Erməni düşmənimdirmi? – Günay Arda

Erməni düşmənimdirmi? – Günay Arda
  24 İyul 2018    Oxunub:17593
Günay Arda
AzVision.az

Ermənilərlə azərbaycanlılar düşməndirmi?
Gözümüzü açandan, əlimiz qələm tutandan bir cümləni eşidirik: “Dünya bu ədalətsizliyə hələ də dözür”. Söhbət Qarabağda baş verənlərdən gedir. Dünyanı bildik, bəs biz necə?
“DJ erməni mahnısına görə həbs edildi”
“Erməni müğənni Bakıda möhtəşəm konsert verəcək”
Məsələ burasındadır ki, DJ erməni mahnısını səsləndirməkdə qəbahət görmür. Polisin onu sırf erməni mahnısına görə həbs etməsi isə qeyri-mümkündür. Bu həbs üçün heç bir hüquqi əsas yoxdur.

Erməni müğənni Bakıya gətirilirsə, gətirənin heysiyyatı bunu qəbul edir. Həmçinin o konsertə gedənləri də bu məsələ narahat etmir. Sosial şəbəkədə bir-iki etirazçı var ki, bu da statusdan o tərəfə keçmir. Hər halda, rəsmi olaraq nə Xarici İşlər Nazirliyi, nə də Mədəniyyət Nazirliyi ortaya mövqe qoyub.

Yuxarıda oxuduqlarınız haçalanmadır. Səbəb isə birdir: Milli məsələlərlə bağlı konkret ideologiyanın olmaması. Biz hələ də bilmirik ki, erməni mahnısına qulaq asmaq olar, ya yox. Olmazsa, niyə olmaz? Olarsa, səsləndirən necə həbs edilə bilər? Bu qədər qərarsızıq.

Tutaq ki, sabahdan “Qardaş olub Hayastan, Azərbaycan” ı yeni aranjmanda da oxuduq. Bir erməni gəldi Bakıya, yedi-içdi, getdi. Axı bu mehribançılıq üçün addımı dünya təcrübəsində zərərçəkmiş yox, işğalçı atır. Biz axı hələ də bir addımımızı öz torpaqlarımıza qoya bilməmişik. Tutaq ki, torpağı işğalda olan millət olduğumuzu da unutduq, şəhidlərə də ildə bir “salavat” deyib, yola verdik. Bəs dünyanın zəhləsini niyə tökürük?

Azərbaycan ermənini ölkəsinə gətirir, ölkədən çıxan kimi ilk dostlaşdığı xarici erməni olur. Erməni ilə biznes qurur, inkar etsə də, arada qız alıb, qız verir. Digər tərəfdən də deyir ki, dünya harayıma gəlsin, inansın ki, işğal olunmuşam, 20 min şəhid vermişəm, əsirlərimə olmazın işgəncə verilib. Buna görə isə bircə nəfər də cəzalandırılmayıb. Atamın, babamın torpağına içəndə “Google map”də baxıram.

Tarix bizim kimi qərarsız millət görməyib. Bəlkə də bütün bunların bircə səbəbi hələ də millət kimi formalaşmamağımızdadır. Əksi olsaydı, dost və düşmən anlayışımız bir olardı. Milli məsələlərdə, milli maraqlarda fikirlərimiz get-gəlli olmazdı.

Dünya bu ədalətsizliyə dözürsə, sən ədalətsizliyi norma kimi qəbul etmisən. Unutmusan, həzm etmisən.

Dünya da soruşur ki, atam balası, sənin vecinə olmayan vəziyyət məni niyə narahat etməlidir? Ququşu illər ərzində özününkü bilib, bircə dəfə də ölkənə çağırmadın. İrəvanda konsert verdi deyə, “xalq düşməni” elan etdin. Bəs erməniyə Bakıda züy tutursan axı... Bu nə pəhrizdir, bu nə kələm turşusu?..

Məncə, biz dünyanın zəhləsini tökməzdən, ildə bir dəfə işğal olunmuş ərazilərin fotolarını paylaşıb, üzümüzə saxta kədər verməzdən əvvəl qərar verməliyik: Dərdimiz nədir?

Məsələn, qonşularımız gürcülər, ruslar bizimlə bağlı həmişə tərəddüd içindədirlər. Biz mütəmadi olaraq dörd tərəfimizdən düşmənimizlə düşmən olmalarını istəyirik. Özümüz isə dostluğa davam edirik. Gürcülər də, ruslar da soruşur: İki düşmən xalqın Tbilisi və Moskvadakı biznes ortaqlığı ümumi düşmənçiliyə mane olurmu? Onlar bunu sadə tələffüzlə yox, gözləri bərəlmiş şəkildə soruşurlar.

Təsəvvür edin ki, mən binəva sizdən deyiləm. Yad adam kimi soruşuram: Erməni sənin düşmənindirmi, ya yox?



Teqlər:





Xəbər lenti