Azərbaycanda cinayətlərin açılma faizi artıb

Azərbaycanda cinayətlərin açılma faizi artıb
  30 İyul 2018    Oxunub:2793
İyulun 30-da Azərbaycan Respublikasının Baş Prokurorluğunda prokurorluq orqanları tərəfindən 2018-ci ilin birinci yarımilində “Prokurorluq haqqında” Azərbaycan Respublikası Qanununda nəzərdə tutulmuş fəaliyyət istiqamətləri üzrə görülmüş işlərin vəziyyəti və bu məsələnin bölgə müşavirələrində müzakirələrinin nəticələrinə həsr olunmuş geniş əməliyyat müşavirəsi keçirilib.
Müşavirədə məruzə ilə çıxış edən Baş prokuror Zakir Qaralov xüsusi vurğulamışdır ki, aprelin 11-də ölkəmizdə keçirilmiş azad, ədalətli və şəffaf prezident seçkiləri zamanı xalqımızın son illərdə görülən işlərə yüksək dəyər verməklə həyata keçirilən strateji inkişaf xəttinə, dövlət siyasətinin davamlılığına, təhlükəsizliyə, sabitliyə, əmin-amanlığa səs verərək cənab İlham Əliyevə yenidən etimad göstərməsi Heydər Əliyevin müəyyən etdiyi siyasi kursu, strateji inkişaf konsepsiyasını uğurla həyata keçirən dövlət başçısına şəksiz inam və etibarın məntiqi nəticəsidir.

Ölkəmizdə aparılan iqtisadi islahatların uğurlu nəticələri kimi 2018-ci ilin birinci yarısında “Cənub qaz dəhlizi”nin rəsmi açılışı, Ələt Beynəlxalq Dəniz Ticarət Limanının istifadəyə verilməsi, TANAP-ın açılışı, eləcə də Bakıda təntənəli hərbi paradın keçirilməsi, aprel döyüşlərindən sonra ordumuzun öz hərbi gücünü və qətiyyətini real şəkildə nümayiş etdirməsi nəticəsində Naxçıvanın Şərur rayonunun Günnüt kəndi və ətrafındakı mühüm strateji əhəmiyyətli yüksəkliklərin işğaldan azad edilməsi, müasir standartlara cavab verən böyük təşkilatçılıq səviyyəsində “Formula - 1 Avropa Qran-Pri” yarışlarının və digər mötəbər tədbirlərin keçirilməsi müstəqil Azərbaycan Respublikasının son 15 ildəki inkişaf göstəriciləri olmaqla, dövlət başçısı tərəfindən verilən bütün vədlərin uğurla yerinə yetirildiyini bir daha təsdiq edib.

Bildirilib ki, 2018-ci ilin birinci yarısında ölkə həyatının bütün sahələrində dinamik inkişaf yüksək templərlə davam etmiş, hüquqi islahatlar, böyük infrastruktur layihələri və sosial yönümlü proqramlar uğurla həyata keçirilib, vətənimizin iqtisadi qüdrətinin daha da möhkəmləndirilməsi, bütövlükdə Azərbaycanın və hər bir regionun hərtərəfli inkişafına, əhalinin layiqli həyat səviyyəsinin təmin edilməsinə istiqamətləndirilmiş dövlətçilik siyasəti öz müsbət nəticələrini verib. Davos Dünya İqtisadi Forumunun son hesabatına görə, Azərbaycan dünya miqyasında inkişaf edən ölkələr arasında inklüziv inkişaf indeksinə görə 3-cü, xalqın iqtidara dəstəyinə görə dünya miqyasında 20-ci, ümumi infrastrukturun inkişafına görə dünya miqyasında 26-cı, rəqabətqabiliyyətliliyinə görə 35-ci, yol infrastrukturunun inkişafına görə 36-cı yerdə olması müstəqil Azərbaycan Respublikasının son 15 ildəki inkişaf göstəricisidir və əldə edilən nailiyyətlərin əsasını xalqımızın ümummilli lideri Heydər Əliyevin müəyyənləşdirdiyi strateji xəttə uyğun olaraq, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən müasir məzmunlu daxili və xarici siyasət tədbirləri təşkil edib.

Azərbaycan Respublikası prokurorluğu orqanları öz səlahiyyət hədləri daxilində digər hüquq mühafizə orqanları ilə əlaqəli şəkildə respublikamızın ayrı-ayrı bölgələrində, eləcə də Bakı şəhərində baş tutan və ölkəmizin ictimai-siyasi həyatında müstəsna əhəmiyyət kəsb edən bu tədbirlərin normal şəraitdə keçirilməsinin əsas şərtləri kimi ictimai-siyasi sabitliyin və əmin-amanlığın qorunması üzrə öz vəzifələrinin lazımi qaydada həyata keçirilməsini təmin edib.

