Sovet vaxtı dustaqlara geyindirilən “İspan köynəyi” nə idi? - “Qanuni oğru”nun xatirələri

Sovet vaxtı dustaqlara geyindirilən “İspan köynəyi” nə idi? -  “Qanuni oğru”nun xatirələri
  27 İyul 2018    Oxunub:26253
Bəhram Çələbi
AzVision.az üçün

"Azik Qorbatıy" və "Azik Kubinskiy" adları ilə tanınan Əzəmət Nadir oğlu 1927-ci ildə Qubada dünyaya göz açıb. İki yaşı olanda ailəvi Bakıya köçüblər və “Beşmərtəbə”nin civarında yaşayıb. 1943-cü ildə soyğunçuluq maddəsilə günahkar bilinərək, tutulub. Məhkəmənin hökmü ilə belinə "çervon" yüklənib və bir ay Bayıl türməsində "istirahətdən" sonra birbaşa Kolımaya, 31-ci düşərgəyə yatab olunub. Burada rejim zabitini əzişdirdiyinə görə, Krasnoyarskdakı qapalı qazamata göndərilib.
Tobolskdakı “krıtı”da, Permdəki "Belaya lebed"də, Bekobadaki “Preddverie ada" adlanan türmədə, Arxangelsk, Vorkuta, Ufadakı düşərgələrdə də çifir içib, balanda yeyib. Ümumiyyətlə, həyatının 23 ilini dəmir barmaqlıqlar, tikanlı məftillər arxasında, “Stolıpin” vaqonlarında keçirib. Rusiya kriminalitetində "Vtoroy Qorbatıy" və "Starik Tatarin" ayaması ilə tanınıb. 2007-ci ildə, 80 yaşının tamamına bir həftə qalmış vəfat edib.

Azik Qorbatının xatirələrindən:

– Həyatı başa düşəndən yaxşı yaşayış görmüşəm. Atam “Ponçik” Nadir kiçik bir ərzaq malları dükanının zavmağı olub və bizə “gözün üstə qaşın var” deyən tapılmayıb. Çox ərköyün, davakar, özündən razı uşaq olmuşam mən. İstədiyim şeyi uzaqbaşı bircə həftə gözləyərdim. Atam gedərdi Rusiyyətə, Gürcüstana, Qazaxıstana – defisit, bizlərdə tapılmayan mallar gətirməyə.

Rusiyyətə, Gürcüstana gedəndə qara və qırmızı kürü, mənim uşaq anlamımda "plitka şokolad" adlandırılan, çox acı tamı olan "yek", tiryək aparardı, əvəzinə qiymətcə ağır, vəzncə yüngül olan – qızıl, brilyant, platinlə işlənmiş zinyət əşyaları gətirərdi. Gətirdiyi "rıjik"lərin müştəriləri əsasən milis işçiləri, prokurorluq müstəntiqləri, məhkəmə hakimləri, artistlər, müğənnilər, mağaza müdirləri və sair olardı.

Qazaxıstandan zinyət əşyaları, brilyant qaşlı üzüklər, Daşkənddən isə həmişə anaşa, tiryək və nas gətirərdi. Onları isə Kor Süleyman adlı podelniki ilə birlikdə Kubinkada, Papanində, Zavaqzalnıda, Montində xırıd eliyən barıqalara paylayardılar. Ermənistan və Gürcüstandan gələn barıqalar da tez-tez görünərdilər. Onların bir çoxu ilə böyüyəndən sonra da görüşərdim və atamın hörmətinə görə mənimlə çox mehriban, yaxın qohumları kimi davranırdılar.

Xüsusilə Tiflisin Şeytan Bazarı adlanan məhəlləsində, 9 nömrəli hamamın yanında yaşayan Zırpı Zakir adlı dostu ölənə qədər mənimlə yaxın qohum münasibətində olub. Yazığın qoca qarısından savayı kimsəsi olmadığından, Zakir kişi rəhmətə gedəndə zövcəsi birbaşa mənə zəng vuraraq onun dəfnini təşkil etməyimi istəmişdi.

