İlham Əliyev müsəlman dünyasına nümunə göstərildi

İlham Əliyev müsəlman dünyasına nümunə göstərildi
  16 Oktyabr 2013    Oxunub:1027

ABŞ-ın nüfuzlu "The Hill" qəzeti Birləşmiş Ştatların "Caspian Group Holdings"in baş direktoru Rob Sübhaninin "Azərbaycan: tolerant, demokratik müsəlman dövləti" adlı məqaləsini dərc edib.

AzVision.az Trend-ə istinadən xəbər verir ki, məqalədə son illərdə Azərbaycanda əldə edilən uğurlardan və İlham Əliyevin yenidən Prezident seçilməsinin səbəblərindən bəhs edilir: "İlham Əliyev 2003-cü ildə Prezident vəzifəsinin icrasına başladıqdan etibarən Azərbaycanda ÜDM-in real artımı orta hesabla 9 faiz təşkil edib ki, bu da davamlı iqtisadi artıma və yeni iş yerlərinin açılmasına gətirib çıxarıb. Adambaşına düşən ÜDM 1990-cı ildəki 4 min dollardan hazırda 10 500 dollara çatıb".

Müəllifin sözlərinə görə, İlham Əliyev uzaqgörənlik nümayiş etdirərək Azərbaycanın gələcək nəsillərini borclarla yükləməmək üçün Azərbaycanın borcunun ÜDM-ə nisbətdə 12 faiz səviyyəsində qeydə alınmasına təkid edib: "Müqayisə üçün, ABŞ-da borcun ÜDM-ə nisbəti 87 faiz təşkil edir. İlham Əliyevin rəhbərliyi nəticəsində Azərbaycanın şəffaf Dövlət Neft Fondunda 34 milyard dollar toplanıb. İlham Əliyev ümumilikdə ölkə iqtisadiyyatını sabitləşdirib və onun mərkəzləşdirilmiş planlı sistemdən azad bazar sisteminə keçidini təmin edib".

R.Sübhaninin sözlərinə görə, İlham Əliyev Azərbaycan cəmiyyətinin təməli sayılan ənənəvi dini dözümlülüyü qoruyub ki, bu da Azərbaycan və bütün region üçün mühümdir: "Bu müsəlman ölkəsində yəhudilər, xristianlar, bəhailər və digər dini qruplar təkcə hökumətin deyil, həm də dözümlülük mədəniyyətinin mühafizəsi altında yaşayırlar".

Məsələn, bəhai inancının davamçıları İranda təqib edildiyi halda, Azərbaycanda onlar öz inanclarına açıq şəkildə etiqad etmək hüququna malikdirlər. 2011-ci ildə isə Bakıda ən böyük sinaqoq tikildi, onun açılış mərasimində İsrailin baş ravvini iştirak etdi. Sinaqoqun tikintisini dövlət maliyyələşdirmişdi.

Onun sözlərinə görə, azərbaycanlılar ona görə İlham Əliyevə səs verdilər ki, o, müsəlman dövlətinin dinin ehkam olmadığı dünyəvi ölkə ola biləcəyini nümayiş etdirdi.

R.Sübhaninin fikrincə, bundan başqa, azərbaycanlılar ona görə İlham Əliyevə səs verdilər ki, o, beynəlxalq arenada Vaşinqton və digər əsas oyunçularla yaxşı əlaqaləri saxlayır: "Vaşinqton və Bakının ümumi xarici siyasi məqsədlərindən biri Xəzər dənizi hövzəsinin enerji resurslarının Avropaya və onun hüdudlarından kənara fasiləsiz nəqlini təmin etməkdir".

R.Sübhaninin sözlərinə görə, hazırda Azərbaycan artıq enerji daşıyıcılarının beynəlxalq bazarlara ixracı üzrə müstəsna qovşağa çevrilməsindən dividendlər əldə edir: "ABŞ Konqresinin yüksəkvəzifəli nümayəndələrinin Bakıya səfəri Avropaya qaz tədarükçüsü olan Rusiyaya alternativ kimi Azərbaycanın artan əhəmiyyətini möhkəmləndirə bilərdi".

"Caspian Group Holdings"in baş direktoru qeyd edib ki, azərbaycanlıların İlham Əliyevə səs vermələrinin mühim səbəblərindən biri də İlham Əliyevin öz gənc ölkəsinin müstəqilliyini qorumasıdır: "İlham Əliyev və onun xanımı Mehriban Əliyeva Azərbaycan mədəniyyəti, musiqisi, tarixi və irsini beynəlxalq tədbirlər keçirməklə irəliyə aparır".

R.Sübhani xatırladıb ki, ötən il Azərbaycan orbitə peyk buraxıb, Azərbaycan əsgərləri isə Əfqanıstan və İraqda xidmət edirlər.

O vurğulayıb ki, İlham Əliyevin üçüncü prezidentliyi dövründə üzərində işləməyi planlaşdırdığı iki əsas problem korrupsiya və Dağlıq Qarabağ münaqişəsidir: "İlham Əliyevin yenidən Prezident seçilməsi zəmanət verir ki, Azərbaycan Xəzər dənizi hövzəsindən neft və qazın Qərb bazarlarına ixracı üzrə etibarlı tərəfdaş olaraq qalacaq. Azərbaycan Prezidentinin fəaliyyəti isə müsəlman və ərəb dünyası üçün nümunə oldu".


Teqlər:  





Xəbər lenti