Qeyd edilib ki, hesabat dövründə Azərbaycan Respublikası Prokurorluğu tərəfindən digər hüquq mühafizə orqanları, ilk növbədə daxili işlər, ədliyyə və məhkəmə orqanları ilə əlaqəli şəkildə ölkədə ictimai-siyasi sabitliyin qorunması, cinayətkarlığa qarşı mübarizənin daha da gücləndirilməsi, dövlət müstəqilliyinin, insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində zəruri tədbirlərin görülməsi təmin olunub, prokurorluq orqanlarında hərtərəfli islahatlar prosesi yeni müstəvidə davam etdirilib, fəaliyyət istiqamətləri üzrə işin səmərəliliyinin artırılması, mövcud çatışmazlıqların aradan qaldırılması istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilib.

Belə ki, 2018-cı ilin birinci yarımilində istintaq və əməliyyat-axtarış fəaliyyətinin subyekti olan bütün dövlət qurumları üzrə qeydə alınmış 12.844 cinayətin 93,8 faizi daxili işlər və prokurorluq orqanları tərəfindən istintaqı və təhqiqatı aparılan hüquqazidd əməllər olmaqla, onların 89,4 faizi böyük ictimai təhlükə törətməyən və az ağır, yalnız 10,6 faizi ağır və xüsusilə ağır cinayətlər təşkil edib.

Profilaktiki işin gücləndirilməsinin və kriminogen durumun daim nəzarətdə saxlanılmasının nəticəsi olaraq, cinayətkarlığın dinamikasında mövcud olan müsbət meyllər hesabat dövründə daha da yaxşılaşaraq, cinayətlərin sayı 3,4 faiz, o cümlədən ağır və xüsusilə ağır növlər 28,6, qəsdən sağlamlığa ağır zərər vurmalar 2,9, mülkiyyət əleyhinə olan cinayətlər 14, onlardan oğurluqlar 7,1, quldurluqlar 12,7, yol-nəqliyyat hadisələri 5, qəzalarda həlak olanların sayı isə 1,3, xəsarət alanların sayı isə 8,3 faiz azalıb.
Həyata keçirilmiş istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində cinayətlərin açılması yaxşılaşaraq 86,4 faiz təşkil edib. O cümlədən, 2017-ci ilin 6 ayı ilə müqayisədə ağır və xüsusilə ağır cinayətlərin açılması 2,1, şəxsiyyət əleyhinə cinayətlərin açılması 0,6, adam öldürməyə cəhdlərin açılması 1,8, mənzil oğurluqlarının açılması 2,6 və avtonəqliyyatın qaçırılması cinayətlərinin açılması 12,8 faiz artıb. Daxili işlər və prokurorluq orqanları tərəfindən birgə davam etdirilən istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində keçmiş illərdən bağlı qalmış 188 cinayət açılıb.

2018-ci ilin birinci yaımilində qəsdən adam öldürmə və qəsdən adam öldürməyə cəhd cinayətlərinin açılması, onları törətmiş şəxslərin müəyyən olunaraq məsuliyyətə cəlb edilmələri istiqamətində zəruri tədbirlərin həyata keçirilməsi diqqət mərkəzində saxlanılıb.

Prokurorluğun digər hüququ mühafizə orqanlarının əməliyyat qurumları ilə həyata keçirdiyi birgə əlaqəli işin nəticəsində qeydə alınmış 77 qəsdən adam öldürmə cinayətlərindən 74 hadisənin açılması təmin olunub, Sumqayıt şəhər, Tovuz və Göygöl rayon prokurorluqlarının hər biri üzrə 1 hadisə olmaqla 3 qəsdən adam öldürmə cinayəti bağlı qalıb. Həmin işlər üzrə hazırda Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində zəruri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Hesabat dövründə Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində qeyri-aşkar şəraitdə törədilmiş bir sıra ağır, mürəkkəb və çoxepizodlu cinayət hadisələrinin, o cümlədən qəsdən adam öldürmə cinayətlərinin cinayət-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq keyfiyyətli istintaq edilməsi, cinayət törətmiş şəxslərin müəyyən olunaraq məsuliyyətə cəlb edilmələri, eyni zamanda respublikada ictimai rezonansa səbəb olmuş cinayət hadisələri üzrə başlanmış cinayət işlərindən 21 şəxs barəsində 11 iş üzrə yüksək peşəkarlıqla istintaqın yekunlaşdırılaraq məhkəmələrə göndərilməsi xüsusi vurğulanıb.

AzVision.az



Teqlər: Baş-Prokurorluq  





Xəbər lenti