İlham Əliyev siyasi kursu davam etdirəcək

İlham Əliyev siyasi kursu davam etdirəcək
  20 Oktyabr 2013    Oxunub:4113
Azərbaycan Prezidenti İlham Əliyev andiçmə mərasimində çıxışı zamanı dövlətimizin prioritetlərini bir neçə dəfə xüsusilə vurğuladı. Bu da bizə söyləməyə imkan verir ki, Azərbaycan Prezident İlham Əliyev qarşıdakı 5 ildə də 10 ildə götürülmüş siyasi kursu davam etdirəcək. AzVision.az Trend-ə istinadən xəbər verir ki, bunu Milli Məclisin vitse-spikeri Bahar Muradova deyib.

B.Muradova deyib ki, Prezident İlham Əliyev çıxışında Azərbaycanın ləyaqətli siyasət apardığını, heç kəsdən heç nə xahiş etmədiyini, yalnız öz imkanlarına, öz potensialına və ən əsası öz vətəndaşlarının siyasi iradəsinə söykənərək bundan sonra da bu siyasi iradəni ortaya qoyacağını söylədi və bununla da Azərbaycanın növbəti 5 ildə inkişafının əsas istiqamətləri ilə bağlı mövqeyini ortaya qoymuş oldu.

Vitse-spikerin sözlərinə görə, Prezident İlham Əliyevin çıxışında ümummilli lider Heydər Əliyev siyasətinə sadiq qalacağını bəyan etməsi və sonrakı dövrdə hər gün bu vədinə əməl etməsi öz əksini tapdı: "Bu siyasət Azərbaycan xalqının qəbul etdiyi, inandığı və inkişafa stimul verən bir siyasətdir. Prezident bütün sahələrdə qazanılan uğurlar, Azərbaycan xalqının bu uğurların qazanılmasında iştirakı, fədakarlığı, xalqın müstəqil iradəsi və özünün siyasi iradəsinin dövlətin müstəqil siyasəti şəklində təzahür edilməsi ilə bağlı fikirlərini səsləndirdi. Ən əsası Azərbaycanın bu 10 ildə heç bir ölkənin nail olmadığı iqtisadi göstəricilər barədə fikirlərini səsləndirdi, Azərbaycanın qarşısına çıxan çətinliklər, onun yaşadığı problemlər, bu problemlərin həlli istiqamətində yeridilən siyasət və onun konkret nəticələri bu çıxışda öz əksini tapdı. Dövlət başçısı demək olar ki, bu 10 il ərzində Azərbaycanın ictimai, siyasi, iqtisadi, sosial, mədəni həyatı, yeridilən xarici siyasət, beynəlxalq təşkilatlarla və digər dövlətlərlə qarşılıqlı münasibətlər, üzərimizə götürdüyümüz öhdəliklər və onların yerinə yetirilməsi, Azərbaycanın demokratik, azad və ədalətli cəmiyyət quruculuğu prosesi, insan haqlarının qorunması, sosial və siyasi hüquqların bərqərar olunması, mətbuat azadlığı, siyasi partiyaların fəaliyyəti ilə bağlı görülən iş, nəzərdə tutulan proqramlar və onun nəticələri ilə bağlı fikrini ifadə etdi".

B.Muradovanın sözlərinə görə, Prezidentin çıxışında əsas yeri tutan məsələlərdən biri də Dağlıq Qarabağ problemi oldu. Dövlət başçısı öz evindən didərgin düşmüş qaçqınlar, hüquqları pozulmuş insanların bu günü və gələcəyi, tarixi torpaqlara qayıdışımız, ərazi bütövlüyünün təmin olunması məsələləri və bundan sonra görüləcək işlərlə bağlı fikirlərini bölüşdü: "Ordu quruculuğuna çox böyük diqqəti ayırdı - bu sahəyə dövlətin diqqət və qayğısı, hər cəhətdən təmin olunmuş orduya malik olmamız, bu ordunun gücü, qüdrəti ilə bağlı fikirlərini ortaya qoydu. Ermənistan dövlətinə, onun siyasi rəhbərliyinə, Ermənistan xalqının düşdüyü ağır durumdan yeganə çıxış yolu kimi Dağlıq Qarabağ məsələsinin həllində konstruktiv mövqe tutmalarının vacibliyini bir daha onların diqqətinə çatdırdı. Ermənistanın təcavüzkar siyasətinə qarşı tutduğu mövqeyin və Ermənistanı bütün mənalarda beynəlxalq aləmdən təcrid etmək siyasətinin davam edəcəyini, Ermənistanın iqtisadi çökməsinə xidmət edən addımların atılmasının vacibliyini vurğuladı".

