İranda hökumət əleyhinə etirazlar davam edir

İranda hökumət əleyhinə etirazlar davam edir
  01 Avqust 2018    Oxunub:2737
İranın İsfahan şəhərində hökumət əleyhinə etirazlar bu gün də davam edib. Ölkədə getdikcə artan bahalaşma və iqtisadi problemlər, milli valyutanın dollar qarşısında ucuzlaşması əhalini yenidən küçələrə çıxarıb.
AzVision.az Anadolu agentliyinə istinadən xəbər verir ki, aksiyalarda yüzlərlə iranlı iştirak edib. Etirazçılara dükan sahibləri və yük maşını sürücüləri də dəstək veriblər. Hökumət əleyhinə şüarlar səsləndirib, avtomobil təkərləri yandıran nümayişçilərə polis dəyənək və gözyaşardıcı qazla müdaxilə edib. Aksiyalar Kərəç şəhərində də keçirilib. Polislə qarşıdurmada müqavimət göstərən bir neçə etirazçı saxlanılıb.

Etirazlarla əlaqədar İran parlamentinin 200 deputatı prezident Həsən Ruhaniyə açıq məktubla müraciət edərək, ölkənin iqtisadi və maliyyə problemlərinə görə məsuliyyət daşıyan vəzifəli şəxslərin dəyişdirilməsini tələb ediblər. İranda Konstitusiya Keşikçiləri Şurasının sədri Əhməd Cənnəti də bu gün bəyanat verərək, İran hökumətini xalqın problemlərinə biganə qalmaqda ittiham edib. O, deputatların təklifini dəstəkləyərək, hökumətdəki iqtisadi heyətin istefaya göndərilməsinin məqsədəuyğun olduğunu bildirib.

Qyd edək ki, ABŞ sanksiyaları qarşısında İran getdikcə daha çox iqtisadi və maliyyə çətinliklərilə üzləşir.

Leyla Elbrusqızı
AzVision.az


Teqlər: İran   etiraz   ABŞ  





Xəbər lenti