Bir gün qələbəmiz də ASAN olar – “Hərbiyyə” təəssüratları

  25 İyul 2018    Oxunub : 2364
Bir gün qələbəmiz də ASAN olar – “Hərbiyyə” təəssüratları
Aida Eyvazlı

Şəhərin qızmar istisindən çıxıb, bir neçə saatdan sonra Qəbələyə çatıram. Qafqaz sıra dağlarının ətrafı yamyaşıldır. Elə bil ki, o qızmar istilər heç buradan keçməyib. Vətənimin belə mənzərəli yerləri çoxdur. Tanrı Azərbaycanı Yer üzünün parlaq üzük qaşı kimi yaradıb. “ASAN Xidmət”, “ASAN Könüllüləri” Təşkilatı və Dövlət Sərhəd Xidmətinin birgə təşkilatçılığı ilə Azərbaycan Silahlı Qüvvələrinin 100-cü ildönümünə həsr olunmuş “Hərbiyyə” hərbi-vətənpərvərlik düşərgəsinin iştirakçıları üçün keçirilən təlimlərdə iştirak etmək üçün Laza kəndinin yaxınlığında yerləşən hərbi hissəmizə gedirəm.
Hərbi hissə dağın düz başındadır. Buraya çatanda məktəb illərindən Aleksandr Sergeyeviç Puşkinə həsr olunmuş dərsdən öyrəndiyimiz “Qafqaz” şerini xatırlayıram: “Qafqaz altımdadır, ən hündir olan zirvədə mən...”

Sərhəd xidmətinin bu hərbi şəhərciyinə çatanda isə ürəyim sevincimdən köksümə sığmadı. Bir hərbi hissənin həyətində nə qədər bayraq dalğalanarmış? Hər tərəfdə o şanlı bayraqlarımız sancılıb. Hərbi şəhərciyin həyətindəki səliqə-sahman, gözəllik, təlim mərkəzi və zabit və əsgər heyyətinin özünün və ailəsinin yaşaması üçün yaradılan şərait – hamısı gözoxşayandır. Bu uca, sıx meşəlikli dağların lap üst hissəsində isə sərhədçilərimiz gecə-gündüz dilbər Vətənimizin keşiyindədirlər. Lap şerdə deyildiyi kimi, şübhəli, qorxulu nə varsa, qartal gözlü hərbçilərimizin, sərhədçilərimizin gözündən yayınmır.

Hərbi hissənin qapısında məni Vətən uğrunda döyüşlərdə yaralanıb, qazi olan dostlarımız qarşıladı. Onlar “ASAN Xidmət”də işlə təmin olunublar. Diqqətdən kənarda qalmayıblar. Gözlərində bir dünya işıq, sevinc var idi. Hərbiyyə təlimlərində iştirak edən ASAN könüllülərinə hərbin sirlərini, hərbçilərin müharibə, döyüş şəraitində necə hərəkət etməli olmaları barədə təlimləri öyrədirdilər. "Hərbiyyə" hərbi-vətənpərvərlik düşərgəsinin iştirakçılarına xüsusi kəşfiyyat dəstələrinin "Meşə zolağında həyatda qalabilmə hazırlıq təlimi", “Xidməti itlərin iştirakı ilə itaət komandalarının yerinə yetirilməsi”, “Sərhəd pozucusunun yaxalanması” təlimini də onlara xüsusi peşəkarlıqla öyrədirlər. Bununla belə həm də çox şad- xürrəm görünürdülər. Ona görə ki, qazi olandan sonra bir çoxları kimi onlar unudulmadılar, cəmiyyətə gərəkli olduqları üçün, unudulmadıqları üçün xoşbəxt idilər. Vətənimizin müharibədə bütün əlil olan qazilərinə belə münasibət olsa, onlar da ailələrinə çörək pulu aparar, beləcə xoşbəxt görünərlər. Unutmayaq ki, o qazilərin də evində gələcəyin əsgərləri böyüyür.



ASAN könüllülərlə söhbətə başlayanda, artıq axşam idi. Hər iki tərəfimdə qazilərimiz oturmuşdu. Vüqarlı idim. Qürur duyurdum. Gənc könüllülərimiz axşamın təzə düşən qaranlığında bizə diqqət kəsilmişdilər. Əvvəlcə “Qalibiyyət: Şahidlər və şəhidlər” kitabım haqqında danışdım. Könüllülərimiz sual verdilər, cavablandırdıq.