Qonşumuzda Qorin familiyalı yəhudi yaşayırdı və mən onun Şeyda adlı qızı ilə dostluq edir, rus dili "öyrənirdim". Anam həmişə deyərdi ki, heç nəyi bilməsən də, rus dilini mükəmməl öyrənməlisən, çünki bu dili bilməsən həyatın qaranlıq otağa bənzəyəcək və ömrünün sonunacan orada qara pişik axtaracaqsan. Buna görə də anam məni əvvəlcə rus bağçasına, sonradan Baksovetin həndəvərindəki rus məktəbinə qoymuşdu. Məhəlləmizdə çoxlu yəhudi ailələri yaşayırdı, hamısı da rusca xırıd edirdilər. Elə azəri ailələrinin əksəriyyəti də hətərən-pətərən rus dilində qırıldatmağa üstünlük verirdilər.

Yadıma gəlir ki, məktəbimizin yaxınlığında kilsə vardı, Müqəddəs Aleksandr məbədi adlanırdı. Gözümüzün qabağında onu yerlə yeksan elədilər və Şeyda ağlamağa başladı, çünki həmişə bazar günləri anası ilə bahəm həmin kilsəyə gedərdilər. Mən də çox mütəəssir oldum, onun ağlamağından və qeyri-ixtiyari qucaqladım qızcığazı, öpdüm çənəsindən. Tez-tez bizə gələn, atamın qızıl əşyalar alverində ən yaxşı, sadiq müştərisi sayılan pomprokuror Əskərxan dayı da kilsəni sökənlərə kənardan göstəriş verənlər arasında dayanmışdı.

1941-ci ildə dava başladı, məndən böyük qardaşlarımı, dayı və əmioğlanlarımı yola saldılar cəbhəyə. Hər dəfə "qara yeşik"dən (radio) kiminsə öldüyünü eşidəndə atam kövrələr, bizlərdən xəlvət göz yaşları axıdar, qardaşlarımın şəkillərini güzgünün qarşısına düzərək, saatlarla dua edər, uşaq kimi ağlayardı. Dərdə dözməyən kişi xəstələndi, altı ayın içində arıqlayıb çöpə döndü, ağrılardan qışqıra-qışqıra, həmişə satdığı tiryəkdən çeynəyə-çeynəyə yuxuya gedərdi. Son vaxtlar o qədər aludəsi olmuşdu ki, hətta hər gün anamın bişirdiyi plova da tiryək suyu çiləyib yeyirdi.

Bir dəfə "şokolad" ehtiyatı qurtaranda çox dəhşətli ağrılar keçirdi, dırnaqları ilə evin divarını cırmaqlayr, başını yumruqlayırdı. Mən qaçaraq Çadrovıdakı pivəxanaya, Qotur Davudun yanına cumdum və geri qayıdanda qonşuların atamı tutaraq mələfə ilə çarpayıya sarıdıqlarını gördüm. Burnundan və qulaqlarından qan axırdı kişinin. Dayanmadan qışqırır, inildəyirdi. Bəbəkləri az qalırdı pırtlayıb hədəqəsindən çıxsın. Anama qoşulub mən də ağladım... Qotur Davudun "dərmanı"ndan yeyərək sakitləşən atam iki gün sərasər yuxuladı və ayılmadan dünyasını dəyişdi...

Ağır günlərimiz başladı. Qoşuldum qonşumuzda yaşayan Donbalan Tofiqə, Ceyran oğlu Nərimana, TT-yə, Çəmbərəkəndli Eyvaza, Göygöz Pərizə və girişdik bazardan mer-meyvə, kartof-soğan oğurlamağa, tramvaylarda cibləri təmizləməyə. Mən əsasən Məşədi Səfər oğlu Cavanşirin qardaşı Nadir və Donbalan Tofiqlə Passaj bazarında "işləyirdim". Şəhərin pulluları – voenkomat "dodik"ləri, Hərbi tribunalın "ramzes"ləri, məhkəmə "şaferləri", işləri xod gedən aktrisa-müğənnilər bu bazarda al-ver edir, yaxşı lave xərcləyirdilər.

"İşə" başladığımın ikinci günü Donablan Voenkomatın dördüncü şöbə müdirinin zövcəsinin redkülünü çıxarıb, aradan elə sürüşmüşdü ki, mən də onun hansı küncə soxulduğunu bilmədim. Qadın pulunun yoxa çıxdığını anlayanda elə bağırmağa başladı ki, az qalırdı qulaqlarım cırılsın. Bir andaca bazarın giriş qapıları nəzarətə götürüldü və içəridəki camaatı diqqətlə yoxlayaraq bayıra çıxarmağa başladılar. Mənim də üst-başımı axtarıb bir şey tapmayan milis qaponları yumşaq yerimə bir-iki təpik vuraraq bayıra itələdilər. Bayırda dayanıb bu işin hansı sonluqla qurtaracağını gözləyirdim. Həmin vur-çatlasından sonra qırmızıpapaqlılar yeddi nəfər şübhəlini araya alaraq qorotdelə apardılar.

