloq qıtlığı var”.

İ.Əlizadə hesab edir ki, burada qismən mətbuat da günahkardır: “Bəlkə bu sahədə mətbuatın da müəyyən günahı var. Mətbuat cəmiyyətə yeni simalar təqdim etməldir. Təbii ki, yeni simalar özləri meydana çıxsa, bunu arzulasalar. Bəzən də siyasətçi ilə politoloqlar bir-birinə qarşıdırlılr. Əslində bunklar bir qədər fərqli işlərdir. Siyasətçinin prosesdə marağı var və onu öz istəyinə uyğun şərh edir. Amma politoloq belə etməməlidir”.

“Azərbaycanda “hərşeyşünas” politoloqlar var”

“Trend” İnformasiya Agentliyinin müxbiri Murad Əliyev politoloqlardan ümumilikdə razıdır: “ Azərbaycanda hazırda olan politoloqların sayından ümumən götürsək razı qalmaq olar, müxtəlif düşərgələrdə asan əlaqə saxladığımız politoloqlar çoxdur. Digər tərəfdən bizdə politoloqların cəmləşib müzakirə apardığı mərkəzin olmaması narahat edir. Əvvəl RİA Novostidə belə politoloqlar klubu var idi, mətbuat nümayəndələri bir neçə politoloqun bir mövzu ətrafında disskussiyasını dinləyirdi, suallarını verirdi. Lakin, son zamanlar o da təşkil olunmur. Bir də politoloqlarımızın çoxunda ya tamamilə müxalif, ya iqtidar yönümlü şərhlər verirlə, çıxışlar edirlər. Düşünürəm politoloqlarımız fəaliyyətlərinə biraz kreativlik əlavə etməlidirlər”.

“Gündəlik Teleqraf” qəzetinin siyasət yazarı Nərgiz Cavadzadə deyir ki, politoloq “hərşeyşünas” olmamalıdır: “Bizdə politoloq yanlış anlaşılır. İstər politoloqun özü, istərsə də jurnalist düşünür ki, siyasi şərhçi istənilən mövzuda danışmalıdır. Təəssüf ki, Azərbaycanda bu cür “hərşeyşünas” politoloqlar var. Fikrimcə, politoloq hər hansı hadisə olubsa bir neçə mənbənin məlumatı ilə tanış olub analiz etməlidir. Bəzən müraciət etdiyin şərhçinin hadisədən məlumatı belə olmur”.

N.Cavadzadə politoloqları ayrılıqda belə dəyərləndirir: “ Politoloq Zərdüşt Əlizadə ərəb dilini bildiyindən ərəb mənbələri ilə çox yaxşı işləyir. Tunis, Misir, Suriya hadisələrində onun əməyi böyük idi. Jurnalistlər hətta gün ərzində 4-5 dəfə ona müraciət edirdi. Tanınmış politoloq Vəfa Quluzadənin şərhlərinə həmişə maraq var və ictimaiyyətin inandığı şərhçilərdən sayılır. Amma jurnalistlər arasında o, “Rusiyanın qənimi” kimi tanınır.
Rasim Musabəyov isə telefonla kiçik açıqlama verməkdə belə xəsislik edir. O yalnız canlı müsahibəyə üstünlük verir. Jurnalist isə qısa şərh üçün vaxt və uzun yol qət etməyə ərinir.
Elxan Şahinoğlunun yanaşmaları maraqlı olur”.

Jurnalist hesab edir ki, ümumilikdə savadlı politoloqlar olsa da çox az sayda ixtisaslaşmış kadrlar var: “Məsələn, istərdim ki, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı beynəlxalq konvensiyaları bilən, o cümlədən yüksək analiz qabiliyyəti olan gənc politoloqlar olsun. Ən pisi isə odur ki, mətbuat işçiləri üzdə olan bir neçə politoloqun fikrinə önəm verir. Biz ictimaiyyətin tanımadığı amma çox savadlı şərhçilərin fikirlərini öyrənməyə meylli deyilik”.


Fatimə Kərimli


Teqlər:  





Xəbər lenti