Təbiətin bu yerlərə verdiyi naxışlar, mənzərələr adamın qəlbini riqqətə gətirirdi. Başımızın üstündə buludlar və bir də ki, dağlardan, sıx meşəliklərdən əsən sərin Vətən havası. Gənclərə dedim ki, baxın indi bu göy üzündə ulduzlar sayrışmır, dağlarda və o sıx meşəliklərin içərisində qurddan, canavardan, ayıdan, vəhşi heyvanlardan qorxmayan mərd və cəngavər əsgərlərimiz, hərbçilərimiz sərhədlərimizi qoruyurlar. “ASAN Xidmət” isə fəaliyyətə başladığı ilk gündən hər zaman vətəndaşı üçün çalışıb, vətəndaşının mənafeyi, aldanmaması, rahat yaşaması üçün möhtəşəm bir fəaliyyət proqramı tərtib edib.

Mən 11 aprel Prezident seçkilərinə gedəndə, sosial şəbəkədə belə bir status yazmışdım: “Səsimi Vətən üçün xeyirli olan namizədimə verdim”. Arzu edirəm ki, seçkilərdə qalib gələn namizəd, seçdiyimiz Prezident Azərbaycanın bütün sahələrinin ASANlaşması üçün şərait yaratsın. Və bu gün “ASAN Xidmət” artıq Azrbaycan brendidir. Bizim məktəbdə öyrəndiyimiz, sonralar yavaş-yavaş unudulmuş dəyərləri milliləşdirib, bir proqram kimi könüllülər arasında yayır və bu prosesdən gənclərimiz yeni dərslər, yeni nümunələr götürürlər. Hər gün bir yenilik, həm sosial innovasiyalar sahəsində, həm təhsilə aid, həm gənclərin məşğulluq və fəaliyyət sahəsinin inkişafı üçün ən uğurlu layihlərə imza atır.



Bu gün hərbi hissədə təlim keçən siz gənclər, burada gördüklərinizdən sonra, bu Vətəni daha çox sevəcəksiniz, Vətən haqqında anlayışınız bir az da dəyişəcək. Latviyalı və estoniyalıların belə bir adəti var. Övladları müəyyən bir yaş həddinə, yəni məktəb yaşına çatanda onların əllərindən tutub, Vətənlərinin sərhədləri başlayan və qurtaran yerə qədər aparırlar ki, Vətənin haradan başladığını bilsinlər. Belə uşaqlar heç zaman o sərhədləri unutmurlar. Bilirlər ki, o sərhədlər qorunmalıdır. Bu gün “ASAN Xidmət” “Hərbiyyə” adlı layihəsi ilə sizin hər birinizə Vətənin sərhəddinin bir hissəsinin haradan başlandığını göstərdi. Siz burada Vətən döyüşlərində iştirak etmiş qəhrəman döyüşçülərimizlə ünsiyyətdə oldunuz. Bu görüşlər siz yaşadıqca, hər zaman sizin xatirənizdə qalacaq. Qədim türklər kitabələrində bir dövlətin yaşaması üçün təməllərdən bəhs edərkən, təbiətə məhəbbəti qabardırlar. Çünki yaşadığın təbiətin arealı sənin yurdun, Vətənindir. Torpağa, ağaca, gülə, çiçəyə məhəbbət insan üçün əsas meyyardır. Təbiəti sevən onun canlısını da sevəcək, zərər vurmayacaq. O kitablarda yalan danışmamaq, aldatmamaq, xain olmamaq, haqqı danmamaq, xəyanət etməmək kimi keyfityyətlərdən yazılıb. Bu gün “ASAN Xidmət”in də təməl prinsipləri belədir. Vətəndaşlarımıza şəffaf xidmət göstərir. Bu gün “ASAN Xidmət” dövlətin qazisinin, pensiyaçısının qayğısına qalır ki, vətəndaşlarımız problem yaşanmasınlar.

ASAN Könüllüləri “Qalibiyyət: şahidlər və şəhidlər” kitabım haqqında da sual ünvanladılar. Onlara dedim ki, hər bir şəhid ailəsinin qapısını döyəndə fikirləşirdim ki, görəsən ailədə məni necə qarşılayacaqlar. Lakin döydüyüm o qapıların hər birində dalğalanan Azərbaycan bayrağını görüb, ürəklə keçirdim içəri. O günlərin əsil şahidləri isə indi mənimlə bir sırada, sizinlə üz-üzə oturan şahidlərdir.