***
Azərbaycan vətəndaşları tam arxayın ola bilərlər ki, onların etimad göstərdikləri Prezident İlham Əliyev bundan sonra da ciddi səylə, milli maraqlara xidmət etməklə işini davam etdirəcək. Bu barədə Milli Məclisin deputatı Azay Quliyev prezidentin çıxışına mövqe bildirərkən bildirib.

A.Quliyev vurğulayıb ki, növbəti 5 ildə də dövlət siyasətinin ana xəttində Azərbaycan vətəndaşı duracaq: "İlham Əliyevin yenidən Prezident seçilməsi o deməkdir ki, ulu öndər Heydər Əliyevin əsasını qoyduğu dövlətçilik siyasəti bundan sonra da davam edəcək".

Deputatın sözlərinə görə, Prezident İlham Əliyev inauqurasiya mərasimində etdiyi çıxışında fikirlərini ən vacib məsələ kimi Dağlıq Qarabağ probleminin həll olunmasına yönəldib: "Dövlət başçısı bir daha vurğuladı ki, Azərbaycan ərazisində ikinci qondarma erməni dövlətinin yaradılmasına imkan verilməyəcək, Azərbaycanın ordusu bütün potensialı ilə gücləndirilir, müdafiə sənayesinin potensialı artırılır və demək olar ki, Azərbaycan istər demoqrafik, istərsə də hərbi baxımından dəfələrlə Ermənistanı üstələyir".
A.Quliyev vurğulayıb ki, Prezident İlham Əliyev açıq mesaj verib ki, əgər Ermənistan rəhbərliyi doğrudan da öz xalqının taleyini düşünürsə, işğalçı siyasətindən əl çəkməlidir və Azərbaycanın torpaqlarını azad etməlidir.

A.Quliyev deyib ki, Azərbaycanın xarici siyasəti ilə bağlı Prezident İlham Əliyev vurğuladı ki, Azərbaycan dövləti müstəqil dövlətdir, onun müstəqil siyasəti var, Azərbaycan dövlətinin apardığı siyasət onun milli maraqlarını ifadə edir, kiminsə diktəsi ilə öz xarici siyasətini müəyyənləşdirmir: "Azərbaycan bölgədə yeganə müstəqil dövlətdir ki, həqiqətən də öz maraqlarını təmin edə bilir. Xarici siyasətdə aparılan bu müstəqil siyasət bundan sonra da davam etdiriləcək".

Millət vəkilinin sözlərinə görə, dövlət başçısı Azərbaycanda bütün neqativ hallarla, xüsusilə rüşvətxorluq və korrupsiya ilə bağlı mübarizənin daha da kəskinləşəcəyini, təkcə inzibati cəza tədbirlərinin deyil, sistemli islahatların aparılacağını da vurğulayıb: "Hər bir məmur öz vəzifəsini dərk etməlidir, hər bir vətəndaşa vicdanla xidmət etməlidir, vətəndaşın məmnuniyyətini təmin etməlidir, vətəndaş dövlət qulluqçusundan narazı qalmamalıdır".

A.Quliyevin sözlərinə görə, bütün bunlar Azərbaycan xalqının milli mənafeyinə və Azərbaycan vətəndaşının sosial rifahına ünvanlanan prioritet istiqamətlərdir.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti seçilmiş İlham Əliyevin oktyabrın 19-da Milli Məclisdə təntənəli andiçmə mərasimi keçirilib. Mərasimdə Azərbaycanın dövlət və hökumət rəsmiləri, komitə və şirkət rəhbərləri, Milli Məclisin deputatları, siyasi partiyaların,
ictimai təşkilatların, ölkə ictimaiyyətinin nümayəndələri, xarici ölkələrin səfirləri iştirak ediblər.


Teqlər:  





Xəbər lenti