Həmin axşam Donbalan Tofiq Beşmərtəbənin qənşərindəki cızbızxanada beş-altı nəfər bizlərə qonaqlıq verdi. Tofiqin sözlərinə görə, çantada cəmisi dörd yüz altuşki, bir rıjik steklyaşkalı üzük varmış. Donbalanın kefi o qədər yuxarı idi ki, stol başında oturanların hərəsinə bir çervon da pivəpulu payladı.
Sonralardan Lyalka həmin gün “miledi”nin lopatnikində doqquz yüz manatadək lave və üç zinyət əşyası oldğunu söylədi.

Sonrakı ayda iki ev apardıq. Mənzil sahiblərinin kimliyindən xəbərsiz olduğumdan rahatca pəncərədən keçib, qapını açdım. Məşədi Səfər oğlu Cavanşirlə Dağlı Xeyrulla evin içinə girəndə birbaşa şifonerin kamodlarına şmon keçirdilər. Xeyli ləl-cəvahirat və kuş götürdük. Sonradan bildim ki, Stalin rayonu Xalq Məhkəməsinin hakimlərindən birinin mənzilini təmizləmişik. Məşədi Səfər oğlu Cavanşirin dediyi doğru çıxdı – qanun keşikçisi evinin oğurlandığı barədə səsini də çıxarmadı.

Amma çox keçmədi, kiçicik oğurluq üstündə tutuldum. Tramvayda rayondan gəlmiş birisinin cibini təmizləyib, düşmək istəyirdim ki, böyük bir qaldej qopdu. Sən demə, qırmızıpapaqlılar libaslarını dəyişib kəndçi paltarı geyməklə Parapetin tramvay dayanacağında "tor" qurublarmış. Tramvayın içindəcə qoluma braslet bağlayıb "passaj"ın qarşısındakı otdeleniyaya sürüklədilər.

On altı yaşım təzəcə tamam olmuşdu. Gətirdilər məni qorotdelə. Uşaqlarla işləyən sahə inspektoru Qriqoryan adında erməni gestapoçu, kapitan-musor vardı, döyə-döyə apardı məni 3-cü mərtəbəyə. Sinəmdən elə vurmuşdu ki, xeyli vaxt nəfəs ala bilmədim. Qolumu nə təhər burdusa, qışqırığım aləmi bürüdü, əlindəki açarlar topası ilə peysərimə vururdu. Üz-gözüm şişmiş, başım partlamış halda atdılar məni kameraya. Uzun müddət qolumun ağrısı imkan vermirdi rahat oturmağa. Bir neçə gün burada ac-susuz saxladıqdan sonra gətirdilər məni Bayıla.

– O günləri unutmaq olmaz, – istehzalı təbəssümlə danışır Azik. – Bayıl türməsi "E" hərifi şəkilindədir. Deyirlər ki, rus çariçası İkinci Yekaterina tikdirib Bayıl türməsini. Orada həmin vaxtlar çariçanın adındakı hərflərin sayı qədər – 9 korpus vardı. İkinci korpusdakı dördüncü kameraya itələdilər məni. Müharibəyə qədərki vaxtda hər korpusun kameraları 1-dən başlayır, 21-də qurtarırdı. Dustaqların sayı hər kamerada 10 şkonkaya 20-30 nəfər düşürdü. Elə vaxtlar olurdu ki, kameradakı müttəhimlərin sayı 40-a çatırdı.