Vətən uğrunda döyüşlərdə qəhrəmancasına iştirak edən xüsusi təyinatlılarımız Elvin Hüseynov, Əliağa Zeynalov, İlqar Babayev, Natiq Mehdiyev, Elşad Haşımov keçdikləri döyüş yolundan, 2010-cu ildən sonra ermənilərə qarşı apardıqları xırda həcmli döyüşlərdən və ən sonuncu olan aprel döyüşləri vaxtı düşmənə endirdikləri zərbələrdən danışırdılar. Maraqlı döyüş səhnələri, düşmənin düşdüyü miskin vəziyyəti şərh edəndə, “Hərbiyyə” təliminin iştirakçıları onların danışıqlarını yarımçıq qoyub, sevinclə alqışlayırdılar. Qazilərimiz döyüş dostlarını yada saldılar. Şəhidlərin xatirəsini yad etdilər. Milli Qəhrəmanlarımız Murad Mirzəyevdən, Samid İmanovdan, Raquf Orucovdan, Vüqar Yusifovdan, Pəncəli Teymurovdan, Dilsuz Qarayev, Mühit Orucovdan danışdılar . Gənclərimiz Vətən qəhrəmanları haqqında xatirələri şahidlərin dilindən eşitdilər. Və könüllülərdən birinin verdiyi sual belə oldu. “O döyüşlərdə qarşınıza erməni uşağı çıxdımı? Siz də erməni uşağına güllə atdınızmı?” Sual düşündürücü sual idi.



Döyüşçülərimizdən biri həmin döyüş səhnələrini danışıb dedi ki, Talış kəndinə girəndə orada artıq yaşlı qocalar qalmışdı. Ermənilər öz qoca və xəstələrini atıb getmişdilər. Uşaqlarını isə aparmışdılar. Sorağımızı eşidib qaçmışdılar... Uşaqlar eşitməsin deyə, hərbçilərimizdən biri mənə pıçıldadı ki, qarşıma erməni uşağı çıxmadı, çıxsaydı öldürərdim, çünki onu mən öldürməsəm, o böyüyüb mənim uşağımı öldürəcək. Müharibə başlayandan görün nə qədər günahsız uşaqlarımızı öldürdülər, qətlə yetirdilər.

Yuxarıda qeyd etdiyim kimi, o axşam hava sıx buludlu idi. Başımızın üstündə bir topa qara bulud var idi. Bir iki damcı yağış səpələyib, keçdi. Narahat olanlara dedim ki, biz şəhidlərimizdən danışırıqsa, Ana təbiət, Göy Tanrısı bunu eşidir, şəhidlərimizin göylərdə keşik çəkən ruhu da bilir ki, onlardan danışırıq. Görüşümüz bitməyincə yağış yağan deyil... ASAN Könüllülərinin sualları çox olduğundan, görüşümüz çox uzandı... Biz söhbətimizi bitirəndə bir də baxdıq ki, buludlar yağmadan ötüb keçiblər.

O gecədən xatirimdə bir ömrə bərabər, bir axşam söhbəti qaldı. Çünki həmin axşam Vətənimizin gənclərinə Vətən haqqında, torpaq haqqında fikrilərimizi bölüşdük.



***

...Bakıya qayıtmazdan əvvəl Qəbələdəki “ASAN Xidmət” Mərkəzinin binasına baş çəkdim. Bina Qəbələ şəhərinin mərkəzində, şəhərin infrastruktur obyektlərinə yaxın ərazidə yerləşir. Geniş bir ərazidə ucaldılan dördmərtəbəli “ASAN Xidmət” Mərkəzi göz oxşayır. Bu mərkəzin açılışında 2016-cı ilin avqust ayının 10-da ölkə prezidenti İlham Əliyev iştirak edib.

QəbələASAN Xidmət” Mərkəzinin mudir vəzifəsini müvəqqəti icra edən Fədai Ziyəddinov dedi ki, bu gün “ASAN Xidmət” Mərkəzinin fəaliyyətindən Qəbələ şəhəri də daxil olmaqla, Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, İsmayıllı, Ağsu, ŞamaxıQobustan rayonları ərazisində qeydiyyatda olan vətəndaşlar yararlanırlar.

Foyenin birinci mərtəbəsində gənc könüllülər vətəndaşlarımıza xidmət edirdilər. Onlara yaxınlaşıb əhval-ruhiyyələrini soruşdum. Dedilər ki, vətəndaşlarımıza xidmət etmkdən məmnundurlar. Mən onlara Azərbaycan Prezidnetinin iyul ayının əvvəlində keçirdiyi müşavirədə “ASAN Xidmət” haqqında söylədiyi fikirləri xatırlatdım: “Korrupsiyaya, rüşvətxorluğa qarşı bundan sonra da çox ciddi mübarizə aparılacaq. Biz elə etməliyik ki, korrupsiya hallarının baş verməməsi üçün institusional mexanizmlər işə düşsün. Biz bəzi müsbət meyilləri də görürük. Misal üçün, ictimai xidmətlər sahəsində “ASAN Xidmət” korrupsiyadan tam azad bir qurumdur. “ASAN Xidmət”ə 20 milyondan çox müraciət olunub və vətəndaşların bəyənmə əmsalı 100 faizə yaxındır. Yəni, bunu etmək mümkündür".

