Yay Olimpiya Festivalına hazırlıq müzakirə olunub

Yay Olimpiya Festivalına hazırlıq müzakirə olunub
  10 İyul 2018    Oxunub:1514
Bu gün Gənclər və idman nazirliyində 2019-cu ilin iyul ayında Bakı şəhərində keçiriləcək 15- ci Avropa Gənclər Yay Olimpiya Festivalına hazırlıq işləri ilə bağlı Əlaqələndirmə Komissiyasının toplantısı keçirilib.
Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə,
toplantıda Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov, Milli Olimpiya Komitəsinin vitse prezidenti Çingiz Hüseynzadə, təşkilat komitəsinin üzvləri, eyni zamanda, yarışa hazırlıq işləri ilə daha yaxından tanış olmaq üçün Bakıda səfərdə olan Avropa Olimpiya Komitəsi Əlaqələndirmə Komissiyasının rəhbəri, Serbiya Milli Olimpiya Komitəsinin baş katibi Corce Vişatski, Əlaqələndirmə Komissyasının üzvü, İslandiya Milli Olimpiya Komitəsinin baş katibi xanım Liney Rut Xalldorsdottir və Əlaqələndirmə Komissyasının üzvü, Bosniya və Hersoqovina Milli Olimpiya Komitəsinin baş katibi Said Fazlaqiç iştirak ediblər.

Toplantı zamanı 2019 Gənclər Yay Olimpiya Festivalına hazırlıqla bağlı Təşkilat Komitəsinin gördüyü işlər, idman yarışlarının cədvəli, atletlər kəndindəki durum, MOK-lar arası əlaqələrin qurulması, könüllülərin yarış proqramı və digər, mühüm əhəmiyyət kəsb edən məsələlər müzakirə edilib.

Məlumat üçün bildirək ki, Bakıda olduqları müddətdə Avropa Olimpiya Komitəsinin rəsmiləri Milli Gimnastika Arenası, Bakı Su İdmanı Sarayı, Əl oyunları Sarayı, Atletlər kəndi və bir sıra idman qurğularında da olacaqlar.

Avropa Gənclər Olimpiya Festivalı 20-28 iyul 2019-cu il tarixdə Bakı şəhərində baş tutacaq. Yarışın açılış mərasimi 21 iyul tarixdə gerçəkləşəcək. Ümumilikdə 50 Avropa ölkəsindən 3600-dən çox idmançı və texniki nümayəndə heyəti yarışa qatılmaq üçün ölkəmizə təşrif buyuracaqlar. 10 idman növü üzrə (bədii gimnastika, atletika, basketbol, velosiped, həndbol, cüdo, üzgüçülük, tennis, voleybol, güləş) keçiriləcək yarışlara ümumilikdə 2500-dən çox könüllü cəlb olunacaq.

AzVision.az


Teqlər:





Xəbər lenti