Orxan Camalın nəşi bu gün Rusiyaya göndəriləcək

  03 Avqust 2018    Oxunub : 3498
Orxan Camalın nəşi bu gün Rusiyaya göndəriləcək
Mərkəzi Afrika Respublikasında (MAR) qətlə yetirilən 3 rusiyalı jurnalistin - Orxan Camal, rejissor Aleksandr Rastorquyev və operator Kirill Radçenkonun nəşi bu gün saat 19:00-da vətənləri Rusiyaya göndəriləcək.
AzVision.az xəbər verir ki, bu barədə “RİA Novosti”yə Rusiyanın Mərkəzi Afrika Respublikasındakı səfirliyindən məlumat verilib. Diplomatik missiyanın nümayəndəsi qeyd edib ki, öldürülən jurnalistlərin sənədləri və özlərilə gətirdikləri texnikanı tapmaq hələ də mümkün olmayıb.

Bundan əvvəl mərhum rejissor Aleksandr Rastorquyevin filmlərindən birində ssenari müəllifi olan, qazaxıstanlı kinossenarist Susanna Baranjiyeva bildirmişdi ki, Rusiyada İstintaq Komitəsi cəsədlərə bir daha baxış keçirəcək və yalnız bundan sonra jurnalistlərin nəşi gələn həftənin çərşənbə axşamı ailələrinə təhvil veriləcək.



Xatırladaq ki, iyulun 31-də MAR-da 3 rus jurnalisti – Orxan Camal, rejissor Aleksandr Rastorquyev və operator Kirill Radçenkonun cəsədləri tapılıb. Onların odlu silahdan açılan atəş nəticəsində öldükləri müəyyənləşib. Jurnalistlərin üçünün də MAR-a Rusiyanın oradakı xüsusi hərbi şirkəti "Vaqner" barədə sənədli film çəkməyə getdiyi bidirilir. Lakin qətlə yetirilən Orxan Camal, Aleksandr Rastorquyev və Kirill Radçenkonun üzərlərində müxtəlif KİV-lərə məxsus vaxtı keçmiş vəsiqələrin olduğu aşkarlanıb. Rusiya XİN bildirib ki, onların MAR-a səyahəti turistik məqsədlə qeydiyyatdan keçirilib. Jurnalistlərin MAR-da olması haqda nə Rusiya səfirliyinin, nə də prezidentin Rusiya üzrə məsləhətçisinin xəbəri olub.

Jurnalistlərə hücumun dəqiq səbəbləri indiyədək bilinmir. Ehtimallara görə, onlar qarət olunub və sonra güllələniblər. Yerli məmurlar jurnalistlərə hücum edənlərin 10 nəfərə yaxın olduğu və ərəb dilində danışdıqlarını bildirib. Rusiyalı jurnalistlərin qətli ilə bağlı cinayət işi açılıb, istintaq aparılır.

Bundan əvvəl Rusiya XİN xəbərdarlıq etmişdi ki, MAR-da kriminal vəziyyət çox ciddidir və mütəmadi şəkildə silahlı hücumla müşayiət olunan oğurluq və qətl halları baş verir, əcnəbilərə hücum edilir. Bu səbəbdən də MAR-a səfər etmək olduqca risklidir.

Qeyd edək ki, qətlə yetirilən jurnalistlərdən Orxan Camal Rusiya İslam Komitəsinin sədri, azərbaycanlı politoloq və məşhur filosof mərhum Heydər Camalın oğludur.

Leyla Elbrusqızı
AzVision.az

Teqlər: Rusiya   MAR