Əfqanıstanla müdafiə sənayesi sahəsində protokol imzalanıb

Əfqanıstanla müdafiə sənayesi sahəsində protokol imzalanıb
  02 Avqust 2018    Oxunub:4138
Avqustun 2-də Azərbaycan Respublikası ilə Əfqanıstan İslam Respublikası arasında müdafiə sənayesi sahəsində əməkdaşlığa dair protokol imzalanıb.
Protokolun imzalanması Azərbaycanın müdafiə sənayesi nazirinin müavini Yəhya Musayevin Əfqanıstan Prezidentinin ölkəmizdə səfərdə olan MDB ölkələri üzrə səlahiyyətli nümayəndəsi Mohammad Şaker Kargarın rəhbərlik etdiyi geniş tərkibli nümayəndə heyəti ilə görüşü çərçivəsində baş tutub.

Müdafiə Sənayesi Nazirliyindən (MSN) AzVision.az-a verilən məlumata görə, görüşdə Yəhya Musayev Azərbaycan ilə Əfqanıstan arasında müxtəlif sahələrdə inkişaf edən əməkdaşlıq əlaqələrinin yüksək səviyyədə olduğunu vurğulayıb. Nazir müavini MSN-in fəaliyyəti barədə nümayəndə heyətinə ətraflı məlumat verib.

Söhbət zamanı iki ölkə arasında müdafiə sənayesi üzrə əməkdaşlığın istiqamətləri və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib. Nümayəndə heyətinin başçısı Mohammad Şaker Kargar səmimi görüşə və ətraflı məlumata görə minnətdarlığını bildirib.

Görüşdə Əfqanıstanın Azərbaycandakı səfirliyinin nümayəndələri də iştirak ediblər. Səfər çərçivəsində nümayəndə heyəti Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində olub və istehsal prosesini yaxından izləyib.

AzVision.az


Teqlər: Əfqanıstan   Azərbaycan  





Xəbər lenti