Atıldığım kamerada rəhmətlik "Maruxa" idi, Mollaoğlu Qədirdi, Mehdi Maştaqinski, Sümük Böyükağa, Cin Abbas və bir neçə rayonlu balaları vardı. Obşaka Maruxa baxırdı. Klikuxası "Maruxa" idi, yəni yaraşıqlı oğlan. Əsl adı Tofiq, famili Abdullayev, özü də içərişəhərdəndi, təmiz azərbaycanca botat eləyir, ləhcəsində isə dağlıların şivəsi duyulurdu. Rusiyada, Kazaxstanda, Gürcüstanda böyük blatı vardı Maruxanın. Rəhmətliyi bayırdan tanıyırdım, bir neçə dəfə toy məclislərində, yas mərasimlərində eyni dəstə ilə oturmuşduq. Anası rus, atası İrandan gəlmə azərbaycanlıydı. Mehdi Maştaqinski canlara dəyən, zarafatcıl, lətifəbazın, qumarbazın birisiydi. Çoxları ona Anekdot Mehdi deyərdi. Dominoda, "dvadsatodin"də onunla bazlaşa bilən ikinci adam tanımırdım. Kartları bir dəfə paylayandan sonra hamısını əzbərdən söyləyərdi.

Kimin yanına sovqat gəlirdisə, yaxşı qrev gətirirdi. Mehdinin qohum-əqrəbası çox olduğundan hər gün peradaça alırdı. Maruxanın dostları isə bizi tütün və çayla qret eliyirdilər. Sümük Böyükağanın qardaş və əmiuşaqları görüşə təmiz “plan”la, plov və qovurma ilə gəlirdilər.

Vaxtımızı kart oynamaqla keçirirdik. Qaponlar icazə vermirdilər, gizlicə oynayırdıq. Div Əlibaladan başqa. Div də Kömürçü Meydanı tərəfdə yaşadığından, oğruların, cayılların çoxu ilə tanış idi. Ksiva aparır, cavab gətirir, hərdənbir ikiqat qiymətinə təmiz, bir-iki puzır medisinski spirt ötürürdü içəri.

Əzazillər - canavar südü əmənlər, blatnoy mirdə qnida, jandarm, musor adlandırılan - vertuxaylar daha çox idi Bayılda. Bəhanə axtarırdılar ki, pressxataya aparıb, əlil qismində geri qaytarsınlar. Zülfüqar Sarayski və Batkov Şıxovski vardı, starşina idi, boksyor olub, bədəncə də zırpının birisi. Bir balaca o yan-bu yan olsaydı, “İspanski rubaşka” geydirərdi türmədəkilərə, ona görə ehtiyatlı davranırdıq.

İspaniya köynəyi belə bir işgəncə alətidir ki, at dərisindən xırda-xırda yamaqlardan tikilmiş kombinezon fason geyimdir, suya salıb isladırlar və geyindirirlər ifadə vermək istəməyən, daha doğrusu, mentlərin almağa çalışdıqları izahata avtoqraf qoymayan dustağa. Rubaşka quruduqca həm sıxılır, həm də qırx beş dərəcəyəcən burulurdu. Adamın omba sümükləri, onurğa sütunu və ətraflarını sanki yavaş-yavaş dartaraq, yerindən qoparır kimi ağır işgəncə verirdi. Mentlər təkcə Maruxa və Məştağalı Mehdiyə dəyib-dolaşmırdılar. Onlara böyük hörmətlə yanaşır, bəlkə də çəkinirdilər. Onları hətta daprosa aparanda qollarına qandal vurmur, tüfəngin qundağbı ilə dürtmə ilişdirmirdilər.

Qazamata gəldiyimin ikinci günü Sümük Böyükağanı aparmışdılar doprosa. Sorğu-sual 20-ci kamerada aparılırdı. Sümüyü aparadıqlarından bir saat sonra at kişnəməsini xatırladan qışqırıq, canavar ulartısına bənzər yalvarış səsini eşidəndə tüklərim biz-biz dayandı. Hətta əsəbləri dəmirdən olan Maruxanın da bənizi ağarmışdı. Təxminən bir saatdan sonra Sümük Böyükağanı sürüyə-sürüyə kameraya qaytardılar. Gözləri yaponlarınkı kimi qıyılmış, bəbəkləri qan sağımış, burnu badımcana dönmüşdü. Zülfüqarla Batkov onu yetərincə döydükdən sonra “İspanski rubaşka”nın içinə soxmuşdular. Ona görə soxmuşdular deyirəm ki, həmin moment Sümük özündə deyildi, rezin şlanqlarla o qədər şallaqlamışdılar ki, yazıq huşunu itirmişdi.

