“Dəniz Kuboku-2018” yarışlarının açılışı oldu - FOTOLAR

“Dəniz Kuboku-2018” yarışlarının açılışı oldu - FOTOLAR
  31 İyul 2018    Oxunub:13379
Bu gün Hərbi Dəniz Qüvvələrinin qərargahında “Beynəlxalq Ordu Oyunları–2018” çərçivəsində Bakıda təşkil edilən “Dəniz Kuboku-2018” beynəlxalq yarışlarının təntənəli açılış mərasimi keçirilib.
AzVision.az xəbər verir ki, açılış mərasimində hərbçilər, iştirakçı dövlətlərdən başqa Türkiyə, Pakistan, ABŞ, Vyetnam, Səudiyyə Ərəbistanı, Bəhreyn Krallığı, Bolqarıstan və digər ölkələrin Azərbaycanda akkreditə olunmuş nümayəndələri və Hərbi Dəniz Qüvvələrinin rəhbər heyətləri iştirak ediblər.



Mərasimin aparıcıları Əməkdar İncəsənət Xadimi, Prezidentin fərdi təqaüdçüsü, polkovnik Abdulla Qurbani, Əməkdar Artist Cahangir Qurbanov və Rəna Qurbanova müstəqilliyinin 100 illiyini təntənə ilə qeyd edən Azərbaycanda keçirilən bu yarışın əhəmiyyətini yüksək qiymətləndirib.



Mərasimdə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Mahnı və Rəqs Ansamblının, incəsənət ustalarının və matrosların iştirakı ilə Azərbaycanın tarixi və milli adət-ənənələrini əks etdirən etnoqrafik etüdlər təqdim edilib.



“Dəniz Kuboku-2018” müsabiqəsinin hakimlər briqadası və komandalar mərasimə dəvət olunub. Yarışın baş hakimi 1-ci dərəcəli kapitan Həbib Xəlilovdur.



Müsabiqə iştirakçıları - Rusiya Federasiyası Xəzər flotiliyasının, İran İslam Respublikasının, Qazaxıstan Respublikasının və Azərbaycan Respublikasının Hərbi Dəniz qüvvələrinin komandaları dövlət bayraqları altında və hərbi orkestrın müşayiəti ilə meydana daxil olublar. Mərasimdə müsabiqəyə ev sahibliyi edən Azərbaycanın dövlət himni ifa edilib, üçrəngli bayrağı qaldırılıb.



Sonra IV Beynəlxalq Ordu Oyunlarının və “Dəniz Kuboku-2018” müsabiqəsinin bayraqları gətirilib. IV Beynəlxalq Ordu Oyunlarının və “Dəniz Kuboku-2018” müsabiqəsinin bayraqları qaldırılıb.



IV Beynəlxalq Ordu Oyunları çərçivəsində “Dəniz Kuboku - 2018” müsabiqəsi təşkilat komitəsinin sədri, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin müavini - Döyüş Hazırlığı və Hərbi Təhsil Baş İdarəsinin rəisi, general-leytenant Nizam Osmanov çıxış edib.



Azərbaycan Respublikası müdafiə nazirinin müavini, general-leytenant Kərim Vəliyev mərasim iştirakçılarını və qonaqları salamlayıb, onlara müdafiə nazirinin təbrikini çatdırıb və “Dəniz Kuboku - 2018” müsabiqəsini açıq elan edib.



Mərasimdə incəsənət ustalarının, Azərbaycan Silahlı Qüvvələrinin və Rusiya Federasiyası Qara Dəniz Donanmasının mahnı və rəqs ansambllarının iştirakı ilə teatrlaşdırılmış kütləvi bədii proqram təqdim olunub.



Qeyd edək ki, “Beynəlxalq Ordu Oyunları - 2018” yarışları çərçivəsində iyulun 28-dən avqustun 11-dək Azərbaycan, Belarus, Qazaxıstan, Çin, İran və Rusiya ərazisində ümumilikdə 28 müsabiqə təşkil olunacaq.



Azərbaycan hərbçiləri 5 müsabiqədə iştirak edəcəklər. Hərbçilərimiz ölkəmizdə keçiriləcək “Dəniz kuboku” ilə yanaşı, Rusiyada “Tank biatlonu” və “Səhra mətbəxi”, Qazaxıstanda “Artilleriya atəşinin ustaları” və Belarusda “Snayper həddi” müsabiqələrinə qatılacaqlar.



Hərbçilərimiz, həmçinin İranda keçiriləcək “Dərinlik” və Rusiyada təşkil olunacaq “Qoşun kəşfiyyatı əlaçıları” müsabiqələrində ölkəmizi müşahidəçi qismində təmsil edəcəklər.







Anar Kəlbiyev
Foto: Elvin Abdulla

AzVision.az


Teqlər: Dəniz-Kuboku  





Xəbər lenti