ASAN Xidmət” Mərkəzlərində çalışan sizin kimi könülllərin görülən hər bir müsbət işdə əməyi vardır. Atdığınız hər bir şəffaf addımla Vətənimizin quruculuğuna, dövlətimizin möhkəmlənməsinə xidmət edirsiniz.

Qəbələdəki “ASAN Xidmət” Mərkəzində fəqli bir guşə diqqətimi cəlb etdi. Buraya insanlar özlərinə lazım olmayan, lakin təzə, yaxşı vəziyyətdə saxlanmış paltarlarını ehtiyacı olanlar üçün gətirirlər. Sonradan bu paltarlar Qəbələ rayon İcra hakimiyyətinin siyahısında olan imkansız ailələlərə paylanır. Mən belə paylaşımları xarici ölkə diplomatları arasında da görmüşəm. Müxtəlif ölkələrin diplomatlarının xanımları evlərində uşaqlarının geyinmədiyi, lakin köhnəlməyən paltarları ilə mübadilə edirlər. Bir diplomat ailəsi öz paltarını digər ailəyə hədiyyə edir.

Burada diqqətimi cəlb edən otaqlardan biri də “Anti- stress” otağı oldu. İş vaxtı yorulan, hirslənən hər hansı bir əməkdaş 4-cü mərtəbədə yerləşən otağa gəlir. Pəncərələrindən Qəbələnin və Qafqaz sıra dağlarının, Dəmiraparan çayının yaratdığı gözəl panoramaya baxandan sonra, yəqin ki həmin andaca, hirsi və yorğunluğu ötüb keçir. Hirslənməyə gəlincə isə, bütün “ASAN Xidmət” Mərkəzlərinin belə bir iş prinsipi var: hər bir vəziyyətdə vətəndaş haqlıdır, sənin hirslənməyə, ona cavab qaytarmağa, pis rəftar etməyə, acılamağa haqqın yoxdur. Çünki sən vətəndaşın, xalqın xidmətindəsən. Və yəqin ki, bu otağa çıxıb dincəlmək isytəyənlər də, ancaq yorğunluqlarını çıxarmaq üçün gəlirlər. Hirsdən heç söhbət belə gedə bilməz.

Bunun da isbatını mərkəzin 1-ci mətrəbəsində Fədayi Ziyəddinovla çay içdiyimiz zaman gördüm. Nahar fasiləsinə çıxan əməkdaşlar, bizimlə eyni yeməkxanada çox sərbəst şəkildə hərəkət edir, deyib-gülüb danışırdılar. Bunu ona görə demək istəyirəm ki, “ASAN Xidmət”in iş prinsipi elə qurulub ki, dövlətin əsas yatırıımının insan olmasını hər kəs hiss etsin. Əməkdaşların bir-biri ilə münasibətlərində qarşılıqlı hörmət durur. Bu sivil cəmiyyətin bir modelidir. Qəbələ Regional “ASAN Xidmət” Mərkəzi ilə tanışlığımızın sonunda vətəndaşlarımızın bir neçəsi ilə də ünsiyyətdə oldum, hər biri onlar üçün yaranmış şəraitdən məmnun qaldıqlarını söylədilər. Və ayrılanda onlardan birinə belə dedim: “İşiniz ASAN olsun!”

ASAN Xidmət yüzillər boyu leksikonumuzda formalaşan “İşin avand olsun!” kimi lakonik bir deyimi, artıq “İşin ASAN olsun”a çevirə bilib.
Əzizlərim, dostlarım bir-birinzilə üz-üz gələndə, bir iş dalınca gedndə deyin ki: İşin ASAN olsun. Onsuzda tezliklə Azərbaycanda bütün işlərimiz ASANlaşacaq.
Bunu Azərbaycan Respublikasının Prezidneti İlham Əliyev öz çıxışlarında dəfələrlə qeyd edib:
“ASAN xidmət” mərkəzinin fəaliyyətinin məqsədi dövlət orqanlarının hüquqi xidmətlərinin göstərilməsində vətəndaşların razı salınması, şəffaflığın təmin edilməsi, korrupsiya hallarının tam aradan qaldırılması, müasir texnologiyaların, “bir pəncərə” prinsipinin tətbiq olunmasıdır. Əsas prinsipləri operativlik, şəffaflıq, nəzakətlilik, məsuliyyət, etik davranış qaydalarına nəzarət və rahatlıq olan “ASAN Xidmət” mərkəzləri öz fəaliyyətini yüksək standartlar çərçivəsində quran və inkişaf etdirən dövlət orqanı qismində “vahid məkan” prinsipinə əsaslanır”.

Bakı-Qəbələ-Bakı

Teqlər: