Afrikada öldürülən rejissorun cəsədi Rusiyaya qaytarılır

Afrikada öldürülən rejissorun cəsədi Rusiyaya qaytarılır
  03 Avqust 2018    Oxunub:3202
Mərkəzi Afrika Respublikasında (MAR) qətlə yetirilən 3 rusiyalı jurnalistdən biri – rejissor Aleksandr Rastorquyevin nəşi bu gün Rusiyaya qaytarılır.
AzVision.az xəbər verir ki, bu barədə mərhumun filmlərindən birində ssenari müəllifi olan, qazaxıstanlı kinossenarist Susanna Baranjiyeva məlumat verib.

Onun sözlərinə görə, Rusiyada İstintaq Komitəsi Rastorquyevin cəsədinə bir daha baxış keçirəcək və yalnız bundan sonra mərhumun nəşi gələn həftənin çərşənbə axşamı ailəsinə təhvil veriləcək. Baranjiyeva Aleksandr Rastorquyevin harada dəfn olunacağilə bağlı hələlik hansısa məlumatın olmadığını deyib.



Xatırladaq ki, iyulun 31-də MAR-da 3 rus jurnalisti – Orxan Camal, rejissor Aleksandr Rastorquyev və operator Kirill Radçenkonun cəsədləri tapılıb. Onların odlu silahdan açılan atəş nəticəsində öldükləri müəyyənləşib. Jurnalistlərin üçünün də MAR-a Rusiyanın oradakı xüsusi hərbi şirkəti "Vaqner" barədə sənədli film çəkməyə getdiyi bidirilir. Lakin qətlə yetirilən Orxan Camal, Aleksandr Rastorquyev və Kirill Radçenkonun üzərlərində müxtəlif KİV-lərə məxsus vaxtı keçmiş vəsiqələrin olduğu aşkarlanıb. Rusiya XİN bildirib ki, onların MAR-a səyahəti turistik məqsədlə qeydiyyatdan keçirilib. Jurnalistlərin MAR-da olması haqda nə Rusiya səfirliyinin, nə də prezidentin Rusiya üzrə məsləhətçisinin xəbəri olub.

Jurnalistlərə hücumun dəqiq səbəbləri indiyədək bilinmir. Ehtimallara görə, onlar qarət olunub və sonra güllələniblər. Yerli məmurlar jurnalistlərə hücum edənlərin 10 nəfərə yaxın olduğu və ərəb dilində danışdıqlarını bildirib. Rusiyalı jurnalistlərin qətli ilə bağlı cinayət işi açılıb, istintaq aparılır.

Bundan əvvəl Rusiya XİN xəbərdarlıq etmişdi ki, MAR-da kriminal vəziyyət çox ciddidir və mütəmadi şəkildə silahlı hücumla müşayiət olunan oğurluq və qətl halları baş verir, əcnəbilərə hücum edilir. Bu səbəbdən də MAR-a səfər etmək olduqca risklidir.

Qeyd edək ki, qətlə yetirilən jurnalistlərdən Orxan Camal Rusiya İslam Komitəsinin sədri, azərbaycanlı politoloq və məşhur filosof mərhum Heydər Camalın oğludur.

Leyla Elbrusqızı
AzVision.az


Teqlər: Rusiya   Afrika  





Xəbər lenti