– Handan-hana bədənimin onurğa sütununun dartıldığını, fırlandığını, xırçıldadığını hiss edib, huşa gəldim, – deyə, axşama yaxın bir neçə krujka xaşxaş qabığından dəmlənmiş çay içdikdən sonra pıçıltı ilə danışmağa başladı Sümük. – İlahi, belə sarsıdıcı ağrını mən yalnız on yaşım olanda dişimin duplosuna əncir çərdəyi düşəndə bir saniyəlik hiss etmişdim. İndi isə bu iztirab dəqiqələrlə uzanırdı, beynimin içərisində elə bil krısalar sümük gəmirirdilər.
– Axı, tələbləri nə idi? – Maruxa onun gözlərinin üstünə dəmlənmiş çayın gecəsindən ibarət kütləni düzə-düzə soruşdu. – Bir azacıq döz, bratuxa. Yoxsa gözlərin şikəst olacaq, ən azı çeşmək taxmaq məcburiyyətində qalacaqsan.
– Orada NKVD-nin şişkanı oturmuşdu, erməniydi.– Böyükağa inilti qarışıq pıçıltıyla dilləndi. – Əvvəlcə mənə “yaş” bir iş yamamaq istədilər. Guya qəbristanlıqdan tapılan qırmızıpapaqlının meyitə dönməsində əlim olub. Faraon məndən soruşur ki, ötən ayın dördü günü saat filan-filanda harada, kimlərlə olmuşam. Deyirəm, alə, Qimler, mən dünən nə vaxt paraşaya oturduğum vaxtı yadıma sala bilmirəm, qırx gün bundan əvvəl harada oturduğumu necə xatırlayım? Şişkan bir söz demədən başı ilə Zülfüqara şlanqı götürmək işarəsi verdi. Yadıma öz atlarımı qamçılamağım düşdü. Onlar vururlar, mən dodaqlarımı sıxıb cınqırımı da çıxarmıram, onlar bədənimi, sir-sifətimi yumruqlayır, çəkmənin ucu ilə dizlərimə, ombama təpiklər ilişdirir, mən dözürəm...

Şişkan şallaqlamanı dayandırmağı əmr edir, üstümə su tökməyi tapşırır:
– Ara, mən onu öldürün demədim axı, – Qladiator qrafindən su süzüb mənə tərəf uzadır, amma vermirdi. – Səni elə bu saat volyaya buraxıram, çünki əsl kişisən, ölürsən, amma eləmədiyin işi boynuva götürmürsən. Mənə sənin kimi polad iradəli adamlar lazımdır. İşin çox da çətin olmayacaq, oğruların yığıncağında nakolka qoyulan işlərdən mənə məlumatlar ötürərsən. Bizim bufetdən ərzaq, laryokdan pal-paltar, alarsan, pul da verəcəyik. Burada çətin bir şey yoxdur, adamımız müəyyən vaxtda Pyanıy Uqoldakı çayxanaya gələcək, guya Kubinkadan hansısa mal almaq niyyətindədir, tapmır. Onunla yol gedərkən bir neçə söz pıçıldayarsan, qurtardı getdi. – Qladiator faralarını sifətimə zilləyib elə baxırdı ki, elə bil ürəyimin içindəki vərəqdən nəyi isə oxuyur, bəbəkləri civə kimi qaçışırdı.

Başımı yırğalamaqla “yox” dediyimi gördüm. Divardakı mismardan asılmış kitelinə baxdı, Bitkovun qulağına nə isə pıçıldayıb getdi... Və məni yenidən döyməyə, dəmir xətkeşin tini ilə başıma-başıma vurmağa başladılar.

Sümük Böyükağanın vəziyyəti saatbasaat yaxşılığa doğru gedirdi. O, yuxulamışdı, ancaq Maruxa ilə Anekdot Mehdi onun bədəni üzərində terapiyanı davam etdirir, tiryəki suda qaynadaraq qançırların, yaraların üstünə sürtürdülər.

İki aydan sonra türməyə gələn komissiya cəbhəyə könüllü getmək istəyən cavan zekləri (yüngül maddəli oğruları, cibgirləri, xırda xuliqanlıq üstündə tutulanları) bir həftə evdə istirahət etmək şərtilə azadlığa buraxdı. Mən xahişnamə yazmasam da, adımı siyahıya saldılar. Maruxa məsləhət gördü ki, aradan sürüşmək sərfəlidir: “Hələlik buradan çıx, frontdan yayınmaq asandır”. Maştağalı Mehdi də onun sözünə qüvvət verdi.



Teqlər:





Xəbər lenti