Azərbaycandan Rusiyaya ikinci nota

Azərbaycandan Rusiyaya ikinci nota
  19 Oktyabr 2013    Oxunub:1039
Azərbaycanın Rusiyadakı səfirliyinin nümayəndələri hələ də Orxan Zeynalovla görüşə bilməyiblər.

AzVision.az-ın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, bu barədə Azərbaycanın Rusiyadakı səfirliyi məlumat yayıb.

Məlumatda qeyd edilib ki, Rusiya Xarici İşlər Nazirliyi Orxan Zeynalovla görüşə şərait yaradılması ilə bağlı müəyyən tədbirlər gördüyünü bildirsə də onunla görüş mümkün olmayıb. Bu səbəbdən də Azərbaycanın Rusiyadakı səfirliyi Rusiyanın Xarici İşlər Nazirliyinə ikinci dəfə nota göndərib.

“Biz Rusiya XİN-ə təkrar nota göndərdik. XİN müəyyən tədbirlər həyata keçirsə, də Orxan Zeynalovla hələ də görüşə bilməmişik. Eyni zamanda Rusiya Təhqiqat Komitəsinin sədri Aleksandr Bastrıkinə də analoji müraciətlə bağlı məktub ünvanlamışıq”-deyə səfirliyin məlumatında bildirilir.

Xatırladaq ki, ötən gün Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin bildirib ki, “Azərbaycan vətəndaşı Orxan Zeynalovun bütün prosessual hüquqları tam təmin olunub. Bir müddət əvvəl isə Rusiya İstintaq Komitəsinin rəsmi nümayəndəsi Vladimir Markin O. Zeynalovun saxlanılması zamanı əməliyyatçıların vəhşiliklərinə haqq qazandırıb: “Onu tutanda etdiyimiz qəddarlıq elə onun törətdiyi cinayətə uyğundur”.

Qeyd edək ki, oktyabrın 10-da Rusiyanın Biryulevo rayonunda naməlum şəxs 25 yaşlı Rusiya vətəndaşı Yeqor Şerbakovu qətlə yetirib. Şübhəli şəxs qismində saxlanılan Azərbaycan vətəndaşı Orxan Zeynalov əvvəl cinayəti törətdiyini bildirsə də sonradan, ilkin ifadəsini təzyiq altında verdiyini və Şerbakovu öldürmədiyini deyib. Günahı sübut olunarsa O. Zeynalovu ömürlük həbs cəzası gözləyir.

Səbinə Həsənova
AzVision.az



Teqlər:  





Xəbər lenti