Diaspora Komitəsindən Orxan Zeynalovla bağlı açıqlama

Diaspora Komitəsindən Orxan Zeynalovla bağlı açıqlama
  17 Oktyabr 2013    Oxunub:1055
Komitə azərbaycanılılar yaşayan ərazidə müvafiq profilaktik tədbirlər görmək məqsədilə İşçi qrup yaradıb.
Diasporla İş üzrə Dövlət Komitəsi Rusiya Federasiyasının Moskva şəhərində Azərbaycan Respublikasının vətəndaşı Orxan Zeynalov tərəfindən törədildiyi ehtimal olunan qətl hadisəsindən təəssüfllənir, mərhumun ailəsinin kədərini bölüşdüyünü bildirir. Dövlət Komitəsindən AzVision.az-a bildiriblər ki, bu cinayət hadisəsində şübhəli qismində saxlanılan şəxsin Azərbaycan Respublikası vətəndaşı olmasından dərin təəssüf hissi keçirir.

Dövlət Komitəsi bəyan edir ki, irqindən, dinindən və milliyətindən asılı olmayaraq bu cinayət hadisəsini törədən şəxsin cinayət əməli törətdiyi sübuta yetirilərsə, o qanunla nəzərdə tutulmuş ən yüksək cəzaya layiqdir.

Bununla yanaşı, Dövlət Komitəsi Rusiya kütləvi informasiya vasitələrinin milli müxtəlifliklərlə zəngin, böyük və çoxmədəniyyətli bir ölkədə məişət zəminində baş vermiş adi bir qətl hadisəsini etnik kontekstə ictimailəşdirməsindən narahat olduğunu bildirir. Cinayətkarın milliyyəti olmur. Əgər istənilən bir şəxs cinayət törətməkdə şübhəli bilinirsə, onun bu cinayəti törətdiyi qanunauyğun şəkildə sübuta yetirilməlidir. Rusiya Federasiyasının da qoşulduğu bir çox beynəlxalq sənədlərdə təqsirsizlik prezumpsiyası öz əksini tapmışdır və bu sənədlər hər bir ölkənin qanunverciliyinin ayrılmaz hissəsidir.

Təəssüf hissi ilə qeyd edirik ki, Orxan Zeynalova münasibətdə təqsirsizlik prezumpsiyasının tələbləri pozulmuş, məişət zəminində baş vermiş bir cinayət hadisəsietnik kontekstdə ictimailəşdirilərək, cəmiyyətə təqdim olunmuşdur. Dövlət Komitəsi bu cür yanaşmanın Rusiya ilə Azərbaycan arasında inkişaf etməkdə olan strateji tərəfdaşlıq münasibətlərinin, habelə xalqlarımızın çoxəsrlik dostluq əlaqələrinin ruhuna zidd olduğunu bir daha diqqətə çatdırır.

Dövlət Komitəsi Rusiyada yaşayan bütün soydaşlarımızı yaranmış situasiyada ehtiyatlı və təmkinli davranmağa, ayrı-ayrı şəxslərin və qrupların mümkün təhriklərindən uzaq durmağa, təxribatlara uymamağa dəvət edir. Dövlət Komitəsi, eyni zamanda, Rusiya ərazisində daimi və ya müvəqqəti yaşayan bütün soydaşlarımızı Rusiya Federasiyası qanunvericiliyinin tələblərinə əməl etməyə, öz fəaliyyətlərini qanunauyğun şəkildə qurmağa çağırır.

Soydaşlarımızın və ictimaiyyətin nəzərinə çatdırılır ki, Dövlət Komitəsində Rusiyada yaşayan soydaşlarımız arasında hüquqi maarifləndirmə işini gücləndirmək, müvafiq profilaktik tədbirlər görmək məqsədilə İşçi qrup yaradılıb. Rusiya Federasiyasına ezam olunmuş İşçi qrupa azərbaycanlıların kompakt yaşadığı regionlarda diaspor nümayəndələri ilə görüşlər keçirəcək, yarana biləcək mümkün problemli situasiyalarla bağlı Azərbaycan Respublikasının digər müvafiq dövlət orqanları ilə məsəhətləşmələr əsasında zəruri tədbirlər görüləcək.

Ümumrusiya Azərbaycan Konqresinin mərkəzi ofisində isə yarana biləcək situasiyalarda soydaşlarımıza hüquqi yardım göstərmək məqsədilə təcrübəli hüquqşünaslardan ibarət operativ qərargah yaradılmışdır. Qərargahda qaynar xətt fəaliyyət göstərir (+7 4953637594). Rusiyada yaşayan bütün azərbaycanlılar qarşılaşdıqları problemlərlə bağlı qaynar xətt vasitəsilə (24 saatərzində) Ümumrusiya Azərbaycan Konqresindəki qərargahdan zəruri hüquqi yardım və məsləhətlər üçün müraciət edə bilərlər.

Dövlət Komitəsi məsələni diqqətdə saxlayır və zərurət yarandığı təqdirdə ictimaiyyətə əlavə məlumat veriləcək.


Teqlər:  





Xəbər lenti