Pentaqon Trampın tapşırığını rədd etdi

Pentaqon Trampın tapşırığını rədd etdi
  04 Avqust 2018    Oxunub:4092
ABŞ prezidenti Donald Trampın Kosmik Silahlı Qüvvələr (KSQ) yaratmaq barədə təklifi Pentaqonda (ABŞ Müdafiə Nazirliyi) dəstək qazanmayıb.
AzVision.az “Associated Press” agentliyinə istinadən xəbər verir ki, məsələ ilə bağlı Pentaqonla ABŞ prezidenti arasında ciddi fikir ayrılığı yaranıb. Pentaqonun rəhbəri Ceyms Mettis bildirib ki, KSQ-nin yaradılması bürokratiyanı artıracaq və əlavə xərclərə səbəb olacaq.

Agentlik yazır ki, Pentaqon ümumi təhlükəsizlik və kosmosda təhlükəsizlik sahələrində ABŞ maraqlarının müdafiəsilə bağlı ciddi tənqidə məruz qalan yanaşmasına yenidən baxılmasının vacibliyini etiraf edir. Lakin əmin deyil ki, bu, ayrıca kosmik hərbi xidmət yaratmaq istəyən Trampı qane edəcək, ya yox.

Qeyd edək ki, Tramp ABŞ ordusunun altıncı qolu olacaq Kosmik Silahlı Qüvvələrin yaradılması barədə tapşırıq verib və müvafiq təlimat imzalayıb. Hazırda ABŞ ordusu Quru Qüvvələri, Dəniz Piyadaları, Hərbi Dəniz Qüvvələri, Hərbi Hava Qüvvələri və Sahil Təhlükəsizliyi komandanlıqlarından ibarətdir.

Trampa görə, ABŞ təkcə yerdə deyil, kosmosda da aktiv olmalıdır. Çünki kosmos da quru, su və hava kimi döyüş meydanına çevrilə bilər. Bu mənada, ABŞ-ın kosmosda hegemonluğunun təmin edilməsi üçün ayrıca Kosmik Silahlı Qüvvələrin yaradılmasını istəyir. Tramp hətta, ordularının tərkibində xüsusi kosmik qüvvələr formalaşdıran Rusiya və Çini də nümunə gətirərək, onlarla rəqabətdə geri qalmamağın vacibliyini bildirib.


Leyla Elbrusqızı
AzVision.az


Teqlər: ABŞ   Rusiya   Çin   kosmikqüvvələr  





Xəbər lenti