Ordumuzun ərzaq anbarından XÜSUSİ REPORTAJ+FOTOLAR

Ordumuzun ərzaq anbarından XÜSUSİ REPORTAJ+FOTOLAR
  19 İyul 2018    Oxunub:23455
Bu gün Azərbaycan Ordusunun silah-sursat və digər məsələlərlə təminatı yüksək səviyyədədir. Azərbaycanın Cənubi Qafqazda ən güclü orduya malik olması bunun bariz nümunəsidir. Bütün bunlarla yanaşı ərzaq təminatı da Ordumuzda əsas yer tutur.
AzVision.az-ın əməkdaşları hərbçilərimizin hansı qidalarla təmin olunduğunu əyani şəkildə görmək üçün Azərbaycan Ordusunun Mərkəzi Ərzaq Anbarında olub.

Maddi-Texniki Təminat Baş İdarəsi Arxa Cəbhə İdarəsinin Ərzaq xidməti rəisi, polkovnik-leytenant Eldəniz Yəhyayev bildirib ki, anbara gətirilən bütün ərzaq məhsulları ilk olaraq labaratoriyada yoxlanışdan keçirilir. Həmin müddətdə məhsul saxlama məntəqələrində olur. Labaratoriyanın müsbət rəyi alındıqdan sonra isə məhsullar anbarlara yerləşdirilir.



Azərbaycan Ordusunun bütün ərzaq təminatı bu anbardan çatdırılır. Buradakı məhsulların 85 faizi yerli istehsaldır. Həmçinin bir neçə ölkədən – Türkiyə, Pakistan, Rusiya, İslandiya, Ukraynadan da bəzi ərzaq məhsulları alınır.



Bütün məhsullar növünə uyğun olaraq soyuducularla təmin olunmuş anbarlarda normaya uyğun olaraq saxlanılır.

Ərzaq xidməti rəisi bildirib ki, Ordumuzun ərzaq təminatında Müdafiə Nazirliyinin Ərzaq xidmətinin tabeçiliyində olan Hərbi kənd təsərrüfatı müəssisələri də xüsusi yer tutur. E.Yəhyayevin sözlərinə görə, bir neçə belə müəssisə hazırda fəaliyyətdədir:

“Orada mövsümi tərəvəzlər (xiyar, pomidor, badımcan, bibər) yetişdirilir. Həmçinin mövsümi meyvələr və giləmeyvələr (qarpız,yemiş) də yetişdirilir. Şəraiti olan yerlərdə kiçikbuynuzlu heyvanlar da saxlanılır. Onların verdikləri ərzaqların pulu hərbi hissənin balansına köçürülür və o vəsaitdən yardımçı təsərrüfatın inkişafı üçün istifadə olunur. Ordunun bütün istiqamətlərində bu yardımçı təsərrüfatlar yaradılıb və Müdafiə nazirinin göstərişi ilə inkişaf edir. Yaradılanda ilkin olaraq maliyyə dəstəyi göstərilir və bundan sonra təsərrüfat özü-özünü saxlamağı təmin edir. İstəyir hərbi təsərrüfatlar, istərsə də yardımçı təsərrüfat, digər mənbələrdən alınan ərzaqlardan 20 faiz aşağı qiymətə satır. Bu, iqtisadi cəhətdən də səmərəlidir”.



Ərzaq xidməti rəisinin sözlərinə görə, xeyli müddətdir ki, hərbi hissələrdə milli yeməklər əsgərlərin qida rasionuna daxil edilib. Yemək menyuları tərtib olunarkən şəxsi heyətin fikirləri nəzərə alınmaqla qarışıq dolma (badımcan, pomidor, bibər), küftə, parça-bozbaş, düşbərə, səbzi plov və turşu qovurma plovları kimi milli yeməklərin bişirilməsinə üstünlük verilir.



Həmçinin diqqətə çatdırılıb ki, Azərbaycan Ordusunda şəxsi heyətin ərzaqla təminatı normalarının hər birinin ayrı-ayrılıqda özünəməxsus özəllikləri var. Azərbaycan Ordusunda və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrin ümumqoşun ərzaq payı normasının tətbiq olunması zamanı qida rasionunun enerji dəyərinin artırılması məqsədilə ərzaq növlərindən ət 200 qramdan 250 qrama, təbii meyvə şirəsi 50 qramdan 100 qrama, toyuq yumurtası həftədə 4 ədəddən 7 ədədə qədər artırılıb və cem, sarıkök, zəfəran, qurudulmuş göyərti, müxtəlif souslar, vitamin “heksavit” ərzaq normasına əlavə olunaraq ümumi enerji dəyəri 3700 kkal-dən 4000 kkal-yə qədər çatdırılıb. Eyni zamanda ümumqoşun ərzaq payı normasında əlavə ərzaq payının verilməsi və digər təminat növləri nəzərdə tutulub.

























































Anar Kəlbiyev
Foto:Elvin Abdulla

AzVision.az


Teqlər: Ordu   Təminat   Ərzaq  





Xəbər lenti