Nazirlik bir çox restoranlara sanksiya tətbiq edəcək

Nazirlik bir çox restoranlara sanksiya tətbiq edəcək
  27 İyul 2018    Oxunub:3724
“Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) tərəfindən ictimai iaşə obyektləri, şadlıq evləri, restoranlar tərəfindən atmosferə atılan tüstü axınına görə obyekt sahiblərinə müasir standartlara cavab verən təmizləyici qurğuların quraşdırılması barədə xəbərdarlıq başa çatır”.
AzVision.az xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova bu gün keçirdiyi mətbuat konfransında deyib. Onun sözlərinə görə, yaxın günlərdə xəbərdarlığa əməl etməyən və atmosferi çirkləndirən “Xəmsə”, “Oskar”, “Oazis”, “Millenium”, “Sonalar Sonası”, “Xan qızı”, “Dan ulduzu” və digər restoran, şadlıq sarayları barəsində qəti tədbirlərin görülməsinə və sanksiyaların tətbiqinə başlanılacaq

Nazirlik sözçüsü bildirib ki, ekoloji problemlərin həlli məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən intensiv tədbirlərin həyata keçirilməsi davamlı xarakter daşıyır və görülən işlər artıq geniş ictimai dəstəklə qarşılanır "Plastik tullantıların düzgün idarə edilməsi, çeşidlənməsi və tədricən plastik qablaşdırılmadan imtina olunması sahəsində digər tədbirlərlə bərabər, plastik tullantılar üçün konteynerlərin yerləşdirilməsi layihəsi də davam etdirilir. Yeri gəlmişkən, plastik tullantılar üçün nəzərdə tutulan belə konteyner bu gün Şabran şəhərində qoyuldu".

İ.İbrahimova əlavə edib ki, artıq ağacların kəsilməsinə ictimaiyyət tərəfindən kəskin münasibət bildirilir, ağac kəsənlər ictimai qınaq obyektinə çevrilir. “Daha bir aktual məsələ isə Xəzər dənizinin çirkləndirilməsi, onun qarşısının alınması və bununla bağlı nazirlik tərəfindən həyata keçirilən davamlı monitorinq və reydlərlə bağlıdır. Xəzəri çirkləndirənlərə qarşı DİN-lə birlikdə keçirilən reydlər davam etdirilir və bu məsələ də daimi olaraq nazirliyin diqqət mərkəzindədir”.

Aytən Zəhra
AzVision.az



Teqlər: ETSN   İradə-İbrahimova  





Xəbər lenti