Orxan Camalın nəyi çəkmək istədiyi açıqlandı

Orxan Camalın nəyi çəkmək istədiyi açıqlandı
  06 Avqust 2018    Oxunub:23239
Mərkəzi Afrika Respublikasında (MAR) qətlə yetirilmiş rusiyalı jurnalist Orxan Camal, rejissor Aleksandr Rastorquyev və operator Kirill Radçenko MAR-da Kanadanın “Axmin Inc” şirkətinə məxsus “Ndassim” karxanasına gediblər və bunun Rusiya ilə heç bir əlaqəsi yoxdur.
AzVision.az bildirir ki, bu barədə Mərkəzi Afrika Respublikasının ictimai təhlükəsizlik naziri Henri Vanzet Linqusara açıqlama verib.

Onun sözlərinə görə, “Africa Intelligence” qəzeti “Ndassima” qızıl yatağının birgə tədqiqi üçün iyulun ortalarında MAR-ın Rusiya ilə razılığa gəldiyinə dair xəbər yazıb. Jurnalistlərin karxana ərazisini tədqiq etmək istəyi də bundan irəli gəlib.

“Bu məlumatlar əvvəlcə qulağa inanılmaz səslənirdi, çünki karxana MAR-ın mərkəzi hakimiyyətinin nəzarətində olmayan təhlükəli ərazilərdə yerləşirdi. Lakin bundan xəbər tutan yerli jurnalistlər özləri araşdırma aparıblar və aydın olub ki, “Ndassima” qızıl mədəni operator qismində MAR-ın “Aurafrique” şirkətinin çıxış etdiyi “Passendro Gold” layihəsinin bir hissəsidir. O, Vankuverdə qeydiyyatda olan Kanadaya məxsus “Axmin Inc”in törəmə müəssisəsidir.” – deyə, Mərkəzi Afrika Respublikasının ictimai təhlükəsizlik naziri vurğulayıb.

Onu da əlavə edib ki, geoloji kəşfiyyat işlərinin aaprlıması üçün şirkətə lisenziya 2010-cu ilin iyulunda verilib və onun müddəti 2019-cu ilin martınadək uzadılıb, lakin hazırda karxanada heç bir iş aparılmır: “Faktiki olaraq, orada heç nə işləmir. Məlum deyil ki, orada nəyi çəkmək istəyiblər. Və bütün bu dediklərimin hamısı ictimaiyyətə açıq informasiyalar olub.”

Qeyd edək ki, bundan əvvəl jurnalistləri MAR-a göndərən Rusiyanın "Tədqiqatları İdarə Mərkəzi" onların tədqiqat çəkilişi aparacaqları məkanlar sırasında Rusiyaya məxsus olduğu iddia edilən "Ndassima" qızıl yatağının da olduğunu bəyan etmişdi.



Xatırladaq ki, iyulun 31-də MAR-da 3 rus jurnalisti – Orxan Camal, rejissor Aleksandr Rastorquyev və operator Kirill Radçenkonun cəsədləri tapılıb. Onların odlu silahdan açılan atəş nəticəsində öldükləri müəyyənləşib. Jurnalistlərin üçünün də MAR-a Rusiyanın oradakı xüsusi hərbi şirkəti "Vaqner" barədə sənədli film çəkməyə getdiyi bidirilir. Lakin qətlə yetirilən Orxan Camal, Aleksandr Rastorquyev və Kirill Radçenkonun üzərlərində müxtəlif KİV-lərə məxsus vaxtı keçmiş vəsiqələrin olduğu aşkarlanıb. Rusiya XİN bildirib ki, onların MAR-a səyahəti turistik məqsədlə qeydiyyatdan keçirilib. Jurnalistlərin MAR-da olması haqda nə Rusiya səfirliyinin, nə də prezidentin Rusiya üzrə məsləhətçisinin xəbəri olub.

Jurnalistlərə hücumun dəqiq səbəbləri indiyədək bilinmir. Ehtimallara görə, onlar qarət olunub və sonra güllələniblər. Yerli məmurlar jurnalistlərə hücum edənlərin 10 nəfərə yaxın olduğu və ərəb dilində danışdıqlarını bildirib. Rusiyalı jurnalistlərin qətli ilə bağlı cinayət işi açılıb, istintaq aparılır.

Bundan əvvəl Rusiya XİN xəbərdarlıq etmişdi ki, MAR-da kriminal vəziyyət çox ciddidir və mütəmadi şəkildə silahlı hücumla müşayiət olunan oğurluq və qətl halları baş verir, əcnəbilərə hücum edilir. Bu səbəbdən də MAR-a səfər etmək olduqca risklidir.

Qeyd edək ki, qətlə yetirilən jurnalistlərdən Orxan Camal Rusiya İslam Komitəsinin sədri, azərbaycanlı politoloq və məşhur filosof mərhum Heydər Camalın oğludur.

Leyla Elbrusqızı
AzVision.az




Teqlər: MAR   Rusiya  





Xəbər lenti