Jurnalistlər yeni ili yeni evlərində keçirəcəklər

Jurnalistlər yeni ili  yeni evlərində keçirəcəklər
  18 Oktyabr 2013    Oxunub:1178
Bakının Bibiheybət qəsəbəsində jurnalistlər üçün tikilmiş binanın mənzilləri yeni ilə qədər sahiblərinə təhvil veriləcək.
Bunu “Media forum” saytına KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli deyib.

O bildirib ki, bina ilə bağlı sərəncamın verilməsi üçün bütün sənədlər Bakı Şəhər İcra Hakimiyyətinə göndərilib: “Öncə qurumun komissiyası sənədlərə baxıb rəy verir ki, sənədlər qəbul olunsun. Daha sonra məsələ ilə bağlı xüsusi dövlət komissiyası yaradılır və həmin komissiya üzvləri o sənədlərə qol çəkir. Son olaraq isə binanın istismara verilməsi üçün ikinci sərəncam imzalanır. Binadakı mənzillər yeni ilə qədər sahiblərinə təhvil veriləcək”.

Yeni Salyan yolu, 22-də yerləşən binanın açılış mərasimi iyulun 22-də olub, 156 mənzilin sahibləri müəyyənləşib.

Vüqar Səfərli həmçinin həmin binanın yanında jurnalistlər üçün tikiləcək daha bir yaşayış binasından danışıb.

Bildirib ki, sentyabrda KİV-in İnkişafına Dövlət Dəstəyi Fondu yeni binanın layihə-smeta sənədlərinin hazırlanması ilə bağlı tender elan edib.

Yeni bina 17 mərtəbəli və 3 bloklu olmalı, burada 1, 2, 3 və 4 otaqlı mənzillər istifadəyə verilməlidir. Tenderə üç şirkət qatılıb.

Vüqar Səfərli deyib: “Artıq üç şirkət arasından birini seçmişik. Amma həmin şirkətin də bizə verdiyi təkliflərdə ürəyimizcə olmayan məqamlar var. Məsələn, onlar binada 80 mənzilin birotaqlı olmasını təklif edirlər. Biz isə birotaqlı mənzillərin sayının bu qədər olmasını istəmirik. Biz istəyirik binada birotaqlı mənzillərin sayı bundan az olsun. Ona görə də həmin şirkətin irəli sürdüyü təkliflərə düzəliş olunması üçün sənədlərini geri qaytarmışıq. Çünki sənədlər təsdiq olunsa, sonradan onları dəyişmək mümkün olmayacaq, bütövlükdə layihə orada göstərilən eskizlər üzrə hazırlanacaq. Bu səbəbdən arzuladığımız düzəlişləri onların diqqətinə çatdırıb bildirmişik ki, sənədlər üzərində işləyib yenidən təhvil versinlər. Biz çalışırıq ki, hər şey mükəmməl olsun, müəyyən müddət sonra bina ilə bağlı hər hansı problemlər yaranmasın. Qalib şirkətin adı da bütün sənədləşmə işləri bitdikdən sonra açıqlanacaq”.

AzVision.az


Teqlər:  





Xəbər lenti